Sizin link burada

Yeni mərhələ: müharibə başlaya bilərmi?

 

 

 

ABŞ-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşdü. Əsas nəticə iki ölkə prezidentinin görüşünün keçirilməsinə razılığın rəsmiləşməsi oldu. Görüşdən sonra Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanatdan da aydın görünür ki, maraqlı olan tərəflərin hamısı prezidentlərin görüşünün keçirilməsini vacib hesab edir.

 

Nazirlərin görüşü və nəzərdə tutulan yüksək səviyyəli görüşün kimə və niyə lazım olduğunu aydınlaşdırmaq üçün əvvəlcə yaranmış situasiyaya nəzər salaq.

 

Azərbaycan prezidenti ABŞ-a yollanmazdan əvvəl ordu birləşmələri təlim meydanına yollandı. İrimiqyaslı hərbi təlimlərə start verildi. Necə deyərlər, Azərbaycandan növbəti əzələ nümayişi. Bundan əvvəl isə rəsmi Bakıya Azərbaycanda insan hüquqları və korrupsiya halları ilə bağlı iradların fonunda Ermənistan xarici işlər naziri 5 rayonun qaytarılmasına dair mücərrəd bəyanat vermişdi. Təəssüf ki, bu mücərrəd və müəmmalı bəyanat Azərbaycan cəmiyyətində müəyyən rezonans doğura bildi. Hətta müzakirə də olundu.

 

Göründüyü kimi, situasiya kifayət qədər mürəkkəbdir. Rəsmi Bakı hər vəchlə satus-kvonu dəyişmək istəyir, amma qarşı tərəf və maraqlı olan vasitəçilər buna can atmır. Belə bir situasiya illərdir ki, davam edir. Ancaq indi beynəlxalq münasibətlər sistemində yaşananlar Azərbaycan-Ermənistan münaqişəsinə təsir edə bilər.

 

Sözsüz ki, Azərbaycan aprel döyüşləri ssenarisinin yenidən və daha mükəmməl formada gündəmə gətirmək istəyini hər an ortaya qoyur. Prezident Əliyevin ABŞ-a səfəri ilə eyni vaxtda qoşunları təlim meydanına çıxarmasını bunun təzahürü hesab etmək olar.

Amma məsələnin başqa tərəfi və maraqlı məqamları var.

 

Minsk Qrupunda bu günə qədər birgə hərəkət edən ABŞ və Rusiyanın fərqli maraqlarının yarandığı sabiq həmsədr Hoqlandın səsləndirdiyi təkliflərlə Lavrov planı arasında olan fərqlərdən sezilir. Ermənistan xarici işlər naziri Nalbandyanın müəmmalı bəyanatından aydın olur ki, qarşı tərəf Rusiya planını dəstəkləyir. Əslində buna məcburdur.

 

Rusiya və ABŞ arasında yaranan fikir ayrılığı nizamlanma prosesinin uzanması deməkdir. Amma hamı anlayır ki, uzanma Azərbaycanın maraqlarının tapdanmasıdır. Və Azərbaycan buna dözməyə bilər. Məhz rəsmi Bakıya son təzyiqlər də bunun qarşısını almağa yönəlib.

 

Sözsüz ki, bu təzyiqlərin də effektini itirə biləcəyi bir ssenari ortaya çıxa bilər. “Aprel ssenarisi”.

 

ABŞ-ın bir əsrə qədər yaşı olan beyin mərkəzlərindən birinin - Beynəlxalq Əlaqələr Şurasının  saytında dərc olunmuş məqalədə amerikalı sabiq həmsədr, Kentuki universitetinin professoru  Kerri Kavano Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu ilə bağlı fikirlərini paylaşıb. Məqalənin həm-müəlliflərindən biri də sözügedən beyin mərkəzinin Konfliktlərin qarşısının alınması mərkəzinin baş mütəxəssisi Pol Staresdir.

 

“Dağlıq Qarabağ ətrafında qış böhranı” məqaləsində Kerri Kavano və Pol Stares nazirlərin görüşündə prezidentlərin görüşü ilə bağlı razılığın əldə olunmasını müsbət qiymətləndirirlər və hesab edirlər ki, yüksək səviyyəli görüş bölgədə yeni aktiv döyüş əməliyyatlarının keçirilməyəcəyinin təminatı ola bilər. Əlbəttə, bu təminat qısa müddətlidir. Prezidentlərin müəyyən razılığa gəlməsi mühümdür.

 

Qarabağ münaqişəsinin həlli üçün ən real şans yarandığı vaxtlarda (Ki Uest danışıqları) həmsədr kimi fəaliyyət göstərmiş Kerri Kavano həmmüəllif olduğu məqalədə narahatlığını da ifadə edib. Onun  fikrinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv döyüş əməliyyatlarının başlaması ABŞ-ın Rusiya, Türkiyə və İranla digər münaqişəli bölgələrlə bağlı gərgin olan münasibətlərini bir az da gərginləşdirə bilər.
Deməli situasiya dəyişib. Fərqli maraqlar yaranıb. Lavrov planı ilə Hoqlandın səsləndirdiyi təkliflər arasındakı fərqlər, Kerri Kavanonun narahatlığı maraqlı tərəflərin fərqli maraqların yarandığının təzahürüdür.

 

Qarabağda müharibə alovu bu məsələdə müttəfiq kimi davranan tərəfləri üz-üzə qoya bilər.

 

Kerri Kavano və Pol Stares bu təhlükəli durum barədə xəbərdarlıq etməzdən əvvəl  öz məqalələrində Azərbaycan Silahlı Qüvvələrinin təlimdə iştirak edəcək arsenalını sadalayır və bununla da müvafiq çevrələrə bölgədə xeyli sayda silah-sursatın cəmləşdiyi mesajını verib.
 

Əlbəttə, yaranmış situasiya təhlükəlidir. Cənubi Qafqaz poliqona çevrilə bilər. Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağla yanaşı bölgədə Rusiyanın təsir dairəsinə qaytarmaq istədiyi Gürcüstanın münaqişəli bölgələri də var.

 

Amma iki güc mərkəzinin – ABŞ və Rusiyanın qarşıdurması əlavə imkanlar da aça bilər. Britaniyanın sabiq baş naziri Uinston Çörçilin dediyi kimi: “hər bir böhran yeni imkanlar yaradır”...

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>