Sizin link burada

Türk deputatlar Sarkisyana cavab verdilər - SORĞU

Türkiyə Böyük Millət Məclisinin üzvləri Ermənistan prezidenti Serj Sarkisyanın BMT-dəki çıxışına cavab veriblər. Xatırladaq ki, S. Sarkisyan Türkiyə ilə imzalanmış Sürix protokollarını 2018-ci ilin baharına qədər ləğv edə biləcəklərini bəyan edib.   
 
Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili, TBMM Milli müdafiə komissiyasının üzvü Suat Önal APA-ya bildirib ki, Sürix protokollarını Ermənistan özü “öldürərək” gündəmdən çıxarıb: “Sarkisyan bunu BMT-də gündəmə gətirməklə  Ermənistanın işğalçı siyasətini ört-basdır etməyə çalışır. Sürix protokollarının həyata keçirilməsiniN Azərbaycan torpaqlarının işğaldan azad edilməsi şərtinə bağlanmasından təbii nə ola bilər ki? Türkiyənin bu şərtini yaxşı bilən Sarkisyan öz ölkəsinin işğalçılığını etiraf edir. Təxminən 8 il əvvəl gündəmdən düşmüş bir məsələni Sarkisyanın BMT-də gündəmə gətirməsi onun və ölkəsinin çarəsizliyini göstərir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz tərk etmədiyi və Türkiyəyə qarşı iddialarından vaz keçmədiyi təqdirdə, mövcud durumda dəyişiklik olmayacaq və son nəticədə itirən də  onlar özləri olacaqlar”.
 
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, Ardahan millət vəkili, sabiq səfir Öztürk Yılmaz isə xatırladıb ki, Sürix  protokolları Türkiyədə cəmiyyətin sərt reaksiyasına səbəb olsa da, hökumət prosesi davam etdirmək istəmişdi: “Ancaq Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu ildə ölkənin Müstəqillik Bəyannaməsinə zidd olduğunu səbəb göstərərək, protokolların həyata keçirilməsinin qeyri-mümkünlüyü barədə qərar qəbul edərək bu sənədləri “şikəst” edib. Bunu dünya-aləm bildiyi halda, Sarkisyanın yenidən gündəmə gətirməsinin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmamasını pərdələməkdir. Əslində Sürix protokollarını gündəmə gətirəndə BMT Sarkisyanın çıxışına son qoymalıydı, çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmasına dair BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Sarkisyan bunu yerinə yetirməyərək, Sürix protokollarından danışır. Bunu suçluluq psixologiyasının verdiyi təlaş kimi qiymətləndirirəm”.
 
Müstəqil Kayseri millət vəkili, tarixçi alim Yusuf Halaçoğlu qeyd edib ki, işğalçı bir ölkə ilə protokol imzalanmasının ciddi səhv olduğunu o vaxt dəfələrlə deyib: “Birincisi, protokolun həyata keçirilməsini Ermənistan Konstitusiya Məhkəməsi dayandırdı. İkincisi isə, protokol həyata keçsəydi, ac-səfil vəziyyətdə olan Ermənistan əhalisinin hamısı Türkiyəyə axın edib burada bizim ayaqlarımız altında qalacaqdı. Görünür, Sarkisyan bunun nostalgiyasını yaşadığı üçün BMT-də yenidən Sürix protokollarını xatırladıb. Onun yeganə məqsədi və bunun üçün oynadığı bütün oyunlar işğal altındakı Azərbaycan torpaqlarını və Xocalı soyqırımını unutdurmaqdır. Ancaq əmin olsun ki, oynadığı bütün oyunların nəticəsi onun özünə və ölkəsinə qarşı olacaq. Özü tikdiyi çuvallarda özü boğulacaq”.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>