Sizin link burada

Kiçik və orta sahibkarlığın inkişafı üçün növbət addım...

 

Dövlət başçısının ölkədə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında sentyabrın 15-i tarixdə imzaladığı Fərman banklar tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə nail  olmaq baxımından, mühüm sənəddir.

Fərmanda da yazılıb ki, ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunu yüksəltmək üçün mövcud istehsal və xidmət sahələri yeniləşdirilməli, genişləndirilməli və səmərəliliyi artırılmalıdır. Bu məqsədlə isə kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş şəkildə əhatə olunması təmin edilməlidir. Xüsusən də investisiya layihələrində risklərin bərabər bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və sahibkarların maliyyə resurslarına çıxışını yaxşılaşdırmaq lazım gəldiyinə görə...

Sözüm bunda deyil.  

 

Bankların real sektoru maliyyələşdirməkdə maraqlı olmamaları bugünün problemi deyil. Deyək ki, hazırda bank sektoru böhranlı vəziyyətdədir. Bəs, bu, əvvəl niyə baş vermirdi? Xatırladım ki, dövlət başçımız müxtəlif müşavirələrdə dəfələrlə kommersiya banklarını iqtisadiyyatın real sektorunu maliyyələşdirməyə çağırıb. Bütün bunlar hələ neftin qiyməti yaxşı olan vaxtlar idi. Ancaq o zaman da banklarımız real sektoru maliyyələşdirməkdə deyil, istehlak kreditlərinin verilməsində maraqlı idi.

 

Fəaliyyət dairəsi sırf istehlak kreditləşdirilməsi üzərində qurulan bankların isə gələcəyi ola bilməzdi. Odur ki, neftin qiyməti düşən kimi bankların hansı vəziyyətdə olduqları üzə çıxdı.

Bankların real sektoru maliyyələşdirməkdən çəkinmələri bir sıra səbəblərlə əlaqədardı. Birincisi, bizdə real sektorda risk yüksək səviyyəsi həmişə yüksək olub. Verilən vəsaitlərin geriqayıdışı sual altında olub və indi də elədir. Problemli kreditlərin həcminin 2 milyard manata yaxınlaşması boş yerdən baş verməyib.

 

İkincisi, bizdə bank sektorunun iqtisadiyyatın hərəkətverici qüvvəsi və sahələri ilə qarşılıqlı əlaqəsi hələ də təşəkkül tapa bilməyib. Sağlam və normal bank bilavasitə bu və ya digər istehsal, tikinti sahələriylə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Üçüncüsü isə, banklarımızın maliyyə vəziyyəti, likvidlik səviyyəsi uzunmüddətli kreditləşdirməyə imkan vermir. Nə o vaxt, nə bu vaxt...

 

Ona görə də faiz dərəcələri yüksək dərəcədədir. Bankları real sektoru maliyyələşdirməyə cəlb etməyin yolu iqtisadi fəallığın artmasından keçir ki, bunun üçün də sahibkarlıq fəaliyyəti üçün stimul yaradılmalı, möhkəm girov təminatı təmin olunmalı, uzunmüddətli kreditləşdirmə üçün müvafiq əlverişli şərtlər təşkil edilməlidir.

 

Məlumdur ki, ölkədə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) adlı qurum var və dövlətin sözügedən istiqamətdə maliyyə dəstəyini həyata keçirtməklə məşğuldur. Qeyd edim ki, kommersiya banklarımız tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi istənilən səviyyədə olsa idi, əslində, heç bu quruma da ehtiyac qalmazdı.

 

Odur ki, dövlət bu istiqamətdə daha çox çalışmalı və bankların iqtisadiyyatın bilavasitə istehsal sferalarını maliyyələşdirməsinə nail olmaq üçün ölkədə iqtisadi aktivliyin təşəkkül taparaq genişlənməsi məqsədilə konkret tədbirlər həyata keçirməlidir.

 

Bu mənada, bir daha qayıdıram yuxarıda adı çəkilən Fərmana ki, həmin sənədə əsasən yaradılacaq “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti də bu tədbirlərdən biri və ən vacibi kimi qiymətləndirilməlidir. Çünki bu qurum sahibkarların müvəkkil banklardan bilavasitə manatla aldıqları kreditlərə təminat verən və dövlət başçısının müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanan faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxs statusu daşıyacaq. Bu isə ölkədə xüsusən də, kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün irəliyə doğru atılacaq daha bir yol demək olacaq.

 

Yeri gəlmişkən, bu gün Azərbaycanda iqtisadiyyatının 80%-dən çox hissəsi özəl sektorun hesabına formalaşır. Bu, özlüyündə müsbət faktdır. Ancaq sahibkarlıq bizdə hansı formada inkişaf edib? Məsələ ondadır ki, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatda aparıcı rol oynayır. Lakin təəssüf ki, bizdə dövlətin gördüyü bütün işlərə rəğmən, kiçik və orta sahibkarlıq istənilən səviyyədə inkişaf etməyib.

Bu da bizim üçün ən böyük mənfi cəhətdir.

 

Kiçik və orta sahibkarlığın payı ümumi daxili məhsulda 50%-dən yuxarı təşkil etməlidir. 

 

Pərviz Heydərov

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>