Sizin link burada

Həmişə şeirinizdən uşaq səsi gəlsin

 

Mən həmişə ədəbiyyatda, xüsusən uşaq ədəbiyyatında  estetik gözəlliyi, müşahidə rəngarəngliyini , uşaq düşüncəsini  və  ifadə  təzəliyini başlıca meyar  hesab edirəm. Bu il   Azərbaycan  Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı Şöbəsi ilə “Ulduz” jurnalının  birgə  keçirdiyi  “Ən  yaxşı uşaq  şeiri” müsabiqəsində  bu meyar mənim üçün ən yaxşı  ölçü vahidi oldu. Sevindiricidir ki,  az müddət ərzində müsabiqəyə 40 müəllif  yeni şeirlərini göndərdi  və hətta xarici ölkələrdən də  yarışmaya  qatılanlar  oldu.  Bütün yaş mərhələlərinə aid olan müəlliflərin  şeirlərində   uşaq ədəbiyyatımız üçün xarekterik olan əbədi bir xroniki çatışmazlıq  özünü göstərdi. Müəlliflərin əksəriyyəti  elə hesab edirlər ki, (və başa düşürlər ki) cücəyə, tülküyə, dövşana, ayıya, arıya  və  uşaq adlarına şeir yazmaqla  uşaq əsərləri yaradırlar. Ona görə də  bəziləri  böyüklər üçün yazdıqları şeirləri uşaq şeiri kimi müsabiqəyə  təqdim etmişdilər.

 

Mənim üçün   uşaq şeirində uşaq düşüncə tərzi, ifadəli oxunuş, folklorla bağlılıq və bədiilik əsas  önəm daşıyır. Təssüflər olsun ki, dediklərimin əksi olan arqument müsabiqəyə təqdim olunan  əsərlərin əksəriyyətində total xarekter daşıyır.

 

Tanınmış  şair Rafiq Oday  böyüklər üçün çox maraqlı əsərlər yazır. Bu, öz yerində. İradım o deyil ki, böyüklər  üçün gözəl şeir yazanlar uşaqlar üçün yazmamalıdır. Əksinə, Əli Kərimin uşaq şeirləri  ədəbiyyatımızın parlaq səhifələrindəndir. İradım odur ki, Rafiq Odayın (dostumun) uşaq şeirləri elə bil yazılmayıb, düşünülmüş şəkildə qurulub. Ona görə ifadə kobudluğu kənardan aydın görünür. Məsələn:


Ərşada bax, Ərşada,

İstəyir ki, özünü

Dostlarının yanında

Atasına oxşada.

 

Bu uşaq şeiri deyil, böyüklər üçün də deyil, qafiyə sistemi düz olmayan, ifadə tərzi yaxşı səslənməyən  söz yığınıdır.  Unutmaq lazım deyil ki,  uşaq şeirində edilən səhvlər  sonradan dilimizdə öz ağır fəsadlarını göstərir. Fikir verin.

 

Bu buzov qaşqa buzov,

Bu buzova bənzəməz

İnanın başqa buzov.

Həndəvərə buraxmır

Öz doğma anasını. (Qaşqa buzov)

 

Yenə də ifadə və qafiyə səhvləri oxucunu gendən çağırır  və ən başlıcası  “Qaşqa” sözünü  buzova demirlər, ata deyirlər, alnında ağ olan buzovun adı “Təpəl”dir.

 

İmzasını ilk dəfə eşitdiyim Yusif Rzayev adlı bir müəllif müsabiqəyə 10 şeir təqdim edib. Bədii zəiflik  o tərəfə dursun,  şeirlərin heç biri  uşaq şeiri deyil.

 

Sərhəd boyunca dağlar,

Düzülüb qatar-qatar.

Bu dağların döşündə,

Vətənin keşiyində,

Sayıq dayanıb, durub,

Azərbaycan əsgəri.

 

Böyüklər üçün yazılmış  bu şeirlərin ideyasını alqışlayırıq, amma şeir kimi bu şeirlərin  nə uşaq ədəbiyyatına dəxli var, nə də böyük ədəbiyyatına.

Tanınmış şair Adilə Nəzərin böyüklər üçün maraqlı əsərlərini oxumuşam. Amma  onun müsabiqəyə təqdim etdiyi şeirlər uşaq ədəbiyyatına  aid deyil. Burda bir cəhət xususilə qeyd olunmalıdır. Müəllifləri çaşdıran əsas  səbəb bizim ibtidadi  sinif dərsliklərimizdir. Şairlərimiz təfəkkürlərini (zövqlərini) sanki həmin dərsliklərə uyğunlaşdırıb şeir  yazırlar. Mən  şeirdə vətənpərvərlik   hisslərini yüksək dəyərləndirirəm. Amma o şeir, o hiss bədii cəhətdən  güclü deyilsə, şübhəsiz, o şeiri ədəbi mətn hesab etmirəm. Fikir verin, Adilə Nəzər deyir ki, “sülh, ad, həyat  anlamında, bayrağım  üç rənglidir. Burda hansı bədii həqiqət var, bilmirəm? “Anlamında” sözü şeir  sözü deyil və bu bənddə  heç yerinə  düşməyib. Bu şeirlər uşaqlar üçün müəyyən bilgi verə bilər, amma  ədəbi nümunə deyil.

 

Odlar yurdu torpağına,

Hər daşına, hər dağına,

Əzəmətli bayrağına

Vurğunam, Azərbaycan

 

İsmayıl İmanzadə Mingəçevirdə yaşayır. Maraqlı uşaq şairidir. Böyüklər üçün də yuxa şeirlər yazır. Yenə də deyirəm,  hansı mövzuda olursa-olsun, şeirin başlıca meyarı bədiilikdir. Burda da  şairin vətən, torpaq duyğuları mühüm yer tutur. Amma bu həqiqət  uşaq dilində deyil.

 

Ana yurdun sevimli,

Nazlı balası Şuşa.

Ərənlərin qibləsi,

Qeyrət qalası Şuşa.

 

Tanınmış şair Əbülfəz Ülvinin müsabiqəyə təqdim etdiyi şeirlərdə uşaq düşüncə tərzinə üyğun  maraqlı lövhələr var, amma say nöqteyi nəzərdən  qoyulan şərtləri ödəmədi.  Aşağıdakı şeir diqqətimi çəkdi.

 

Bir gün ata Geyhuna,

Oyuncaq gəmi aldı.

O, şad olsa da buna,

Nəsə fikirə daldı.

 

Dedi: harda sürək bəs,

Heç yada salmamısan.

Gəmi alanda dəniz,

Bəs niyə almamısan? (Oyuncaq gəmi)

 

Şairin başqa bir şeirini nəzər salanda adam inana bilmir ki, yuxarıdakı şeiri yazan  adam bu şeiri də yaza bilər.

 

Mənə bilik öyrədir,

Əziz, doğma müəllim.

O biliklə tapıram,

Bir çox müşkülün həllin (Müəllim)

 

Yenə ritorika, didaktika şeiri total şəkildə bürüyüb.  “Bir çox müşkülün həllin”  misrası uşaqların ağzını əyir.

 

Sevindiricidir ki, böyüklər üçün maraqlı əsərlər yazan  gözəl şairimiz Ay Bəniz Əliyar uşaq şeirləri ilə müsabiqəyə qatılıb. Mənə elə gəlir ki, Ay Bəniz  xanım bu şeirləri ürəklə  yazmayıb, tələsik maketini qurub. Göndərdiyi şeirlərin əksəriyyətinin  böyüklər üçün olduğunu yaddan çıxarıb.

 

Ana durmuşdu yenə
oğlunun qəbri üstə.
Hamı gəlib keçirdi
yanından dəstə-dəstə.

Eyni fikirləri Elşad Baratın  uşaq şeirləri haqqında da demək olar. Elə bil, yüz ildir uşaq şeiri belə yazılır. Uşaq tezdən durur, əl üzünü yuyur, dərslərini oxuyur. Bu şeirin bir şeyi kəmdi: ev işlərində anasına kömək etmək, həyətdə babası ilə gül kollarına qulluq etmək və sair.

Səhər açılan kimi,

Fərid durdu ayağa.

Əl-üzünü tez yudu,

Başladı oxumağa.

 

Müəllim tapşırdığı,

Dərslərini çalışdı.

Şeirini əzbərləyib,

Anasına danışdı. (Fərid)

 

Sözümün əvvəlinə qayıdıram. Uşaq şeiri yazmaq çətindir. Gərək uşaq  kimi təmiz  olasan və  uşaq şeirini uşaq yerinə qoymayasan. Klassik uşaq şeirimizdən, uşaq folklorumuzdan bəhrələnəsən. Uşaq şeirini saxta, yalançı vətənpərvər uşaq obrazlarından təmizləyəsən. Ən başlıcası, uşaq şeirinin içində uşaq yoxdursa, daha o şeir nəyə və kimə  lazımdır? Elə şeirlər yazın ki, ordan uşaq nəfəsi gəlsin, uşaq səsi eşidilsin. 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>