Sizin link burada

Azərbaycan parlamentində erməni deputat – AKTUAL ŞƏRH

 

Qarabağ kələfi gün-gündən daha çox dolaşıq düşür. İp yumağının nə olduğunu, nə üçün olduğunu bilməyən və ondan istifadəni bacarmayan pişiyin ipi dolaşdırmasını görmüsüz, yəqin. Bəziləri Qarabağ münaqişəsindən danışanda yumağı dolaşdıran pişiyə bənzəyir... Pişik və yumağı qoyaq qırağa, qayıdaq Qarabağa...

 

Son həftələr əsas müzakirə mövzusu Rusiyanın baş diplomatı Sergey Lavrovun və həmsədr ölkəni Minsk Qrupunda təmsil etmiş Riçard Hoqlandın bəyan etdiyi təkliflər paketidir. Hər iki təkliflərdə Dağlıq Qarabağ ətrafındakı erməni silahlı birləşmələrinin nəzarətində olan ərazilərin qaytarılması birinci şərt kimi təqdim olunur. Rusiya planında konkret olaraq 5 rayonun, ABŞ planında isə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların qaytarılmasından söhbət gedir.

 

Bəzi ekspertlər ABŞ planını daha məqbul hesab edir. Onların qənaətinə görə, ABŞ Kəlbəcər və hətta Laçının da azad olunmasını təklif edir.

 

Rusiya planında isə ancaq 5 rayon.

 

Daha sonra qaçqınların geri qayıtması və Madrid prinsiplərində nəzərdə tutulan digər müddəalar...

 

Hər iki planda mərhələlilik prinsipi Azərbaycanın maraqlarına cavab verir. Amma bu mərhələlilik prinsipinin özündə də bir sıra cavabı çox mücərrəd olan suallar var.

Ən ciddi iki sual isə iki xalqın yanaşı yaşaması və sülhə təminatçı olacaq silahlı qüvvələr barədədir.

 

Birinci sual: Azərbaycan və erməni xalqı birgə deyil, heç olmasa, yanaşı yaşamağa hazırdımı?

 

Son illərin müşahidələri deməyə əsas verir ki, bu sual ətrafında nə Azərbaycanda, nə də Ermənistanda heç bir ciddi araşdırma aparılmır.
 

Ermənistandan fərqli olaraq, Azərbaycanda Sülh platforması adı ilə start götürən proses müəyyən nəticələr çıxarmağa əsas verir. Doğrudur, Sülh platformasının müəyyən çatışmazlıqları danılmazdır. Amma prosesin özü maraqlıdır.

 

2011-2014-cü illərdə aparılan araşdırmalarda (sorğu, müsahibə və monitorinqlər) maraqlı nəticələr əldə etmişəm. Həssas təbəqələrdə aparılan araşdırmalarda Azərbaycanda iki xalqın yanaşı yaşamasına az da olsa inamın olduğu müşahidə edilir. Müəyyən bir təbəqə isə inzibati metodlarla yanaşı yaşamanın mümkünlüyünə inamını ifadə edir. Amma böyük əksəriyyət birgə yaşayışın mümkünlüyünü nəinki şübhə altına alır, ümumiyyətlə, buna qarşı çıxır.

 

Sosial şəbəkələrdə əsas fəal kütlənin Ermənistanın harasındasa hərbi maşının aşmasını “ura” ilə təqdim etməyi vətənpərvərlik hesab edənlər kifayət qədər çoxdur. Məhz bunun nəticəsidir ki, bu tipli informasiyalar təkcə sosial mediada yox, həm də rəsmi qeydiyyatdan keçmiş media orqanlarında özünə yer tapır.

 

Amma heç kim cəmiyyətə belə bir sual ünvanlamır: Azərbaycan Milli Məclisində erməni deputat və ya deputatların olmasına razısanmı?

 

Axı bir cəmiyyət olaraq dərk etməliyik ki, münaqişənin həll olunması dedikdə bu reallığı da nəzərə almalıyıq. Azərbaycan parlamentində ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərinin yer alması təəccüb doğurmamalıdır.

 

İstər Rusiya, istərsə də ABŞ planının reallaşması son nəticədə bu reallığı ortaya qoyacaq.

Amma biz bu reallığa hazırıqmı?
 

Əlbəttə, bu yöndə suallar qoyulanda münaqişənin hər iki tərəfinə ünvanlanmalıdır. Sözsüz ki, erməni cəmiyyətində bu tip araşdırmaların aparılması çətindir. Amma müəyyən müşahidələr, müsahibələr və monitorinqlər göstərir ki, erməni cəmiyyətində də situasiya oxşardır. Və hətta bir qədər də ümidsizdir.
 

Ermənistan mediasında aparılan monitorinqlərin nəticələri bəzi ehtimallara əsas verir. Əgər 2000-2010-cu illərdə erməni mediasının əsas düşmən obrazı Türkiyə, daha sonra Azərbaycan idisə, 2010-cu ildən sonra bu situasiya dəyişib. İndi əsas düşmən obrazı Azərbaycandır, Türkiyə isə ikincidir. Ermənistanda müəyyən qədər yanaşı yaşamaq istəyini ifadə edənlər var. Dağlıq Qarabağda isə bu istəkdə olanlar çox-çox azdır. Bunun da iki əsas səbəbi var: Birincisi – Dağlıq Qarabağda yaşayan ermənilər daha çox basqı altındadır; İkincisi – Azərbaycanın hərbi ritorikası Qarabağ ermənilərində kifayət qədər xof yaradır.

 

2014-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupun müzakirələrində verdiyim suala aldığım cavab problemin araşdırılmasına daha ciddi ehtiyacın olduğunu ortaya qoydu. Kontakt qrupun müzakirələrində Dağlıq Qarabağda yaşayan ermənilərin olduğunu nəzərə alaraq, onlara ünvanlanan belə bir sual verdim: Dağlıq Qarabağda yaşayan ermənilər günlərin birində Kərkicahana, Stepanakertə bitişik bir kəndə, azərbaycanlıların qayıdıb yaşayacağı barədə nə düşünürlər?

 

Sual həm erməni nümayəndələrini, həm də müzakirələrdə iştirak edən beynəlxalq ekspertləri bir az çaşqın vəziyyətə saldı. Qısa pauzadan sonra Dağlıq Qarabağdan olan jurnalist Geqam Baqdasaryan belə bir cavab verdi:

 

“Onlar bu barədə heç düşünmürlər”.

 

İkinci sual: Rusiya və ya ABŞ planı reallaşsa, iki xalq arasında sülhə təminat verəcək silahlı qüvvələr hansı ölkədən və ya ölkələrdən olacaq?

 

(Bu barədə növbəti yazıda)

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>