Sizin link burada

Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir? - TƏHLİL

Bu gün bütün dünya neft sənayesinin və mətbuatının diqqəti Bakıya yönəlmişdi. Belə ki, Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Başqa sözlə, bu gün "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadıldı. Bu səbəbdən də mərasimə marağın olduqca yüksək olması anlaşılandır.

 

 

3,6 MİLYARD DOLLARLIQ BONUS



Şübhəsiz ki, bu gün, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. Ölkə başçısı deyib ki, saziş Azərbaycan üçün daha əlverişli şərtlərlə imzalanır: "Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək".

 

Sazişin şərtlərinə əsasən, SOCAR-ın iştirak payı 25%-ə çatdırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.

 

Prezidentin sözlərinə görə, "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi, ancaq ehtiyatlar proqnozları üstələdi: "Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

 

Qayıdaq 23 il əvvələ, yəni "Əsrin müqaviləsi" imzalanan günə. Yeni sənədin Heydər Əliyevin adını daşıyan mərkəzdə imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl "Əsrin müqaviləsi" məhz Heydər Əliyevin səyi ilə imzalanmışdı. Prezidentin də qeyd etdiyi kimi, bu gün bütün Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür: "Bu gün imzalanan sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaradıb".

 

"SAZİŞ BAŞQA ŞİRKƏTLƏ İMZALANA BİLƏRDİ..."

 

 

Prezident 23 il ərzində AÇG-nin operatoru olan BP-nin fəaliyyətinə də toxunub. O bildirib ki, Azərbaycan BP ilə 23 il ərzində çox faydalı əməkdaşlıq formalaşıb: "Azərbaycan AÇG-nin işlənməsi üzrə PSA sazişinin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar başqa şirkətlə də müqavilə imzalaya bilərdi. Ancaq BP və "Əsrin müqaviləsi"ndə iştirak edən digər şirkətlərlə uğurlu əməkdaşlıq etdiyimiz üçün belə bir seçim edildi".

 

 

"NEFT BAŞAĞRISI GƏTİRƏ BİLƏR"

 

 

Ölkə başçısının sözlərinə görə, müxtəlif ölkələrin praktikası onu göstərir ki, neft pulla yanaşı başağrısı da gətirə bilər. Lakin neft gəlirləri insan kapitalına çevrilirsə, "qara qızıl" başağrısı yox, başucalığı gətirəcək. Azərbaycan buna nail olub. Neft gəlirlərindən səmərəli istifadə hesabına indiyədək ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yol inşa edilib. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) ayrılan vəsaitlə 250 min məcburi köçkün 100-dən artıq qəsəbədə mənzillə təmin olunub. Siyahını uzatmaq da olar... ARDNF amilinə həssas yanaşmaq lazımdır. Prezidentin dili ilə desək, neftin ucuzlaşması Azərbaycanı yolundan döndərə bilmədi.

 

Mərasimdə çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, "Türk Petrolları" (TP) dövlət şirkəti xaricdə ilk sərmayəni məhz Azərbaycana qoyub: "TP "Şahdəniz" layihəsində 19%-lə layihənin ikinci ən böyük sərmayədarıdır. TP bu gün sazişə imza ataraq "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində iştirakını 2049-a qədər uzadacaq. Biz enerjinin sülh və sabitliyə xidmət etməsini arzulayırıq. Bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir. Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm".

 

 

LONDONLA BAKI ARASINDA ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ

 

 

Böyük Britaniyanın baş naziri Tereza Mey isə mərasim iştirakçılarına ünvanladığı məktubda qeyd edib ki, bu gün imzalanan saziş rəsmi London və Bakı arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra "Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. Əminəm ki, bu saziş əməkdaşlığımızı daha da gücləndirəcək".

Çətin siyasi və iqtisadi şəraitdə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. 1994-cü ildən bu günədək AÇG-yə 33 mlrd. dollarlıq sərmayə qoyulub. İndiyədək yataqlar blokundan 440 mln. ton neft hasil edilib. Bunun hesabına Azərbaycan 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib. İndiyədək AÇG-dən 3,2 mlrd. barel neft hasil edilib. Həmçinin yataqlar blokundan ümumilikdə 30 mlrd. kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib. Bunlar artıq tarixdir və tarixi uğurdur. İndi isə yeni tarixi uğur Azərbaycanı gözləyir. Yeni saziş Milli Məclis tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək. Bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır.

 

BP-nin baş icraçı direktoru Robert Dadli bu gün bəyan edib ki, Heydər Əliyevin əməyinin bəhrəsi olan yeni saziş çərçivəsində yatırılacaq sərmayənin məbləği 40 mlrd. dolları ötəcək. "Bütün bu nailiyyətlər yalnız mərhum prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. Altı fərqli ölkədən olan on bir şirkət SOCAR ilə birlikdə ölkənin enerji yolunda yeni bir səhifə açdı. 1994-cü ildə sentyabr ayının məhz həmin əlamətdar günündə mərhum prezident Heydər Əliyev "Azərbaycanın həyatında yeni dövrün başlandığını" deyib. O, haqlı idi. Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənməsində və eləcə də həmin ehtiyatların dünya bazarlarına nəql edilməsində möhtəşəm nailiyyətlər əldə olunub. Heydər Əliyevin enerji sahəsində verdiyi qərarlar bu möhtəşəm ölkənin iqtisadi inkişafına yol açıb və dünyanın enerji xəritəsini həmişəlik dəyişdirib. Bu gün, biz sazişin müddətini əsrin ortasınadək uzadırıq və bu çox əlamətdar bir andır. Növbəti 32 il ərzində birgə işləyərək və AÇG üzrə potensial olaraq 40 milyard dollardan artıq həcmdə yeni sərmayə qoyaraq, biz Azərbaycanın neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etməyə davam edəcəyik".

 

PAYLAR PAYLANDI

 

 

Yeni sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP - 30,37%; AzACG (SOCAR) - 25%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Limited" (OVL) - 2,31%. Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. 

 

Yeni saziş imzalananadək pay bölgüsü bu cür olub: BP (35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,5%), "ExxonMobil" (8%), TPAO (6.7%), "Itochu" (4,3%), ONGC (2,7%).

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>