12 yaşlı qızın doğacağı uşağı kim saxlayacaq? - DÖVLƏT QURUMUNDAN AÇIQLAMA

Balakəndə ögey atası tərəfindən zorlanma nəticəsində hamilə qalmış 12 yaşlı qızın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicəsi davam etdirilir. Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova məlumat verib. Onun sözlərinə görə, hazırda 12 yaşlı qız gündəlik müayinələrdən keçir və müalicə alır: “Həm özü, həm də bətnindəki körpəyə görə müalicə olunur. Bununla yanaşı, komitənin mütəxəssisləri də işləyir, ona psixoloji yardım göstərirlər. Uşaq yetişməlidir, doğuşa hazır olmalıdır. Uyğun vaxtda qeysəriyyə əməliyyatı olunacaq. Abortdan söz gedə bilməz. 26 həftəlik uşağı abort etməyə Azərbaycan qanunları yol vermir”.

 

“Tək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi deyil, hüquq mühafizə orqanları, İcra Hakimiyyətinin müvafiq komitəsi, Səhiyyə Nazirliyi də bu ailənin işi ilə məşğul olur. Bütün tədbirlər görülür ki, 12 yaşlı qız da, dünyaya gətirəcəyi uşaq da sağlam olsun. Həm fizioloji, həm də psixoloji baxımdan. Çalışırıq ki, 12 yaşlı qız da bundan sonra ailəsinə qayıtsın, təhsilini davam etdirə bilsin, cəmiyyətə yararlı insan olsun” - deyə A. Veysəlova əlavə edib.

 

Doğulacaq körpənin taleyinə gəlincə, komitə rəsmisi bildirib ki, 12 yaşlı qızın öz uşağını saxlayıb-saxlamamaq barədə qərar qəbul etmək hüququ yoxdur: “Hazırda onun qəyyumu, yəni valideyninin fikri birinci dərəcəlidir. İcra Hakimiyyətinin müvafiq komissiyası var qəyyumluqla bağlı. O komissiyada bu işə baxılacaq. Qəyyum tərəfindən də doğulacaq körpədən imtina olunarsa, uşaq Körpələr evinə veriləcək. Oradan da yəqin ki, illərlə övlad həsrəti çəkən ailələrdən birinə veriləcək. Ailə münaqişələri, cinayət məsələlərinin araşdırılması zamanı 10 yaşlı uşağın fikrini əsas kimi götürmək mümkün olsa da, bu məsələdə 12 yaşlı ananın qərar vermək hüququ yoxdur”.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>