Yol polisindən sürücülərə MÜRACİƏT

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Lent.az-a bildirib ki, sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Artıq bütün məktəblərin ətrafı yol polisitərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub: “Məqsəd dərs ilinin başladığı gün yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Son illərin təcrübəsi göstərir ki, bəzən valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrabanın avtomobili də müşayət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar. Qeyd edilənləri nəzərə alaraq, sentyabrın 15-də tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Yol polisi tərəfindən əlavə tədbirlərin həyata keçirilməsilə əlaqədar olaraq, sürücülərə müraciət edirik ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər. Əsasən avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur. Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ vardır və onların da məktəbə getmələrində ləngimə olmamalıdır. Buna görə də hər bir sürücü nizam-intizamlı olmalı, “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl etməli, ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq, dayanma və durma tələblərini düzgün yerinə yetirməlidir”.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>