Saakaşvili Kiyevə gedəcəyi tarixi açıqladı

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 19-da Kiyevə gedəcəyini bəyan edib.

 

APA-nın “ukranews.com”-a istinadən verdiyi xəbərə görə, bu barədə M.Saakaşvili Çernovtsı şəhərində çıxış edərkən bildirib.

 

“Mən daha bir neçə şəhərə səfər edəcəm. Sentyabrın 19-da Kiyevdə olmaq niyyətindəyəm. Həmin gün həm də  Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”, deyə M.Saakaşvili vurğulayıb.

 

Qeyd edək ki, bazar günü Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>