Sizin link burada

Azərbaycanın öz "Kurtlar Vadisi" gəlir - YENİ SERİAL

Yeni mövsümdə yerli telekanalların birində “Barama” adlı serial nümayiş olunacaq.Lent.az-ın məlumatına görə, anonsu yayılan gündən marağa səbəb olan ekran işinin rejissoru Vüsal Hacı Qədir oğlu APA TV-nin qonağı olub, süjet xətti və digər məqamlar haqqında suallarımızı cavablandırıb.

 

"Niyə məhz“Barama”?" sualına Vüsal Hacı Qədir oğlu belə cavab verib: “Bir var filmin başlığı filmə uyğun gəlir, bir var sual işarəsində qalır və bir də filmin başlığının filmə, ümumiyyətlə, aidiyyəti olmur. Bizim filmin başlığı sona qədər sual işarəsində qalacaq, finalda bəlli olacaq”.

 

Serialın baş prodüseri və ssenari müəllifləri Aqşin Fateh, Tural Ağayev və Reyhan İsayevadır. Aqşin Fateh həm də baş rol ifaçısıdır: “Kriminal və dram janrında çəkilən ekran işində yeraltı dünya, iki ailə arasında olan ədavətdən, bu ədavətin iki gəncin məhəbbətinə necə mane olmasından bəhs olunur. Biz serial estetikasını kənara qoyub, kino estetikasına üstünlük vermişik”.

 

O ki qaldı obrazlara, tanınmış obrazlar daha çoxdur: “Elə aktyorlar var ki, ümumiyyətlə, seriallarda çəkilmirlər, amma bizdə yer alıblar. Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Namiq Ağayev kimi aktyorlarla işləmək mənim üçün fəxrdir. Yeni nəsil aktyorlardan da tam razıyam”.

 

Elə aktyorlar da hələ ki, çəkilişdən razıdırlar. Aqşin Fatehin sənət dostu Vasif Əzimov serialda Ruzigar rolunu ifa edir: “Hər kəs bilir ki, seriala təmənnasız çəkilirəm. Qonorara ehtiyacım yoxdur. Həm də ürəyim istəyir. Özümü sınamaq istəyirəm. Meyxanada təsdiq etmişəm (böyük çıxmasın), aktyor kimi də özümü sınamaq istəyirəm”.

 

Vasifin ilk təəssüratları isə belədir: “Toylarda, konsertlərdə olmuşuq. Amma indiyə kimi heç bir serialda, yaxud tamaşada rol almamışam. Kamera qarşısında olmuşuq, amma özümüz olmuşuq. Çox çətindir. Maksimum dərəcədə çalışırıq ki, Vüsalın dediklərini edək. Aktyor olmağıma çox var. Mənə çox güzəştə gedirlər”.

 

Vasif Əzimov kifayət qədər iddialı görünür: “Vüsal kifayət qədər təvazökarlıq edir, amma mən deməliyəm. Azərbaycanda belə bir şey yoxdur. İddialıyam. Sözümün arxasında da dayanıram”.

 

Filmin 8 seriyası artıq çəkilib, montaj prosesindədir. Serialda döyüş səhnələri də olacaq, amma bədiiləşmiş formada. Belə demək mümkünsə, Azərbaycanın da öz "Kurtlar Vadisi" olacaq.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>