Sizin link burada

“Heç kəs sizi qınaya bilməz ki...”

 

 

Sentyabr fərqli aydır. Çoxları üçün 9-cu ay dərs ilinin başlanğıcı olduğu üçün fərqlidir. Amma mənim üçün sentyabr...

 

***

 

Qarabağ münaqişəsi başlayanda ermənilər deyirdi “bizimdi”, biz də cavab verirdik ki, “vermərik”. 1988-ci ilin fevralından bu “deyişmə” başladı. Mitinqlər və müxtəlif aksiyalar formatında bu çağırışlar səslənirdi. Amma 1988-ci ilin sentyabrında bu konfliktin cızılmış ssenarisinin icrası başlandı.

 

Sentyabrın 21-də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayətində Xüsusi rejim - fövqəladə vəziyyət və komendant saatı elan olundu. Kremlin tətbiq etdiyi fövqəladə vəziyyət rejimi Dağlıq Qarabağ Muxtar Vilayətindən başqa bir rayonda da tətbiq edilirdi. Ağdamda. Elə həmin gün Ağdama SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yeridildi.

Ağdam tamamilə Kremlin nəzarətinə keçdi. Bu, Ağdam üçün doğurdan da xüsusi bir vəziyyət idi.

 

Dağlıq Qarabağ Muxtar Vilayətinin əksər hissələrinə isə fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, qoşun yeridilməmişdi.

 

Dağlıq Qarabağ Muxtar Vilayətində və Ağdamda fövqəladə vəziyyət rejiminin tətbiqindən iki ay sonra - noyabrdan başlayaraq - Ermənistanda etnik təmizləməyə start verildi. 250 min soydaşımız isti ocaqlarından qovuldu.

 

Bunlar quru tarixlər və hamımızın bildiyi hadisələridir. Amma yox. Bu, həm də Kremldə cızılmış ssenarinin icra ardıcıllığı idi.

 

Plan belə idi:

 

Fevraldan sentyabra qədər əsəblər tarıma çəkilir. Sentyabrda Dağlıq Qarabağın erməni əhalisinin mühafizəsi təşkil edilir. Dağlıq Qarabağ ermənilərinə təhlükə yarada biləcək Ağdam tam neytrallaşdırılır. (Ov tüfənglərinin yığılması və sairə.) Daha sonra isə Ermənistanda etnik təmizləməyə start verilir. Bununla da münaqişənin qarşısıalınmaz mexanizmi işə düşür və atılan hər bir növbəti addım uçurumu dərinləşdirir.

 

Bəli, sentyabrın mənimçün xüsusi ay statusu məhz bununla bağlıdır. 1988-ci ildə Ağdamda və Dağlıq Qarabağ Muxtar Vilayətində fövqəladə vəziyyətin tətbiq olunması ilə.

 

Fövqəladə vəziyyətin müəyyən özəllikləri vardı. Kimsə kefi kök olanda komendant saatının qadağalarını poza bilərdi. Çünki bu, tətbiq olunan rejimin məqsədlərinə mane olmurdu. Amma tətbiq olunan rejimin məqsədlərinə mane ola biləcək ən cüzi hesab ediləcək addımın atılması çox ciddi təpki ilə qarşılaşırdı.

 

Fövqəladə vəziyyət vaxtı maraqlı bir hadisə gəlmişdi başımıza.

 

Ağdamdan keçərək Dağlıq Qarabağa gedən qatarların qarşısının kəsilməsi məsələsi aktivləşmişdi. Amma hamının əl-qolu bağlı idi.

 

Ağdam Xalq Cəbhəsinin sədri, Milli Qəhrəman Allahverdi Bağırovun qardaşı mərhum Eldar Bağırov cəbhənin gənclərini çağırıb, bu barədə məlumat verdi. Və təklif elədi ki, gecə gözdən uzaq bir yerdə dəmir yol relslərini sökün. Razılaşdıq. Sonralar Allahverdi Bağırovun batalyonunun ən qoçaq döyüşçülərindən biri olan Elman, Eldar Bağırovun bacısı oğlu Taleh (o vaxt bacıoğluları arxada gizlətmirdilər - A.Q.) və ümumilikdə 10-12 nəfər lazım olan vaxt, lazım olan yerdə görüşdük. Şəhərdən xeyli aralı olduğuna görə “əməliyyat yerinə” təcili yardım maşınında gedəsi olduq. Relsin bir tərəfini açıb sona çatmamış uzaqdan zirehli transportyorun projektorunun işığını hiss elədik. Artıq ləngimək olmazdı. Üzüm tənəklərin arasında bizi gözləyən təcili yardıma çatanda artıq zirehli transportyor “əməliyyat yerinə” çatmışdı. Nə isə... Aradan çıxa bildik. Səhəri gün Eldar Bağırova görülən iş barədə məlumat verib, sona çatdıra bilmədiyimiz üçün üzr istədik. Eldar Bağırov özünəməxsus tərzdə gülümsədi və maraqlı bir söz dedi: “Heç kəs sizi qınaya bilməz ki, bu relsləri niyə rus əsgəri qoruyur?”

 

***
 

Sentyabr xüsusi aydır. Qarabağ üçün. İndi də sentyabrdı. Bu dəfə sentyabr “Qarabağ” üçün xüsusi aydı. Çempionlar liqasının qrup mərhələsi başlayıb. “Qarabağ” ilk oyununu keçirib. Bu ilk oyundan sonra Eldar Bağırovun sözü yadıma düşdü və fikirləşdim: Axı biz “Qarabağ”ı qınaya bilmərik ki, “Çelsi” niyə güclüdü?

 

P.S. Ağdamdan Dağlıq Qarabağa gedən dəmir yol relsinin cəmi bircə calağının boltlarını açmağa imkanımız çatmışdı. Cəmi bircə calaq. Amma sonra həmin yolla Dağlıq Qarabağa qatar getmədi...

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>