Sizin link burada

"Lotu Quli"nin kirvəsi məhkəmədə: "Kişi kişinin üzünə durmaz"

 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində  Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.

 

O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: "Mməlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik. Saxladıq. Cibindən “İphone” markalı telefon və bükümdə 200 qramdan çox narkotik maddə aşkarladıq, protokollaşdırdıq.  Sonra maşınında axtarış apardıq. Avtomobildən 16 ədəd patron, 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşları da axtarışda iştirak edib. Ona heç bir təzyiq, işgəncə olmayıb".

 

Vəkilin suallarını cavablandıran polis əməkdaşı hadisənin üzərindən uzun müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.

 

Təqsirləndirilən Namazov şahidin sözlərinə münasibət bildirib: "Mənim gülməyim gəlir. Baxın, mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır, getməlisən".

 

Prosesdə ifadə verən digər polis əmədaşı Kənam Məmmədxanlı da  özündən əvvəlki polis ilə eyni ifadəni verib.

 

Bu zaman təqsirləndirilən şəxs etiraz edib: "Kim burda yalan danışırsa, şərəfsizdir, şərəfsizin oğludur. Mən evimdə cibimdə narkotiklə gəzirəm? "Narkomaniya"nın işçisi orda mənə dedi ki, əlimdəkini görürsən, dedim, bəli, dedi, indi sənin oldu. Vəkil gətirmişdilər. O da yatırdı".

 

Polis əməkdaşı isə bildirib ki, onlar gözləri ilə gördüklərinə inanırlar.

 

Proses sentyabrın 20-də davam edəcək.

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

 

 Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

 

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>