Lapşin Azərbaycan prezidentinə nə yazıb? - MƏTN

 

 
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli Sərəncamı ilə əfv edilmiş İsrail vətəndaşı Aleksandr Lapşin dövlətimizin başçısına minnətdarlıq məktubu göndərib.
 
Lent.az Azərbaycan Prezidentinin saytına istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə üç il azadlıqdan məhrum edildiyini xatırladan Aleksandr Lapşin məktubunda yazır: “Bu gün xəbər tutdum ki, Siz mənim əfv edilməyim barədə Sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim”.
 
Öz əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirən Aleksandr Lapşin qeyd edir ki, Dağlıq Qarabağa gedərkən onda həmin regionda və onun ətrafında baş verən hadisələr barədə mötəbər məlumat olmayıb. İndi isə Qarabağın əzəli Azərbaycan torpağı olduğuna və olacağına dair təkzibedilməz faktlara malikdir. O, ümid etdiyini bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.
 
Məsuliyyətsiz hərəkətlərinə görə bir daha peşmançılıq hiss keçirdiyini vurğulayan və göstərilən humanistliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Aleksandr Lapşin məktubunu bu sözlərlə tamamlayır: “İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uzun ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim”.

 

10:33

 

Bloqger Aleksandr Lapşin əfv olunduğu üçün prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

 

Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

 

E.Çernin bildirib ki, Lapşin məktubunda əməlindən peşman olduğunu bildirib: “Lapşin məktubunda səhvlərini başa düşdüyünü qeyd edib, əfv olunduğu üçün prezidentə və ailəsinə təşəkkürünü bildirib”.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.

 

Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

 

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

 

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.

 

A. Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Vəkil onu da əlavə edib ki, Lapşin hələ də xəstəxanadadır: "Səhhəti normal olsa da, düşündük ki, burda evi yoxdur, hara göndərə bilərik?! Ona görə xəstəxanada qalması məsləhət görüldü“.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>