Sizin link burada

Qənirə Paşayeva Türkiyəli qonaqlarla birgə cəbhə bölgəsində olub

Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında, Qarabağ həqiqətlərinin yayılmasında fəal olan  İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik  nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində ön cəbhə rayonu olan Tovuza da səfər ediblər.  Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə qonaqlar Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Millət vəkili Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun ən çox şəhid verən rayonlardan biri olduğunu deyib: “ Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan yüzlərlə qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!” İSTAD təşkilatının rəhbərliyi və üzvlərindən ibarət 17 nəfərlik heyətin üzvlərinə millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar verib və suallar cavablandırıb. Qonaqlara Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vandalizm aktları barədə də məlumat verilib.  Sonra qonaqlar Tovuz qalasını ziyarət ediblər, burada onlara Tovuz rayonunun tarixi barədə geniş məlumat verilib, Azərbaycanın son  200 ildə tarixini özündə əks etdirən xəritələrlə tanış olublar. Qonaqlar habelə Qafqazın ən qədim şəhər yaşayış məskəni hesab olunan, 8 minillik tarixə malik Göytəpə abidəsi ilə də bağlı geniş məlumat verilib. Sonra qonarlar Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəlmişlər. Burada Türkiyə nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olmuşlar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Nümayəndə heyəti eyni zamanda ön cəbhədə yaşayan sakinlərlə görüşüb, qardaş Türkiyə  hər zaman yanınızdadır mesajını veriblər. Tovuzda bir sıra şəhid ailələri ilə də görüşən nümayəndə heyətinin üzvləri bildirib ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. Onlar “Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidlərimizin ailəsinə belə igid övlad yetişdirdikləri üçün minnətdarlıq ediblər.

 

Nümayəndə heyəti üzvləri kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlanıblar. Millət vəkili Qənirə Paşayeva Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğuladı. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi bir daha işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır. Onun sözlərinə görə, Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləyib.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə nümayəndələrinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirib. 

 

Nümayəndə heyəti üzvləri Tovuzun bir sıra tarixi-mədəni abidələri ilə də yaxından tanış olublar və Tovuzu görməkdən çox şad olduqlarını deyiblər. Ziyarətin sonunda millət vəkili Q.Paşayeva nümayəndə heyəti üzvlərinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib və onların Tovuza səfərinin qardaş ölkədən daha çox insanın rayonu ziyarət edəcəyinə bir vəsilə olacağına da ümidvar olduğunu bildirib. 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>