Sizin link burada

"Atası ona velosiped alacağını demişdi, xəbəri yox idi ki, şəhid olub..." - REPORTAJ

 

 

-Bir uşaq bizə məktub yazmışdı ki, bəs atam yoxdu....

 

 

Dodaqları titrəyir. Ətrafdan:

 

 

-Yenə ağlayacaq.

 

 

Özünü toplayıb, cümləsini tamamlayır.

 

-...Atam mənə velosiped alacağına söz vermişdi.

 

- Atasının öldüyünü ona deməmişdilər. Elə bilirdi atası harasa gedib. Amma atası aprel döyüşlərində şəhid olub. Bu uşağın yazdığı məktubu oxuyanda çox pis təsir etmişdi.

 

 

Hadisədən 2 il keçsə də, görünür, o məktubun təsirindən hələ də çıxmayıb. Bir kəlməsi yetər gözünün yaşı yanağından süzülə. Və ağlayır.

 

Müsahibim “ASAN Məktub” layihəsinin koordinatorlarından biri Aysu Zeynalovadır.

 

“ASAN Məktub” layihəsi 2015-ci ilin martında fəaliyyətə başlayıb. Layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etməkdir. Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazır və məktublar “ASAN Məktub” saytına yerləşdirilir. Oradan da xeyirxah insanlar tərəfindən öhdəçiliyə götürülür və uşaqların məktubdakı istəyinə görə ona hədiyyələr alınır.

 

Layihədə  əsasən uşaq evləri və sığınacaqlardakı uşaqlar, bir də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bazasında olan imkansız ailələrin uşaqları iştirak edə bilirlər. İcra Hakimiyyətlərinin də dəstəyi ilə könüllülər ailələrə gedir, evə baxış keçirir, daha sonra uşaq adından məktub yazırlar.

 

 

“ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova Lent.az-a bildirir ki, layihə çərçivəsində 1625 uşağı sevindirib.

 

 

- Layihə yarananda biz sadəcə Novruz bayramı ərəfəsində uşaqları hədiyyə ilə sevindirməyi düşünmüşdük. Hədiyyələri uşaq evindəki uşaqların öz istəyi əsasında almağı istəyirdik. Sonra gördük vətəndaşlar tərəfindən müraciət çoxaldı. Layihəyə ilk başlayanda daha çox öz əməkdaşlarımız dəstək olmuşdusa, artıq vətəndaşlar özləri dəstək olmaq istəyirdilər. Düşündük, bunun ən asan yolu “ASAN məktub” saytının yaradılmasıdır. Sayt yaranandan sonra başladıq məktubları ora yerləşdirməyə, beləcə layihəmiz tanındı, böyüdü. Biz istəyirik ki, uşaqların arzuları onlara yardım edildiyi tərzində reallaşmasın, onların gələcəkdə hər hansı bir möcüzəyə inamları yaransın. Bunun üçün də hər uşağın gizli qəhrəmanı olur.

 

 

Uşaqların arzuları müxtəlifdir. Yaşından asılı olaraq istəklər dəyişir. Dərs ilinin yaxınlaşması ilə əlaqədar məktəbli forması və çantasına, məktəb ləvazimatları, ayaqqabıya dair istəklər çoxalıb. Bununla yanaşı oyuncaq istəyənlər də az deyil.

 

 

Saytdakı məktublara nəzər yetiririk.

 

 

Qəmərin 12 yaşı var. Payız və qış paltarları yoxdur. Jaket, kofta və şalvar istəyir. Oyuncaq gəlinlik olsa, imtina etmək. Bir də çanta.

 

 

Elmarın isə 4 yaşı var. Atasının ona ayaqqabı alacağını söz verdiyini, hələ də imkan edib almadığını yazır. Xahiş edir ki, ona ayaqqabı alsınlar. Özü də göy rəngdə. Bu, onun ən sevimli rəngidir.

 

 

Zamanın 7 yaşı var. Oyuncağı yoxdu. Oyuncaq maşın istəyir. Bir də soruşur ki, pulun varsa, ona göy rəngdə gödəkcə alarsan?

 

 

Hazırda saytda aktiv məktub qalmayıb. Bütün məktublar öhdəçiliyə götürülüb. Uşaqlar hədiyyələri onlara kimsənin tanımadığı qəhrəmanlar tərəfindən göndərildiyini bilirlər. Onlara belə məlumat verilib. Bu da onların gələcəkdə xeyirxah insan olacağına zəmin yaratmaq üçündür. Könüllülər deyir, hədiyyəsini alan uşaqlar arasında böyüyəndə xeyirxah insan olacağına söz verənlər az deyil.

 

-Oyuncaq, paltar, ayaqqabı, dəftər-kitab – bunlar asan əldə edilə biləcək arzulardır. Bu müddət ərzində reallaşması mümkün olmayan istək olub?

 

Cavab vermək üçün Rəbiyyə xanım çox düşünmür.

 

 

-Olub. Cəbhə bölgəsindən məktub almışdıq. Uşaq atasını istəyirdi. Maraqlandıq. Atası həbsdə idi. Könüllülərimiz nə qədər izah etsələr də, o yenə arzusundan daşınmamışdı.

 

-Məktubun axırı necə oldu?

 

-Bizim üçün də çox çətin vəziyyət idi, uşağın arzusunu reallaşdıra bilmirdik. İlk dəfəydi belə istəklə qarşı-qarşıya qalmışdıq. Alternativ yollar axtardıq, oyuncaqlarla başını qatmağa çalışdıq.

 

Uşaqlara hədiyyələri könüllülər çatdırır. Bu uşaq haqda maraqlanır, ona hədiyyələrini çatdıran könüllü haqda soruşuruq. Hadisə 2015-ci ildə olduğundan təəssüf ki, Rəbiyyə xanım xatırlamır.

 

Bu günə qədər məktublar arasında maraqlı istəklər çox olub. Layihə rəhbəri xəstə qardaşı üçün hədiyyə istəyən uşağı xatırlayır.

 

 

-İmkansız ailənin iki övladı vardı. Uşaqlardan biri xəstə idi. Və bu qardaş məktubunda ancaq xəstə qardaşı üçün oyuncaq və paltar istəmişdi. Biz ona nə qədər izah etsək də ki, qardaşın üçün ayrıca məktub yazılıb, sən özün üçün nəsə istə. O israrla xəstə qardaşı üçün istəmişdi. Sonra uşaq evindən bir uşaq öz qrupu üçün ütü istəmişdi.

 

 

Bayaqdan bizi dinləyən Aysu dillənir:

 

-Səid adında 12 yaşlı oğlan var. Bir neçə aydan bir gəlib Qan İnstitutunda müalicə alır. Qan xərçəngindən əziyyət çəkir. Ən böyük arzusu velosipedinin olmasıdır. Artıq alınıb.

 

Pəncərənin altına düzülmüş hədiyyə paketlərinin qarşısındakı velosipedi göstərir.

 

 

-Ona məktub yazdırmağa mən getmişdim. Palataya girəndə qolunda iynə vardı, qan köçürürdülər. Elə ağlayırdı ki... Deyirəm, Səid, ağlama, fikirləş, gör, nə istəyirsən? Qolunun ağrısı yadından çıxdı, başladı fikirləşməyə ki, məktuba nə yazsın? İynəsi bitənə qədər fikirləşdi ki, məktuba nə yazsın? Sonda velosiped istədi, çox şükür, aldılar. Xəstəliklə əlaqədar saçları tökülüb. O mənə saçlı vaxtlarının şəkillərini də göstərmişdi (yenə kövrəlir).

 

-Reallaşmayan arzu qalıb? (Sualı layihə rəhbəri cavablayır):

 

-Yox, uşaqların arzusu elə şeylər olur ki, uzaq başı, onu hazırlatmaq olur. Uşaq evində bir qrupun uşaqları haradansa MP5 barəsində eşitmişdi. Məktub yazdıranda hamısı bir ağızdan MP5 nədirsə, ondan istəmişdilər. Vətəndaşlar bunu reallaşdırmışdılar, çoxusu da xaricdən sifarişlə gətizdirmişdi. Bakıda tapa bilməmişdilər (gülür). Bir də spesifik arzular olur. Məsələn, uşaq yazır ki, üstündə şahzadə şəkli olan çəhrayı rəngli şahzadə donu istəyirəm. Vətəndaş çətinliklə də olsa, bu donu tapıb alır. Tək Azərbaycandan deyil, xarici ölkələrdən də xeyli adam hədiyyə alıb göndərir. Hansı şey ki, Bakıda satılmır, o məktubu xaricdə yaşayan həmvətənlərimiz öhdəçiliyə götürür. Bir dəfə bir uşaq toyuq istəmişdi. Onun digər arzuları reallaşdı, toyuq qaldı.

 

 

Adi maşınların gedib çıxa bilmədiyi kəndlərə belə “ASAN məktub” gedib çıxıb: Xınalıq, Qonaqkənd, Cimi və s. Layihənin koordinatorlarından biri Elvin Əlirzayev deyir, səfər çətin olması ilə yanaşı, həm də maraqlı olub.

 

 

- Kənddə “KAMAZ”la getmişdik (gülür). Kəndə girəndə uşaqların sevincini görəsiniz! Onları görəndə onlardan çox biz sevinirik. Ucqar kəndlərdən başqa cəbhə bölgələrindəki uşaqların evinə gedib çıxmaq bir az çətin olur.

 

Onlar aprel döyüşlərindən sonra cəbhə bölgəsində olub.

 

- Evləri dağılmış, atası şəhid düşmüş uşaqlar vardı. Biz onlarla görüşüb məktub yazdırdıq. Çox çətin idi...

 

 

- Hədiyyəsini bəyənməyən uşaq olub?

 

Elvinlə Aysu bir-birinin üzünə baxıb başlarını yelləyirlər.

 

-Rast gəlməmişik. Adətən hədiyyələr onların istəyinə görə seçilir, hətta sadəcə “kofta” yazanda vətəndaş zəng edib xahiş edir ki, uşaqdan rəngini dəqiqləşdirək. Çox həssas yanaşırlar. Ona görə də daim ürəklərincə olur.

 

Bilik günü ilə bağlı “ASAN məktub” layihəsi yeni aksiya keçirməyə hazırlaşır. Artıq könüllülər məktub yazdırmağa yollanıblar. Yaxın günlərdə sayta yeni məktublar, yeni arzular yerləşdiriləcək...

 

 

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>