Sizin link burada

Bülbülədə yayda niyə su olmur? - REPORTAJ

Paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi, dalan 15-in sakinləri hər ilin yay fəslində olduğu kimi, bu il də qızmar istilər başlayandan içməli su üzünə həsrətdirlər.
 
Sakinlər illərdir eyni problemlə üzləşdiklərini deyirlər: "Nə qədər pul ilə su alınar? İnanın elə həftə yoxdur ki, su üçün 25-30 manatlıq su almayaq. Məhəllənin ümumi su motoru vardı, söküb apardılar ki, yenisini qoyuruq, su xətti çəkirik dedilər. Ondan sonra, ümumiyyətlə, su olmadı. Oğlum gedib problemlə maraqlanıb, deyiblər ki, 8 atmosferlə gəlir su, amma görünən odur suya həsrətik. Xahiş etmişik ki, suyun təzyiqini qaldırsınlar, məhəl qoymayıblar. Deyiblər ki, yüksək təzyiqlə su versək, onda işıq pulu çox gəlir. Ancaq 7-8 ailəyə su çatır. Biz də illərdir qonşuların həyətindən su daşıyırıq. Susuzluqdan əziyyət çəkirik. Ağaclar da quruyur. Əvvəl su nasosumuz vardı. Onu da yığışdırıblar. İndi maşınla su alırıq. Bu, nə qədər davam edəcək?"
 
Suraxanı rayon Su Kanal İdarəsinin rəis müavini Mehman Haşimovla görüşüb, sakinlərin şikayətini ona çatdırdıq. Cavabı belə oldu: "Suraxanı rayon Səttar Bəhlulzadə küçəsində yaşanan problemlə bağlı onu deyə bilərəm ki, bizə bununla bağlı müraciət olmayıb. Əgər sakinlər müraciət etsəydi, müraciət tərəfimizdən araşdırılardı. Çox güman ki, sakinlər də su ilə təmin olunardı. Çünki xətdə kifayət qədər suyumuz var, bununla bağlı problemimiz yoxdur. Hazırda rayon ərazisində 600 mm-lik magistral su xəttinin çəkilişi başlanıb. Dədə Qorqud su anbarına gedən 700 mm-lik bu kəmərdən Suraxanı ərazisi su ilə tam təmin olunacaq. Bundan başqa, Atəşgah dairəsindən Səttar Bəhlulzadə küçəsinədək yeni şəbəkənin qurulmasına başlanılır. Artıq bununla bağlı telefonoqram verilib, yolun qazılmasına başlanılıb, kommunikasiya xətlərinin olub-olmadığı araşdırılıb, yerində baxılıb. Həmin ərazidə yeni su xəttinin çəkilməsinə başlanılır".
 
Sakinlərin haqlı narazılığını münasibət bildirən Mehman Haşimov müsahibədən sonra bizimlə birlikdə sözügedən əraziyə gəlib dediklərimizin şahidi oldu, sakinləri dinlədi. Söz verdi ki, bundan sonra Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi, dalan 15 sakinlərinin içməli suya olan tələbatı ödəniləcək.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>