Oksana Elşadla yenidən sevgilidir? - "Münasibətimiz qalır"

Azərbaycanlı rəqqasə Oksana Rəsulova bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirib.

 

Lent.az-ın məlumatına görə, media əhli ilə görüşən rəqqasə reper Elşad Xose ilə birgə rol aldığı "Mələyin öpüşü" adlı filmindən danışıb: "İlk öncə mətbuat konfransına gecikdiyim üçün sizlərdən üzr istəyirəm. Bu tək məndən asılı olmadı. Bildiyiniz kimi, sizi bura dəvət etməyimdə məqsədimiz sentyabrın 14-də təqdim edəcəyimiz "Mələyin öpüşü" filmidir. Bu ekran işində xeyli heyət çalışıb. Çoxdan idi ki, bu filmi təqdim etmək istəyirdik. Amma müəyyən səbəblərdən yubanırdı. Filmin adını niyə "Mələyin öpüşü" qoyduğumuzu isə indi açıqlamaq istəmirəm. İnşallah, filmə baxandan sonra hər şey aydın olacaq. Çox istərdim ki, film təqdim olunandan sonra jurnalistlərlə yenidən görüşək".

 

 

Reper E.Xose də film barədə öz təəssüratlarını bölüşüb: "Çəkilişlərimiz çox olub. Amma filmə ilk dəfədir ki, çəkilirəm. Vaxtımın çox hissəsini kamera qarşısında keçirdiyimə görə elə də çətin olmadı. Çəkilişlərdə məni gülmək tuturdu. Amma şükür ki, hər şey sonda yaxşı oldu. Ürəkdən istəyirəm ki, bu film yaxşı izlənsin. Filmdə real həyatımızda yaşanan nüanslar da öz əksini tapıb. Ekran işinə marağın çox olduğunu bilirəm. İstəyirdik ki, may ayında yayımlansın. Amma sentyabr ayına qismət imiş".

 

O.Rəsulova E.Xose ilə münasibətindən də danışıb: "Bilirəm indi bir çoxlarına bizim münasibətimiz maraqlıdır. 5 ildir ki, ayrılmışıq. Amma münasibətimiz dost olaraq, doğma olaraq qalır. Bir evdə yaşamasaq da insan olaraq münasibətimiz yaxşıdır".

 

Qeyd edək ki, dram janrında çəkilən film 1 saat 20 dəqiqədir. Rejissor Əsgər Əlihacızadənin çəkdiyi filmdə Fuad Poladov, Münəvvər Əliyeva, aparıcı Şəhriyar Əbilov, Babək Dunizadə, Şamil Süleymanov, müğənni İlhamə Qasımova və başqaları rol alıblar. Ekran işinin ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əlihacızadə, Süleyman Süleymanzadədir.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>