Daşkəsəndə e.ə. XII-XI əsrlərə aid kurqan tapıldı - FOTOLAR

Azərbaycan  Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri,  tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi altında Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonu, Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində qazıntı işləri aparılıb.

 

Azərbaycan  Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan Lent.az-a verilən məlumatına görə, tədqiq edilmiş hündürlüyü 3,5m,  diametri 28 metr olan kurqanın üst örtüyünün ətrafi iri qaya parçalarından ibarət kromlexlə əhatələnib. Aparılan qazıntı işləri zamanı kurqan örtüyünün altından,  bir-birindən 3 metr aralı 2 qəbir kamerası tapılıb. Kurqan kameraları öncə materikdə qazılmış, daha sonra iri sal qayalardan istifadə edilməklə, meqalitik  məzar odaları hazırlanıb. Hər biri 8 ədəd iri sal qayalardan hazırlanmış məzar odalarının eni 2-2,3 metr, uzunluqları 4 metr, hündürlükləri 2 metrdir. Kameraların inşasında istifadə edilən sal qayaların arası kiçik qaya daşları  ilə doldurulmuş, iç tərədən isə gil ilə suvanıb. Mərhum və ona məxsus olan ritual əşyalar meqalitik məzar odasına qoyulduqdan sonra qərb tərəfdən olan giriş sal qaya daşla bağlanıb.

       

Onu da əlavə edək ki, birinci qəbir kamerasından aşkar edilən insan qalıqları və qəbir avadanlıqlarına əsasən, burada yeniyetmə, 12-14 yaşları arasında qızın dəfn edildiyi müəyyən edilib. Kurqan kamerasından  saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbaqlar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilmişdi. İnsan sümükləri güclü çürüməyə məruz qalmışdı. Qəbirdən aşkar edilən zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar. Belə ki, onların ümumi çəkisini və say miqdarını nəzərə alsaq, nəinki yeniyetmə qızın, hətta böyük insanların belə, bunları gündəlik və ya hər hansı bir tədbirlərdə üzərində daşıması imkansızdır.

 

Ekspedisiya rəhbəri Bəxtiyar Cəlilovun bildirib ki, qəbir avadanlıqları içərisində xüsusi maraq doğuran tapıntılardan biri parça qalıqlarıdır.

 

Qeyd edək ki, qəbir avadanlıqları içərisində, bir ədəd, başlığı öküz başı formasında olan, tuncdan hazırlanmış skipetrin (hakimiyyət rəmzi olan əsa) hissələri aşkar edilib. Bununla yanaşı kameradan saxsı qab nümunələri, tunc piləklər, mineral daşdan olan muncuqlar, tunc toqqa hissələri tapılıb.  Ekspedisiya rəhbəri B. Cəlilov kurqan kamerasının üst örtüyünün yan kəsiyinə əsasən, burada ilk olaraq yeniyetmənin,  daha sonra isə yaşlı insanın dəfn edildiyi qənaətinə gəlib. Kurqandan aşkar edilən maddi mədəniyyət nümunələrinə əsasən onlar, son tunc dövrünə, e. ə. XII-XI əsrlərə aid edilib.

 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>