Yolpulumuzu verən kişi

Qəşəm Nəcəfzadə

“20 Yanvar” metrosunun ətrafı həmişə təlaş içindədir. Qovhaqov, qaçaqaç bu yerin ən başlıca əlamətidir. Elə bil, “Qanlı Yanvar” gecəsinin gizli bir siniri bura gələn insanların ani olaraq beyninə qoşulur, o saat insanlar başlayır həyəcanlanmağa. Bu ərazidə hələ bir adamın sakit dayanıb harasa baxdığını görməmişəm. Taksi sürücülərinin müştəri səsləmələri, peraşki satanların qışqırığı, maşınların siqnalları, bir sözlə, burda nə varsa, səslidir, səs-küy aləmi götürüb başına. Sanki bir səs burulğanıdır, sən də qəflətən gəlib düşmüsən bu burulğanın içinə. Başlayırsan tələsməyə, qarşındakı adam eşitsin deyə sən də ucadan danışırsan.

 

“20 Yanvar” dairəsi özü ayrıca səs-küylü bir şəhərdir. Rayonlardan gələn adamları səs-küylə qarşılayan, rayona gedən adamları hay-küylə yola salan bir şəhər. Başqa bir ad da demək olar. Rayonlardan gələn adamları Bakı şəhərinə paylayan – bölüşdürən şəhər. Həmişə “20 Yanvar” metrosundan çıxanda istiqamətləri dəyişik salıram. Hökmən kimdənsə soruşmalıyam: Sumqayıta gedən hansı tərəfdir? Əslində, Sumqayıta getmirəm, sadəcə gedəcəyim yerə avtobuslar o tərəfdən keçir. Elə ki Sumqayıt tərəfi ayırd elədim, başlayıram gedəcəyim istiqaməti müəyyənləşdirməyə.

 

...Beləliklə, minirəm Bayıla gedən 53 saylı nimdaş bir avtobusa. Yalandan mürgü döysəm də qulağım avtobusdakı adamların “ağzında” olur. Görüm kim nə danışır, kim nə deyir? Bəlkə də müəllim olduğum üçün sinif otaqlarında şagirdlərin səs-küyünə və yaxud danışıqlarına qulaq asmaq vərdişim hələ məni tərk etməyib. 

 

“20 Yanvar”dan gələn avtobuslarda əsasən rayon adamları olur. Gör arxada əyləşən  arvadın biri yanındakı arvada  nə deyir:

 

- Aaz, bəlkə bulvara gedək?

 

O birisinin cavabı dodaqlarımı qaçırdır.

 

- Bulvar haradır, o su olan tərəf?

 

Arvadların danışıqları heç kəsin diqqətindən qaçmır. Hərə ağzını bir tərəfə tutub, qımışır. Birdən hamı üzünü avtobusun tən ortasına tuşlayır və kollektiv şəkildə gülməyə başlayır. Bu, sərnişin həmrəyliyinin bariz bir nümunəsi kimi mən ləzzət eləyir.

 

Növbəti dayanacaqda “ya Allah” deyib minən kişinin gözü elə ilk dəfədən məni tutur. Üzümü çevirsəm də, diqqətdən yayına bilmirəm. İlk baxışdan Milli Məclisə şikayətə gedən adama oxşayır. Yox, deyəsən belə deyil. Saqqalı ağ, əli əsalı, bir azca beli bükülü,  70-80 arası yaşı olan bu kişi dil qəfəsə qoymadan danışır. Artıq avtobusda xırda danışıqlar kəsilir, kişinin monoloqu ətrafı başına alır:

 

- Balalarım, Allah-Təala sizə yaman gün göstərməsin. Qara buludları vətənimizin üzərindən küləklər qovub aparsın. Allah-Təala ölkəmizin bayrağını bütün bayraqlardan uca eləsin. Tezliklə torpaqlarımız düşmən caynağından alınıb, geri qaytarılsın. Cəmi şəhidlərimizə, dünyadan gedənlərimizin  ruhuna bir salavat zikr eləyin, xahiş edirəm.

 

Mən elə bilirdim  ki, kişi  bu sözləri dedikdən sonra əsl mətləbə keçəcək. Məsələn, deyəcək ki, imkanım yoxdur, bir balam var, xəstədir, xahiş edirəm kömək eləyin, onu xaricə aparım, müalicə etdirim.

 

Nə yaxşı ki, belə olmadı. Kişi duaların ardını sürücüyə yönəltdi:

 

- Bala, görüm o böyük Allah sənə yaman gün göstərməsin. Yolun həmişə açıq olsun. On iki imam, qarşıdan gələn Ramazan ayı həmişə sənin kürəyində dursun.

 

O saat düşünməyə başladım, yəqin kişi avtobusun yol haqqını verməyəcək, elə “sağ ol” – deyib, düşəcək. Qərara gəldim ki, bu ağsaqqal kişinin yolpulunu özüm verim, yaxşı deyil, “20 Yanvar”dan “Şəhidlər meydanı”na qədər dua eləyir. Elə bil, kişi ürəyimdən keçənləri oxudu:

 

- Bala, Cənab Əli sənin də köməyin olsun. Həyatın boyu “nə eləyim, necə eləyim” deməyəsən. Ağam səni bütün bəlalardan hifz eləsin.

 

Növbəti dayanacaqda kişi ayağa qalxdı. Üzünü avtobusdakılara tutub, yenə dua elədi.   Fikirləşdim ki, kişinin yolpulunu verməyimin əsl məqamıdır. Mən ayağa qalxana kimi kişi sürücüyə 10 manat uzatdı və qayğılı və xırıltılı səslə dedi:

 

- Avtobusda nə qədər adam var, hamsının pulunu çıx. Sürücü əvvəl etiraz etdi:

 

- Ağsaqqal, sən bizim əzizimizsən, düş get.

 

Kişi əl çəkmədi. Sürücü 10 manatdan 7 manat çıxıb, 3 manatını kişiyə qaytardı. Avtobus tərpəndi. Hamımız başımızı avtobusun nəfəsliyin çölə çıxardıb, o qoca kişiyə baxırdıq.  O, əllərini göyə qaldırıb avtobusun arxasınca yenə dua eləyirdi.

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>