Elçin Cəfərov: "Xanımım şoka düşdü ki, bu necə ola bilər?" - MÜSAHİBƏ

“Kişilər arasında “Nömrə 1” müğənni yoxdur”

Müğənni Elçin Cəfərovun Lent.az-a müsahibəsi:

 

- Öncə yaradıcılığınızdan başlayaq. Nə yenilik var?

- Əslində, bu mövsümün yaradıcılıq işlərinə çoxdan başlamışam. Sadəcə, öz işimə o qədər ciddi yanaşıram ki, mahnıda bəzi məqamlar, sözlər ürəyimcə olmayanda dəyişirik, o da başqa mənaya çevrilir, o üzdən yenidən aranjemana vermiş oluruq. Bu səbəblərdən təzə mahnımı təqdim edə bilmirəm. Buna baxmayaraq, 3-4 mahnı hazırlamışam, hamısını da sırayla təqdim edəcəm.

 

- Başqa bir bəstəkarlara müraciət edəcəksiniz? Yoxsa ənənənizə sadiq qalıb, bu dəfə də özünüz yazıb, özünüz oxuyacaqsınız?

- Elə özüm yazmışam. Tərlan Məmmədhüseynovla birgə yazırıq. Təbii ki, gələcəkdə başqa bəstəkarlara da müraciət edəcəm. Məsələn, Faiq Sücəddinovdan bir mahnı oxumaq istəyərdim. Ağlımda başqa bəstəkarlar da var. Amma hələ ki, özümdən oxuyuram.

 

- Müğənni Elçin hazırkı şou-biznesi necə görür?

- Şou aləmində inkişaf başlayıb. Hamı nəsə yenilik etmək istəyir. Sadəcə olaraq, sənətçilərimiz çaşbaş qalıblar ki, kənardan tanınmamış bir ifaçı çıxıb mahnı oxuyur, mahnısı populyar olur. Bu da müğənnilərimizi çaşdırır. Fikirləşirlər ki, bu da başqa stildir, o stildə oxusunlar. Bir sözlə, mahnı seçməkdə çətinlik var.

 

- Amma əvvəlki illərdə müğənnilər daha çox mahnı oxuyub, kliplər çəkdirirdilər...

- Sizinlə razıyam. Son dövrlər klip demək olar ki, yoxdur. Bu da televiziyalardan asılıdır. Ümumiyyətlə, klip kanalı olmalıdır. Bütün dünyada var, bizdə də olmalıdır. Klip çəkdirmək lazımdır. Amma müğənni düşünür ki, onu çəkdirdim, harda yayımlanacaq? Ona görə də bəzi müğənnilərimiz klipə fasilə verib. İndi sosial şəbəkə daha aktiv olub deyə televiziyalara baxanlar azalıb.

 

- Özünüzə müğənnilikdən başqa bir gəlir yeri düşünmüsünüz?

- Əlbəttə. Mən uşaqlıqdan o şeyləri düşünmüşəm. Mənə elə gəlir ki, biznes işini bacararam. Hər gün toya getmirəm. Çünki hər gün toya getmək də bir şey deyil. Məşhurluq səviyyəsini qorumaq lazımdır. Bunu da saxlamaq üçün başqa bir iş qurmaq lazımdır.

 

- Sirr deyilsə, biznesi hansı sahədə qurmaq istəyərdiz?

- Hələ axtarışdayam. Fərqli bir biznes qurmaq istəyirəm. Hələ işlər tam deyil deyə, ətraflı açıqlama vermirəm.

 

- Şou-biznesdə özünə “Nömrə 1” deyənlərə münasibətiniz?

- Əvvəl müğənnilərdən müsahibə alanda hamısı elə həvəsli idi ki, özlərini “Nömrə 1” adlandırırdılar. İndi hamı öz-özlüyündə özünü “Nömrə 1” sayır. Deyir filan şey eləsəm, mən filan yerdə olaram. Amma elə əsas o filan şeyləri eləmək lazımdı. Mən şəxsən tənbəlliyi kənara qoysam, müəyyən şeyləri eləsəm “Nömrə 1”-ə namizədlərdən biriyəm. Hazırkı vəziyyətdə kişilər arasında “Nömrə 1” müğənni yoxdur. Qadınlar arasında isə “Nömrə 1” yeri uğurunda xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasında rəqabət gedir.

 

- Sənətdə özünüzə rəqib gördüyünüz biri varmı?

- Sağlam rəqabət olmalıdır. Bilirsiniz, məni həvəsləndirən biri olmalıdır. Məsələn, kimsə ortaya yaxşı mahnı çıxaranda fikirləşirəm ki, mən niyə eləməyim? İstedadım ondan aşağıdır ki? Yəni indi elə bir müğənni yoxdur.

 

- Sizi qıcıqlandıran müğənnilər var?

- Bizim nəsil müğənnilər yaxşı oldu. Elton Hüseynəliyev, Ayaz Qasımov, Abbas Bağırov, Zamiq Hüseynov, Emil Bədəlov... hərəsi özü-özlüyündə yaxşı ifaçılardı. Amma məni kimlər qıcıqlandıra bilər? Məsələn, sənəti ola-ola pulun dalınca qaçanlar məni qıcıqlandırır. Sintezatorla meyxana üslubunda mahnı oxuyanlar var. Bəzi müğənnilərimiz bu üslubda mahnılar oxuyurlar. Bu insanlar sənətlə məşğul olan insanların işinə zərər gətirirlər.

 

- Bir çox həmkarlarınız maqazin verilişlərində deyirlər, “oxumağımla bir çoxlarına dərs keçərəm”. Məsələn, Elçin Cəfərova kimsə oxumağı ilə dərs keçə bilər?

- Şou-biznesdə heç kimsə oxumağıyla mənə dərs keçə bilməz. Çünki mən vaxtında müəllimlərimdən dərsimi almışam. Tələt Qasımovdan, İslam Rzayevdən, Tükəzban İsmayılovadan və Mələkxanım Əyyubovadan dərs almışam. Yəni muğam təhsilim var. Bundan başqa, insan özü özünün müəllimi olmalıdır. Mahnılara qulaq asan zaman özünə yaxşı nələrisə götürməlidir. Hərə öz işi ilə məşğul olsun.

 

- Elə bir müğənni varmı ki, onunla duet oxumağı arzu edəsiz?

- Yox. Hazırda ancaq beynimdən mahnılarımı sırayla sevdirmək keçir. Bir zamanlar ifa etdiyim “Səndən əl çəkirəm”, “O bilmədi”, “Göstər get” , “Adını yazdım şəhərə” adlı mahnılar kimi sevilsin.

 

- Repertuarınızda yer alan “Gecələrdə” adlı mahnını ilk öncə siz ifa etdiniz, daha sonra xalq artisti Aygün Kazımova. Hansınız yaxşı oxumusunuz?

- Bunu mən yox, sizlər deyə bilərsiz. Aygün xanım bu mahnını həqiqətən sevib, ifa edib. Bu mənim üçün bəs eləyir. Amma mənim üçün mahnının ilk ifaçı yadda qalan olur. Bu istər mən olum və ya digəri. İlk ifa daha uğurlu olur.

 

- Ailə qurandan sonra sənətinizdə, fəaliyyətinizdə nə dəyişdi?

- Çox böyük fərq var. Subay vaxtı sənətə təzə başlayanda daha həvəsli idim. Adam deyir ki, tanınmış olum. Tanınandan sonra rahat oldum. Bu rahatçılığın üstünə ailə gəlir və sən daha da rahat olmağa başlayırsan. Və ildə 1-2 mahnı təqdim edirsən. Yəni bunun qarşısını öz-özlüyümdə almalıyam. Sənətin öz yeri var. Mən evlənmək ərəfəsində niyə o qədər mahnı təqdim etdim? Bilirdim ki, ailə qurandan sonra rahatçılıq olacaq.

 

- Evlənəndən sonra qız pərəstişkarlarınızı itirmədiniz ki?

- Ailə qurandan sonra fikirləşdim ki, mənim üçün fanatlar 2 hissəyə bölünür. Bir qrup insanlar var ki, ancaq mənim görünüşümü sevir. Digər qrup isə yalnız sənətimi sevir. Yəni sənətimi sevənlər daim mənim yanımda olacaqlar. Görünüşümü sevənlər isə gördülər ki, mən ailə qurdum, dağılışdılar. Sənətimi sevənlər isə məni ailəmlə birgə qəbul etdilər.

 

- Məşhur adamın qızı ilə ailə qurmağınız ətrafınızda necə qarşılandı?

- Şəxsən ətrafdan mənə qarşı olan tənqidlərə münasibət bildirmirəm. Mənim ailə qurmağım kənardan səmimi görünürsə, onun üçün narahat olmağa dəyməz. Yəni bu səmimiyyətdən yaranan bir iş oldu. Ürək istəyib, göz görüb, sevib. Kənardan deyilən sözlərə fikir vermirəm. Kim nə deyir desin. Axırda əlini vicdanına qoyanda bilirsən ki, sən düzsən.

 

- Mənə sonuncu müsahibə verən zaman ata olmamışdınız.

- (gülür) Elə ata olandan sonra da ilk dəfə sizə müsahibə verirəm. Oğluma Can adını qoyduq.

 

- Amma nədənsə uşağın adı da müzakirə olundu. Dedilər ki, türk adı niyə qoyub?

- Bu ad subay vaxtımdan mənim beynimdə olub. Allahdan da hər zaman arzum idi ki, oğlum olsun. İbrahim Tatlısəsin bir mahnısı var idi “Bir oğlum olsun, adı Can olsun” o mahnını eşidəndə deyirdim ki, oğlumun adını Can qoyacam. Elə yoldaşıma da bu adı deyəndə şoka düşdü ki, bu necə ola bilər? Dedi ki, mənim də beynimdə eyni ilə bu ad idi. Necə də fikirlərimiz üst-üstə düşüb. Dedi ki, bu ad qoysaq, necə qarşılanacaq? Dedim ki, əsas bu adı biz istəyirik. Kənarı boş ver. Amma onu da deyim ki, oğlumun əsl adı Yusif Candı. Mən, ümumiyyətlə, gözəllik xəstəsi olmuşam. Kişi gözəlliyinin də simvolu Yusif Peyğəmbər hesab olunduğuna görə oğlumun adını elə qoydum.

 

- Məşhursunuzsa, ətrafınızda söz-söhbətlər olur. Bəs ailədə necə bu cür şayiələrə münasibət necə olur?

- Çox şükür ki, mənə elə bir xanım qismət olub ki, heç bir işimə qarışmır. Mən də o şəraiti yaratmıram ki, qısqansın. Yüngül qısqanclıqlar da olur, amma bu, sənətimlə bağlı olmur.

 

- Gözə-nəzərə inanırsız?

- Bəli, inanıram. Onun üçün də bir dua var. Onu oxuyursan, hər şey yaxşı olur.

 

- Övladınızın üzünü buna görə mətbuatdan gizlədirsiz?

- Mən hər şeyi normada edən insanam. Normadan kənara çıxmağı sevmirəm. Mən görməmişəm ki, yazsınlar ki, bu yenə ailəsi ilə şəkil paylaşdı?

 

- Bəs falçıya getmisiz?

- Yox, heç vaxt getmərəm. “Heç vaxt” deməyim. Allah adama elə göstərər ki... Amma falçıya qətiyyən inanmıram. İnananlar da var. Bu, sadəcə, başağrısıdı. İnsan sabah başına nə iş gələcəyindən xəbərsizdi. 

 

 

 

 

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>