Sizin link burada

Lent.az tarixi tapıntının izində: iki dövlət Astarada nə axtarır? – Səbuhi Məmmədli yazır...

 

 

“Bir neçə ölkədən təklif gəlib. Hamısı deyir ki, sat bizə. Ən çox da İran. Bir də Sankt-Peterburqdakı “Ermitaj”dan. Satmamışam. İstəyirəm, Azərbaycan tarixinin bu parçası elə öz vətənimdə qalsın. Burda isə heç kimin heç nə vecinə deyil”.

 

Yunis Qulamovla Astarada, daha dəqiq desək, Şiyəkəran kəndində görüşürük. Yunis deyir, bu yerlər, Şiyəkəran, Pensər, digər ətraf kəndlər Səfəvilər, qızılbaşlarla bağlı tarixi olan kəndlərdir.

 

“Səfəvilər dövlətinin qurucusu Şah İsmayılın ulu babası Şeyx Zahid Gilani Lənkəranın Siyavər kəndində dəfn edilib. Amma sonralar Xəzər dənizinin səviyyəsi tədricən qalxmağa başlayıb və müridləri görüblər ki, belə getsə, su qəbiri yuyub aparacaq. Ona görə də məzarı indiki Şiyakəran kəndi ərazisinə köçürüblər. Sonra isə həmin məzarın üstündə türbə tikilib. Şah İsmayıl da Şirvana yürüş etməzdən əvvəl bu kənddə olub. Həm babasının qəbrini ziyarət edib, həm də ordu dincəlib. Elə bu bayraq başlığı da həmin dövrdən qalıb”.

 

Hə, bayaq İrandan tutmuş Peterburqdakı “Ermitaj”a qədər hamının az qala izinə düşüb ələ keçirmək istədiyi bu bayraq başlığından danışırdıq. Səfəvi ordusunu qələbədən qələbəyə aparan alov dilli varlıqdan. İndi Yunis bu qiymətli tapıntını satmaq istəyir. Hə, satmaq. Ulu babasından yadigar qalan, əsrlərdən əsrə keçib, 21-ci əsrin 17-ci ilinə kimi qorunub saxlanılan bu TARİXİ satmaq niyyətindədir.

 

- Bu il oğlum ali məktəbə daxil oldu. Müəllim babayam. Güclə dolanıram. Bir yandan da anam ağır xəstədir. Onun müalicəsinə pul çatdıra bilmirəm. Başqa əlacım yoxdur. Bankdan pul götürüb, oğlumun təhsil haqqını birtəhər ödədim. Amma xəstə anamı xilas etməliyəm axı. 10 min dollar qiymət qoymuşdum bu bayraq başlığına. İndi 10 min manata belə satmağa hazıram. Təki dövlətimiz, muzeylərimiz alsın. İrandan bu gün də yalvarırlar ki, sat bizə. “Yox” deyirəm. Çünki bu, bizim babalarımızın yadigarıdır. Bizim kəndimizin, Şiyəkəranın adının mənası bilirsənmi nədir? Hə, düz eşitdin şiə sözündəndir, tərcüməsi “şiələrin evləri” deməkdir. Buralar Püstəsər mahalı adlanıb. Püstəsər isə bir başa qızılbaşlarla bağlıdır. “Qırmızı naxışlı başlar” mənasını verir. Buralar elə bir tarixdir ki, vallah, 100 il də araşdırsan, azdır. Heç çəpnilər haqda eşitmisən? Bax, bu çəpnilər Azərbaycana Orta Asiyadan gəliblər. Sonradan hər yerə səpələniblər. Bir hissəsi də Astara ərazisinə gəlib çıxıb. İsmayılın ordusunda vuruşublar. Türkiyədə ələviləri bəzən çəpnilər də adlandırırlar. Bizim kənddə Çəpni türbəsi var. Bu türbədə Səfəvilər dövründə qızılbaşların tərəfində vuruşan Ələvi Çəpni sülaləsinin iki sərkərdəsi dəfn olunub. Türbədə əvvəllər iki hissədən ibarət yazılı kitabə olub. Deyilənlərə görə, bu kitabələrdən biri hansısa muzeyə aparılıb. Hara aparıldığını dəqiq bilən yoxdur. Biri isə hələ də qalır. Heç olmasa, onu qoruyaq. Necə ki, əsrlərdir bizim nəsil bu bayraq başlığını qoruyub saxlayırıq.

 

- Amma indi satırsınız...

 

- Məni qınamayın, səbəbini dedim. Başqa əlacım yoxdur. Anamı itirmək istəmirəm.

 

- Bəlkə bu adi bir ələmdir? Yəni məhərrəmlik günlərində dini mərasimlərdə istifadə olunan ələm.

 

- Uzun illər elə mən də bu barədə düşünürdüm. Amma bütün bunlara rəğmən, araşdırmağa başladım. Və məlum oldu ki, bu əşya Səfəvi ordusunun döyüş bayrağının başlığıdır. Bu başlığı mənim ulu babam tapıb. Sahədə işləyərkən yer belləyəndə bir küpə rast gəlib. Həmin küpdən bu bayraq başlığı və bir neçə sikkə çıxıb. Qızıl yox ha, gümüş sikkələr. Bu başlığa Səfəvilər dövrünə aid miniatürlərdə rast gələ bilərsiz. Baxın, bu bayraq başlığının üstündə 12 imamın və 2 məsumənin, Məhəmməd Peyğəmbərin və Həzrəti Əlinin adları yazılıb. Ələmin ucunda 3 alov dili, yan tərəflərdə isə quş başı təsvir olunub. Başlığın özü isə mislə gümüşün qarışığından alınan metaldan düzəldilib. Döyüş bayrağı başlığının hər dörd küncündə isə “Şeyx Səfi butası” adı ilə tanınan işarələr həkk olunub. Başlığın üzərində “Səfiyullah” kəlməsi həkk olunub. Yəni bunun Səfəvilər aid olmasına heç bir şübhə yoxdur.

 

***
 

Günlərin bir günü bu bayraq başlığına həsr edilmiş film çəkilir və Cənub TV-də nümayiş olunur. “Səfəvi yadigarı” adlı bu filmə, sən demə, İranda da baxırlar. Elə həmin günün səhəri Yunisə “bu bayraq başlığını bizə sat, səni qızıla tutarıq” - deyə bir mesaj da gəlir. Amma o, “bu bizim tarixdir, sizə nə dəxli” deyib İran tərəfini məyus edir. Hə, məhz onda başa düşür ki, bu, sıradan bir ələm deyil, tarixi abidədir. Hardansa Peterburqda da bu bayraq başlığından xəbər turlar. Yenə “bizə sat” deyirlər. Yunis isə bu Azərbaycanda qalsın deyə başlayır bu və ya digər qurumlara üz tutmağa.

 

Deyir, dövlətimiz milyonlar xərcləyərək Bayraq Meydanı kompleksi və muzeyi inşa etdirib. Orda dövlətçilik tariximizə dair olan bayraqlar, bayraq başlıqları və digər qiymətli əşyalar toplanıb nümayiş olunur.

 

“Bayraq Meydanı Muzeyində Səfəvilərin məndə olan Bayraq başlığının natamam variantının surəti nümayiş olunur. Azərbaycanda məndən başqa heç yerdə Səfəvilərin bayraq başlığının tam və yaxşı qorunub saxlanılan variantı yoxdur. Mənə, səfəvilərin döyüş bayrağının başlığının qiymətləndirilməsi və tarixi dəyərinin müəyyənləşdirilməsi üçün dövlət ekspert komissiyasına və Milli Azərbaycan Tarixi Muzeyinə müraciət etməyimi məsləhət bildilər. Mən dövlət ekspert komissiyasına müraciət etdim. 43 manat pul köçürtdüm. Amma ekspertlərdən biri mənə dedi ki, sən gedib pul alacaqsan, mənə nə dəxli? Belə münasibət olar, belə dərd olar? İndi neyləyək? Bu tarixi əsəri sataq xaricə? Mənim bir arzum var. Şəxsi kolleksiyaçılar, təki siz yaxın durun. Bu tarixi eksponata siz sahib olun. Mən bir daha deyirəm, anamın xəstəliyi olmasaydı, mən bu addımı atmazdım. Amma məcburam. Məni qınamayın…

 

***

 

Oturub çay içirik. Gözlərinin içinə baxıram. Adam sanki iki od arasında qalıb. Əlində çox dəyərli bir tarixi nümunə və xəstə anası. Hər biri onun üçün əzizdi. Biri çox dəyərli cansız varlıqdı. Digəri isə canlı. Və bütün ümidlər də elə canlılaradır. Bir imkanlı canlının bir cansız, amma çoooooxxx qiymətli bir varlığını alması kifayətdir ki, digər bir canlını ölümdən xilas etsin. Adına ümid deyilən də elə budur…

 

***

 

Amma…


Amma Astaraya başqa niyyətlə getmişdik axı. Bu bayraq başlığı, yaxud çərojlarv- dünyada yalnız bir neçə adamın danışdığı bu insanlarla bağlı yazılarımız öz yerində, məqsəd başqa idi. 200 ildir, hə, təəccüblənməyin, düz 200 ildir ki, Azərbaycanın bir dağ kəndində məskunlaşan insanlar var. Və onların yaşadığı kəndə bir neçə gün əvvəl tarixdə ilk dəfə işıq çəkilib. Vur-tut bir neçə gün əvvəl. Sabah onlardan yazacağıq. Artıq yazının başlığı da hazırdır :” 200 ildir işıq görməyənlərin dastanı”. Maraqlı olacaq, odur ki, Lent.az-da qalın…

 

Səbuhi Məmmədli,

Astara

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>