Qurban Qurbanovun batalyonu

 

 

Qarabağ istiqamətində daha bir yüksəklik fəth olundu. Bu dəfə yüksəkliyi Qurban Qurbanovun batalyonu fəth elədi. Alınan yüksəkliyə bayrağı da Dino Ndlovu sancdı. Elə buna görə də deyirdim ki, ən böyük vətənpərvər Dino Ndlovudur.

 

Söz oyunu bu qədər bəsdir. İndi keçək reallıqlara. Bir az da acı olan reallıqlara.

 

Bəli, Ağdamın “Qarabağ” futbol komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququnu əldə etməsi Qarabağ istiqamətində çox, həm də çox mühüm strateji yüksəkliyin əldə olunmasına bərabərdi. Qoy hərbçi qardaşlarımız inciməsin, dünyanın mövcud reallıqları prizmasında bu, elə yüksəklik əldə etməyə bərabərdi. “Qarabağ” bunu bacardı. Amma müharibə reallıqlarından az-çox xəbərdar olanlar bilir ki, bununla iş bitmir...

 

Yüksəklik alındıqdan sonra onun geri alınmaq təhlükəsi var. Faktiki qələbənin hüquqi təminatını reallaşdırmaq ehtiyacı var. Bunları təmin eləmək üçün bəzək-düzəkli sözlər, özümüz deyib, özümüz eşitdiyimiz epitetlər nəinki yetərli deyil, əslində heç lazım da deyil. Yüksəklikdə möhkəmlənmək və faktiki qələbənin hüquqi təminatını reallaşdırmaq üçün PR mexanizmlər qurulmalı, Azərbaycanın diplomatik arsenalı, diaspora mərkəzləri və lobbiçilik mexanizmləri səfərbər olunmalıdır.

 

Amma bunların heç birini eləmədən növbəti yüksəkliyin əldə olunmasını arzulayırıq və gözləyirik. Hərdən adama elə gəlir ki, biz sanki Qurban Qurbanovun batalyonunun Qarabağı doğurdan da azad edəcəyini gözləyirik...

 

Yox... Məsələ bir az başqadır. Bu yerdə haqlı sual doğur: nə etməliyik ki?

 

“Qarabağ”ın qarşıdakı oyunlarının bir əhəmiyyəti də odur ki, Azərbaycanın arsenalında 6 dəfə informasiya hücumu etmək üçün çox önəmli bir auditoriya var...

 

Bu yerdə bir haşiyəyə çıxım və Ermənistanın "Eurovision 2016"-da təmsilçisi İveta Mukuçyanın Dağlıq Qarabağ ermənilərinin bayrağını qaldırması və bunun ardından yarış keçirilən şəhərin səmasında “Qarabağ səni sevir, İveta” şüarının peyda olmasını bir daha yadınıza salım. Bu, İvetanın ağlının məhsulu deyildi. Bu, erməni informasiya maşınının gözəl düşünülmüş PR-ı idi.

 

Qayıdaq Azərbaycanın arsenalındakı 6 dəfə informasiya həmləsi imkanına...

 

“Qarabağ” hansı klublarla oynayacaq? “Roma”, “Çelsi”, “Atletiko”.

 

“Roma”nın və ümumiyyətlə, dünya futbolunun əfsanə isimlərindən biri olan Françesko Totti. “Qarabağ” - “Roma” görüşü ərəfəsində onu Bakıya dəvət eləmək olardı. Qoy gəlsin öz doğma komandasına azarkeşlik eləsin. Lap yüksək qonorar da vermək olardı ona. Və təbii ki, o Bakıya gələndə “Qarabağ” haqqında məlumat almalı olacaqdı. Və Tottinin auditoriyası onun gözü ilə Qarabağ həqiqətlərini görə, onun qulaqları ilə Qarabağ həqiqətlərini eşidə bilərdi.

 

“Çelsi” ilə oynamaq üçün Qarabağ köhlənləri Londona gedəcək. Londona… Qarabağ atı, Britaniyanın paytaxtı London. Axı bu həmin Britaniyadır ki, onun bu gün də fəaliyyətdə olan kraliçasına bir vaxtlar Zaman adlı Qarabağ köhləni hədiyyə olunmuşdu. Londonda Qarabağ atlarının şousunu təşkil etmək olardı. Qarabağ atlarının qaçqınlıq taleyini yaşadığını kraliçanın timsalında bütün Britaniyanın, Britaniyanın timsalında bütün Avropanın diqqətinə bir daha çatdırmaq olardı.

 

“Atletiko” bir vaxtlar sinəsinə “Odlar yurdu Azərbaycan” yazırdı. Bu odlar yurdunun sinəsində qalanan münaqişə ocağı barədə Avropaya mesaj vermək üçün bundan yaxşı fürsət? Bunu həm video-çarxlar, həm digər vasitələrlə ortaya qoymaq olar.

 

Amma hələlik nəsə etmək istəyən gözə dəymir. Diplomatiya kontorumuz substantiv danışıqların gətirəcəyi dividentləri saf-çürük edir. Diaspora kontorumuz isə öz aləmindədir…

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>