Sizin link burada

V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçirilib - YENİLƏNİB

 

Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

 

Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının egidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.

 

Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edib. Bildirilib ki, artıq 5 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir.

 

Festivalda rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub.  

 

Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub.

 

Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdirə biliblər. Qəbələnin “Savalan” Üzüm Emalı və Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddəki brend məhsulları əcnəbi turistlərin böyük marağına səbəb olub. İnsanlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına baxıb, hazırlanması üsulu ilə maraqlanıblar.

 

Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub.

 

İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

 

Festival maraqlı konsert proqramı ilə davam etdirilib.  

 

 

**

13:03

 

Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən V Qəbələ Beynəlxalq Mürəbbə Festivalına start verilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda təşkil olunan bayram tədbirində dünyanın 22 ölkəsindən - Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malaziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çinin şirniyyatçı komandaları iştirak edir.

 

Mərasimdə Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunur. Hər bir iştirakçı 8 növ mürəbbə ilə təmsil olunacaq.

 

Festivalda mürəbbə məhsullarının və əl işlərinin sərgisi də təşkil olunur.

 

Festivalın rəsmi açılış mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

 

 

***

 

saat 09.35

 

Bu gün Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.

 

APA-nın yerli bürosunun xəbərinə görə, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda təşkil olunacaq bayram tədbirində dünyanın 22 ölkəsindən komandaların iştirakı gözlənilir.

 

Festivalda, həmçinin, Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunacaq.

 

Hər iştirakçı 8 növ mürəbbə nümayiş etdirəcək.

 

Festivalda mürəbbə məhsullarının və əl işlərinin sərgisi də təşkil olunacaq.

 

Tədbirin rəsmi açılışı saat 12:00-da başlayacaq.

 

Festivalda Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Guglerin də iştirakı gözlənilir.

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>