Taekvondoçumuz Universiadada qızıl medal qazandı

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının növbəti günündə 4 taekvondoçumuz dayanq üzərinə çıxıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız günü 1 qızıl medalla başa vurub.

 

80 kq çəki dərəcəsində çıxış edən Milad Beigi Harçeqani qızıl medal qazanıb. İdmançımız əvvəlcə Jan Miçel Fernandezi (Portuqaliya) 29:1, ardınca Rusiyanı təmsil edən Boqdan Qreçkini 25:8 hesabı ilə məğlubiyyətə uğradıb. Onun 1/4 finalda rəqibi Hidenori Ebata (Yaponiya) olub və Harçeqani bu dəfə də görüşü üstün başa vurub (32:15). Dünya çempionumuz yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya qalib gəlib (12:4). Həlledici döyüşdə ispaniyalı Raul Martinez Qarsiya ilə qarşılaşan təmsilçimiz 6:3 hesablı qələbə sayəsində yarışın çempionu olub.

 

Bugünkü mübarizədə 3 taekvondoçumuz isə medal qazana bilməyib. Kişilərin 58 kq çəkisində Əli Məmmədov ilk döyüşündə Luka Qiotti (San-Marino) üzərində qələbə əldə etsə də (24:4), tailandlı rəqibi Tavin Hanpraba uduzub (7:21).

 

Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/8 finalda iordaniyalı Culyana Əl Sadeqlə mübarizədən qalib ayrılıb (5:4). Lakin sonrakı mərhələdə Koreya Respublikasından olan rəqibi Jandi Kimlə bacarmayıb (3:4). Daha bir qadın taekvondoçumuz Safiye Polat yarışla erkən vidalaşıb. 1/16 finalda Böyük Britaniyalı Kurtni Ördlini keçən idmançımız ardından türkiyəli İpek Çidemə məğlub olub (2:9).

 

 

Bu, taekvondoçularımızın Taypeydə 2-ci medalıdır. İlk medalı isə 68 kq çəki dərəcəsində 2-ci yeri tutan Ayxan Tağızadə əldə edib.

 

Qeyd edək ki, yarış "G2" kateqoriyalı olduğundan I, II və III yeri tutmuş idmançılar, müvafiq olaraq 20, 12 və 7.2 reytinq xalı qazanır.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>