İki min yeni Azərbaycan manatı və şəmkirli milyonçular - Səbuhi Məmmədli yazır

 

Bir dostumuz var, adı Ravin. Ravin kafedə işləyir. Gülərüz, yaxşı bir oğlandır. O kafeyə tez-tez baş çəkirik. Hələ bir müştərinin Ravindən narazı getdiyini görməmişəm. Şirin Naxçıvan ləhcəsiylə hamını yola verir.

 

Ravinin müştəridən çox maraqlı hesab istəmək metodu var. Müştəri hesabı soruşan kimi anındaca hesablayıb – tutaq ki, 18 manat - belə deyir:

 

- 18 yeni Azərbaycan manatı.

 

Bu kafeyə ilk dəfə gələn müştəri əvvəlcə çaşır, tərəddüd içində Ravinə baxır, son anda söhbətin nədən getdiyini başa düşüb, gülümsəyərək hesabı verib gedir.

 

Əslində, aşağıda yazacağım qeydlərin Ravinə heç bir dəxli yoxdur. Ən azı ona görə ki, Azərbaycanda və dünyada baş verən hər şeylə maraqlanan Ravinin… futbola qəti marağı yoxdur. Oda ki Azərbaycan futbolu ola.

 

Amma Ravindən fərqli mən maraqlanıram. Nəinki apasport.az və ya qol.az kimi saytları izləyirəm, ölkənin bir nömrəli idman qəzeti “Futbol+” hər gün aldığım qəzetdir. Ənənəvi olaraq elə bu gün də “Futbol+”u vərəqlədim. “Qarabağ”ın “Kopenhagen”lə  sabahkı taleyüklü oyununa həsr olunmuş yazılardan çox bu başlıq diqqətimi çəkdi: “2000 manata görə məhv olan uşaq futbolu”. Yazını oxuyandan sonra isə Ravin yadıma düşdü.

 

Deməli, qəzetdəki həmkarlarımız Şəmkirdə uşaq məşqçisi işləyən Elşad Mirzəyevi danışdırıb. Elşad bəy yana-yana bir vaxtlar böyük futbol ənənələri olan Şəmkirdəki durumdan söz açır. Adam açıq tekstlə deyir ki,  bu gün biganəlik ucbatından yüzlərlə istedadlı uşaq çöllərdə qalıb,  uşaq futboluna pul ayıran yoxdur. Adam Şəmkir rayon Gənclər və İdman İdarəsinə, onun rəisi Emin İsmayılova belə müraciət edib.  Rəis ona elə beləcə də deyib; uşaq futboluna ayırmağa pul yoxdur.  Və sizcə, bu pulun miqdarı nə qədər olsa yaxşıdır?

 

Sitat: Məbləği desəm, bəlkə də güləcəksiniz. Bizim illik xərcimiz 2 min manatdı. Bu məbləği  ayıran yoxdur deyə, uşaq futbolu çökür”.

 

 

Hə, dostlar, vur-tut 2 min manat. İki min yeni Azərbaycan manatı…

 

Bu o Şəmkirdir ki, təkcə Rusiyada yaşayan neçə milyonçusu var. Hər il adını müğənni qoyan neçə-neçə bambılı manıs elə həmin “Urusiyət milyonçuları”nın hesabına bu rayona bahalı toylara gəlirlər. Amma uşaq futboluna 2 min manat tapılmır.

 

Bu Şəmkirdə  bir zavod direktoru “Saşa” – Şahbaz Süleymanov – vardı, tək çiynində daşıyıb “Şəmkir”i. Bu klub vaxtıyla Azərbaycan futbolunun dominantı olub, ard-arda ölkə çempionluqları yaşayıb, Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar liqasında mərhələ keçib.

 

Bu o Şəmkirdir ki, bu gün Azərbaycanın  ən varlı 3 rayonundan biridir. Və bu rayonda hara getdiyi məlum olmayan Azərbaycan futbolu üçün onlarla istedadlı uşaq yetişdirmək olar, buna şərait var. Bunun üçün isə ildə 2 min manat pul tələb olunur.

Hə, vur-tut iki min yeni Azərbaycan manatı.

 

 

P.S.

Allah sənə rəhmət eləsin, “Saşa”, Şahbaz Süleymanov… 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>