Sizin link burada

Qoca qartal məsəli

 

Deyirlər, qartal qocalanda aşağıdan uçur. Belə yaşamağı özünə ar bilir. Bəzən intihar edir. Ona görə də  son nəfəsində var gücü ilə uca bir zirvəyə qalxır. Əvvəlcə şiş dimdiyi ilə tüklərini didir. Dərisində nə qədər tükü var, hamısını yolur. Axırda lüm-lüt qalır. Sonra uzun dırnaqlarını  dimdiyi ilə qopardır. Ən sonda dimdiyini  daşlara sürtərək  qabıqdan çıxarır.  Sonra yenidən  tük gətirir, dıırnaqları uzanır, dimdiyi təzələnir. Xeyli vaxt keçir. Qartalın “əyni başı” tam düzələndən sonra  göylərin ənginliklərinə baş vurur. Bu təzələşmədən sonra qartal daha 30  il yaşayır.

 

Təbiətin özündə daim yeniləşmə,  təzəliyə adaptasiya gedir. Qartal qartallığı ilə bunu bacarır. Bəlkə də şüurdan daha üstün psixoloji proseslər var. Bizim onlardan xəbərimiz yox. Baxırsan, 70 ilin şairidir, can da köhnəlib, qələm də. İstəyirəm, deyəm, ay zalım oğlu, heç olmasa, bu qartala bax. O günü mənə nə deyir: hələ də o qadını  ürəkdən sevirəm. Vallah, qartal qartallığıyla belə  primitivlik  eləməz. Ya  intihar edər, ya da tükünü, dırnağını, dimdiyini tökər, təzə bəy  kimi çıxar ortalığa. Yoxsa bunun kimi. Ağzında bir dənə dişi yox, cibində pulu yox, vur-tut 3 kitabı çıxıb. Hamsı da köhnə şeirlər, çöyür tatı, vur tatı. O gün qartal məsələsini ona misal çəkirəm. Elə başa düşür ki, məsəl buna aid deyil. Bu, özünü turp kimi oğlan hesab edir.

 

Qartal məsələsini hər yerdə çəkirəm. Molladan tutmuş, yengəyə kimi. Nə molla yeniləşir, nə də yengə. Bizim kənddə bir arvad var, 30 ildir, yengə  vəzifəsində çalışır. Xonçası xonça, pulu da pul. Gecə bəylə danışığa gedir, əməlli-başlı qiymət oxuyur. Qızın əlinə qardaşının  dəsmalla bağladığı   pul da ona çatır. Hələ   bəyin döşəyin altına qoyduğu pulu demirəm. Dolların kursunun qalxmağı onun da məzənnəsinin qalxmağına əməlli-başlı təsir edib. Məsələn, kəndimizdə yeni doğulmuş qız uşaqlarını  indidən behləyir. Əgər biri   sözünün üstündə durmadısa, allı-gülü qarğışı  ağzında  o saat hazırdı: “Görüm, üstünüzə şalvar bağı açılmasın”.  Bu qızlara  aid  olan qarğışdı.  Hələ sən bunun işinə bir bax. Cavan oğlanlara da ilmə atır. Deyir ki, nişanlının yengəsi  mən özüməm.  Əgər oğlan “nəm-nüm” elədisə, yekə bir qarğışı təpəsindən aşağı buraxır: “Görüm, səni qırmızı gərdək dalına girməyəsən”. Yengəlikdən ötrü ölür. Olsun. Bizdə yengəlik xeyli inkişaf edib. Sevinmək lazım. Amma nə olar, qartal məsələsi olmasın, bu yengə də kaş tükünü, dırnağını tökə, təzələnə, yeniləşə.

 

Külək də yeniləşir, bulud da. Ağacların dibindən yeni şivlər göyərir, ilan qabıqdan çıxır, hər şey təzələnir. Hələ də molla “xəndək” davasından danışır. Hələ də Vasif Məmmədəliyev kimi hörmətli alimimiz  deyir ki, insanlar cinlərlə evlənib çoxalıblar. Hələ də qadın qapı-qapı düşüb  ərini özünə bağlamaq  üçün dua yazdırır. Dua yazan molla qartal olmaq istəmir. Ola bilməz axı. Günü-gündən əmmaməsini qalınlaşdırır.

Həkim tanıyıram, xəstəsinə deyir ki, arada bir özünü baxıcıya göstər. Bu  da Hippokrat Andı içmiş həkim. Belə həkim olar?! Hələ baxıcının  ünvanını, telefon nömrəsini deyir. Baxıcı da ona hesab verir axı. Hesab verməsə də,  baxıcı dua yazandan  sonra bərk-bərk ona  tapşırır ki, “Semaşka”da bir  yaxşı həkim var (yəni bu həkim), arada özünü bir ona göstər. İnandırıcı çıxsın deyə əlavə edir: “Mənim bir əmim oğlu vardı, dəlixanalıq olmuşdu, o, sağaltdı”.

 

Qartal məsələni hər yerdə çəkirəm, işdə, yolda, evdə. Deyirəm, nə olar, qadanızı alım, siz də qoca qartal kimi yeniləşin də...

 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>