Quşçu Ayrım cəbhəsi

Quşçu Ayrım Qazaxın kəndidir. Azərbaycan-Ermənistan cəbhə xətti bu kənddən də keçir. Bu kəndin adamları hər an, hər dəqiqə müharibənin hənirtisini hiss edir. Güllə, top-tüfəng səsi onlar üçün adi haldır. Səsini eşitdikləri güllələrdən, top mərmilərindən onların yaşadıqları kəndə də düşür. Quşçu Ayrım cəbhə xəttində yerləşən kəndlərin ümumiləşdirilmiş obrazıdır.

 

Ümumilikdə Qazaxın 6 kəndi Azərbaycan-Ermənistan cəbhə xəttində yerləşir - Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli, Kəmərli, Fərəhli, Məzəm. Qazaxın 7 kəndi isə işğal altındadır – Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızıl Hacılı, Xeyrimli.

 

Cəbhə xəttinin öz reallıqları var. Bu reallıqlar təkcə güllə altında yaşamaqdan ibarət deyil. Bu, məsələnin görünən və adiləşən tərəfidir. Vaxtaşırı Müdafiə Nazirliyinin statistikasında atəş altına düşən kəndlərin adını oxuyuruq. Sözsüz ki, Müdafiə Nazirliyi bu statistik məlumatlarda adı çəkilən cəbhə kəndləri sakinlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atır. İnsanların təhlükəsizliyi hər şeydən önəmlidir. Amma elə reallıqlar var ki, yaranan problemlərin həlli Müdafiə Nazirliyinin həll etməli olduğu və ya edə biləcəkləri siyahısında yoxdur.

 

Quşçu Ayrım kəndinin inzibati ərazisi olan sahələrin bir hissəsi cəbhə xətti adlanan reallığın nəzarəti altındadır. Yəni bir vaxtlar sakinlərin öz mal-qarasını otarması üçün istifadə etdiyi sahələr indi təhlükəlidir. Həmin ərazilər ya düşmənin nəzarəti altındadır, ya da düşmən kəşfiyyatının hərəkət ehtimalı olduğuna görə minalanıb.

 

Bu, cəbhə kəndinin reallıqlarından biridir. Qeyd edək ki, belə reallıqlar çoxdur...

 

Müdafiə Nazirliyi dövləti kənar təcavüzlərdən qoruyan və vətəndaşların təhlükəsizliyinə cavabdeh olan mərkəzi icra orqanı olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirir. Lakin yerli icra strukturları təhlükəsizlik üçün görülən tədbirlərin yaratdığı reallıqların sakinlərin həyatında diskomfortla nəticələnməməyi üçün müəyyən addımlar atmalıdır.

 

Axı cəbhə reallıqları ilə yaşayan sakinlərin otlaq yeri problemini də Müdafiə Nazirliyi həll edəsi deyil!

 

Bu diskomfortun nəticələri barədə danışmaq düz olmasa da demək lazımdır ki, güllə altında yaşayan insanların sosial durumunun mümkün qədər yüngülləşdirilməsi üçün müəyyən addımlar atılmalıdır. Müxtəlif sosial layihələr, bu insanların həyatını daha da rahat edə biləcək addımların atılması üçün perspektiv mövcuddur. Hətta kənd sakinləri özləri belə addımların atılması üçün müxtəlif təkliflər verə bilərlər.

 

Sadəcə, bu işə girişmək lazımdır.

 

P.S. Bu günlərdə Quşçu Ayrım kəndinin sakinlərinin iri buynuzlu mal-qarası cəbhə xəttinə yaxın ərazidə Ermənistan silahlı birləşmələrinin hərbçiləri tərəfindən atəşə tutulub. Kənd sakinlərinə ziyan dəyib. Bəzi heyvanlar yerindəcə ölüb. Bəziləri isə yaralı olsa da, minalanmış əraziyə girib, onları çıxarmaq mümkün olmayıb.

 

Milli maraqları nəzərə alaraq mövcud reallıqların bəzi detallarını açılması məsləhət deyil. Ancaq həm mərkəzi icra orqanı, həm də yerli icra strukturları sakinlərin rahat yaşayışını təmin etmək üçün bu istiqamətdə baş verənləri diqqətdə saxlamalıdır. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>