Sizin link burada

Tənha jurnalist, qaranlıq yolçuluq, okeanda bir gecə... – SƏBUHİ MƏMMƏDLİ ŞİMALİ KOREYADAN YAZIR

 

...Növbəti səfər iyulun 28-ə planlaşdırılmışdı. Bizimlə birgə səyahət edəcək qrupda 11 nəfər olmalıydı. Və onların hamısı Rusiya vətəndaşları idi. Sonradan Vladivostokda öyrənəcəkdik ki, onların hərəsi bir peşə sahibidir. Həkim olanı da var, menecer işləyəni də, etnoqrafı da. Aralarında jurnalist isə bircə mən idim. Amma iş ondadır ki, danışıq apardığımız turizm şirkətinə özüm barədə məlumatları göndərərkən tarix müəllimi olduğumu bildirmişdim. Amma nə biləydik ki...

 

Əslində elə Bakıda da bəzi tərəddüdlər var idi. Səfərlə bağlı APA Holdinqin rəhbərliyi də narahat idi. Düzdür, biz turizm şirkətinə turun ödənişini belə etmişdik. Bununla belə səfər ərəfəsində tərəddüdlər yenə də qalmaqdaydı. Amma bütün bunlara baxmayaraq, qərar verilmişdi. “Maksimum ehtiyatlı ol” məsləhətinə qulaq asmaqdan başqa əlac qalmamışdı. Qarşıda bizi uzun bir yol gözləyirdi. Bakıdan nə az, nə çox düz 10 min kilometrlik bir yol…


***

 

Əvvəlcə Moskvaya uçmalıydıq. Oradan Vladivostoka. Vladivostok Dəniz Vağzalından isə bərəylə Rason şəhərinə.

 

Hələ Bakıdaykən şirkətdən bizə deyilmişdi ki, Rason azad iqtisadi zona olduğundan viza gərək deyil. Sadəcə, giriş və çıxış kartıyla zonaya daxil olacaqdıq. Səfər 6 gün çəkəcəkdi, turistlər Rasonda olacaq, Pipxa adasına gedəcək, Çuçjin çimərliyinə baş çəkəcək, dəniz pişiklərini seyr edəcək, Şimali Koreya liderlərinin şərəfinə yetişdirilən “kimirsen xva” və “kimçenir xva” güllərinin yetişdirildiyi plantasiyalarda olacaqdılar.


Görüş saat 17.30-a vağzaldakı fontanın yanına təyin edilmişdi. Artıq saat 17-də bizi Vladivostokda müşayiət edən həmyerlimiz Yavər müəllimlə birgə vağzaldaydıq. Az keçmiş koordinator da gəldi. Bileti və tur-paketi təqdim etdi. Yarım saata isə qrup üzvlərinin hamısı yığışdı. Qısa tanışlıqdan sonra bildirildi ki, bərə qrafik üzrə saat 20-də yola düşməlidir. Amma böyük ehtimalla, yubanacaq. Sən demə, Rusiya Hərbi Dəniz Qüvvələri Yapon dənizində təlim keçirmişlər…

 

***

 

- Məmmədov, bir dəqiqə səni olarmı?

 

Koordinator idi. Yavər müəllimlə birgə yaxınlaşırıq.

 

-  Deməliyəm ki, bütün qrupa bir bələdçi ayrılıb, sizə isə ayrıca bələdçi.

 

- Niyə?

 

- Belə məsləhət oldu.

 

- Xarici vətəndaş olduğuma görə?

 

- Həm də ona görə… Gəl bayıra çıxaq.

 

Vağzal binasından çıxıb, limanda gəzişirik.

 

- Siz niyə deməmisiz ki, jurnalistsiz? Mənə əməlli problem yaratmısız. İndi necə olsun?

 

- Axı..

 

- (Sözümü yarımçıq kəsib çantasından bir neçə vərəq çıxarır) Baxın, sizin yazıların sürətidir. Amma deyirsiz tarixçiyəm. Heç bilmirəm neyləyim… Ümumiyyətlə neyləyək? Sizin Çin vizanız var?

 

- Yox.

 

Harasa zəng edir. Hansısa keçid məntəqəsini soruşur.

 

- Yox, Çinə də vizasız keçə bilməyəcəksiz. Sərhəddə viza verilmirmiş. Gözləyin burada…

 

Özü isə deyəsən bərə kapitanının yanına gedir. Yeri gəlmişkən. “Gyong Bong” adlanan bərə 25 il bundan əvvəl hazırlanıb. Rason-Vladivostok reysi ilə hərəkət edir. “Gyong Bong” Şimali Koreyanın paytaxtı Pxenyan yaxınlığında yerləşən bir təpənin adıdır.  Bərənin 1000 ton yük götürmə qabiliyyəti var. Kayutları 6 nəfərlikdir. Bəndənizə isə 103 saylı kayutda yer ayrılmışdı.

 

***

 

Koordinator 15 dəqiqədən sonra geri qayıtdı. Mənim adıma yazılmış giriş və çıxış kartını təqdim etdi. Və ardınca da məsləhətlərini. “Telefon və planşetdən maksimum az istifadə etməli, yerli əhaliylə minimum təmas, spirtli içkidən - baxmayaraq ki, qadağan deyil – imtina”. Tur-paketdə göstərilən 6 günlük səfərdən isə söhbət gedə bilməz; ən qısa zamanda geri!

 

- Mən istəyirdim ki, siz Çindən qayıdasız. Amma Çinlə sərhəddə yerində viza verilmir. Odur ki, gəmiylə qayıtmalı olacaqsız… Kartı itirməyin.

 

***

 

Saat 22-də bərə artıq səfərə hazır idi. Proqrama görə, şam yeməyi veriləcək, bundan sonra isə yatmaq vaxtıydı. Bərə qrafiklə səhər saat 8-də Rasonda olmalıydı. Amma heç şübhəsiz, gecikəcəkdi...

 

Bu məqamda bir haşiyə çıxaq. Şimali Koreya ilə Rusiyanı təkcə dəniz yolu birləşdirmir. Ümumiyyətlə, bu ölkəni təkcə Rusiya ilə bir neçə nəqliyyat dəhlizi birləşdirir. Yuxarıda söhbət açdığımız dəniz yolundan başqa mərkəzi Vladivostok olan Primorye diyarından Şimali Koreyaya təyyarə və qatarla da getmək mümkündür. Vladivostokdan Pxenyana təyyarə marşrutu var. Qatarla isə Primorye diyarının Ussuriysk şəhərindən hərəkət etmək olar. Ussuriysk–Tumanqan (Şimali Koreya) reysi ayda bir neçə dəfə hərəkət edir. Rusiya ilə Şimali Koreyanın quru sərhədini isə Koreya-Rusiya dostluq körpüsü ayırır. Tumanqan Rusiyanın sonuncu yaşayış məntəqəsi sayılan Xasanla sərhəddədir.

 

Yuxarıda qeyd etdiyimiz kimi, Rason Şimali Koreyada yeganə azad iqtisadi zonadır.

Əslində iqtisadi zonanı koreyalılar Rason adlandırırlar. Məsələ ondadır ki, bu zona iki şəhəri, Rason və Sobon şəhərlərini əhatə edir. Elə bu iki şəhərin adından da zonanın adı yaranıb. Rason Çin-Rusiya-Şimali Koreya sərhədində yerləşir. Bir sözlə, iqtisadi zona bu üçbucaqda formalaşdırılıb.

 

Belə anlamaq olar ki, Şimali Koreya dövləti, nəhayət, ölkəyə investisiya cəlb eləmək üçün azacıq da olsa nəfəslik yarada bilib. Hələ Vladivostokdaykən bizə bildirdilər ki, Şimali Koreyada dollar, avro, hətta yerli valyuta vondan çox Çin yuanı işləkdir. 900 yerli von isə təxminən 1 dollara bərabərdir. Bir qədər irəli gedib bildirim ki, adıgedən iqtisadi zona artıq Çin iş adamları tərəfindən sözün həqiqi mənasında işğal olunub. Çinlilər bura nəinki iş qurmağa, hətta kazinoda oynamağa belə gəlirlər. Çünki Şimali Koreyada yeganə kazino məhz burada, Rason iqtisadi zonasındadır.


***

 

...Bərə qrafik üzrə 12 saat hərəkət etməliydi. Sərnişinlərə səhər yeməyi veriləndən sonra hamı bərənin nə vaxt limana çatacağını gözləməyə başladı. Və nəhayət, kimsə sanki Kolumbun matrosu kimi qəfil qışqırdı: “Torpaq!”…

 

Bura Rason idi... 

(Yazıların hazırlanmasında dəstəyə görə, Dünya Azərbaycanlıları Assambleyasına minnətdarlıq edirik)

 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>