Sizin link burada

"Kəlağayı bizim milli sərvətimizdir" - İLHAM ƏLİYEV

“Azərbaycanda 30 rayonda barama istehsal olunur. Mən birinci 10 rayonun adını çəkmək istəyirəm, ictimaiyyət də bilsin ki, harada nə qədər barama tədarük edilir. Birinci yerdə Zərdab rayonudur - 27 ton. Ondan sonra Füzuli 24, Zaqatala 21, Şəki 18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə 12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton. Yəni, burada da artım, əlbəttə ki, çox sürətlidir və potensial daha da böyükdür. Çünki 30 rayonda baramanı yetişdirmək mümkündür. Dövlət hər şeyi öz üzərinə götürüb. Kümçülərə materiallar, subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaq. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur”.
 
APA-nın məlumatına görə, bunu Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
 
“Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıb. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaq. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır. Əgər hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olurlarsa, bu, onu göstərir ki, bu sahəyə çox böyük maraq var. Bu, çox sevindirici haldır. Baramaçılığın inkişafı üçün bu il əlavə tədbirlər görülüb. Vaxtilə burada, Qax rayonunda damazlıq stansiyası fəaliyyət göstərirdi. Onun indiki şəkillərini kənd təsərrüfatı naziri mənə göstərmişdir, çox bərbad vəziyyətdədir. Ona görə, göstəriş verildi, vəsait də ayrıldı. Prezidentin ehtiyat fondundan 4,5 milyon manat ayrıldı ki, tezliklə Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulsun, ən yüksək avadanlıqla təchiz edilsin və biz artıq xarici bazarlardan asılılığımızı azaldaq, aradan götürək. Bizə lazım olan bütün materiallar artıq Azərbaycanda yetişdiriləcək və bu sahəni müstəqil şəkildə inkişaf etdirmək üçün bizdə yaxşı imkanlar olacaq”, - deyə prezident vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, tütünçülükdə olduğu kimi, baramaçılıqda da bütün qəbul məntəqələri tezliklə yaradılmalıdır: “Qoy, təkliflər versinlər, dövlət bunu öz üzərinə götürməyə hazırdır, hesablasınlar nə qədər vəsait, investisiya lazımdır, başqa hansı işlər görülməlidir. Hesab edirəm ki, bu il və gələn il bütün bölgələrdə qəbul məntəqələri yaradılmalıdır. “Şəki İpək”in fəaliyyəti daha da genişləndirilməlidir. Məndə olan məlumat ondan ibarətdir ki, hazırda “Şəki İpək”in istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək alınacaqdır. İndi isə istehsal gücü 135 tondur. Bu, onu deməyə əsas verir ki, ilk addım olaraq “Şəki İpək”in imkanları genişləndirilməlidir. Baxmaq lazımdır, əgər dövlət vəsaiti lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə kombinatın istehsal gücü artsın və təqribən 3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu rəqəmə sürətlə çatacağıq. Hazırda “Şəki İpək”də üçnövbəli iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, “Şəki İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təkliflər versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işlərə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Çünki bu da çox gəlirli sahədir. İnvestorlar əmin olmalıdırlar ki, bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq. İndi çoxlu ağaclar əkilir, bu, yeni yaranacaq ipək kombinatının resurs bazasıdır. Yəni, heç bir problem olmayacaq və beləliklə, ancaq sərmayə qoymaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır. Aidiyyəti dövlət qurumları investisiya təklifləri ilə əlaqədar işləsinlər və tezliklə mənə təklif versinlər ki, bu yeni kombinatın harada yerləşməsi, fəaliyyət göstərməsi daha məqsədəmüvafiqdir.
 
Əlbəttə, biz artıq dünya bazarlarına öz ipəyimizlə çıxırıq, daha da geniş şəkildə çıxmalıyıq. Biz gərək ixrac bazarlarını təftiş və təhlil edək. Onu da deməliyəm ki, burada da çox böyük rəqabət var. Bazarlar demək olar ki, artıq bölünüb və ixrac bazarlarına çıxmaq üçün gərək əlavə səylər göstərilsin. Ona görə, bu istehsal sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir. Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalıyıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda ipəkçiliyin qədim tarixi var, bizim kəlağayı bizim milli sənətimizdir, milli sərvətimizdir, ona görə, bu məsələlər də geniş şəkildə araşdırılmalıdır”.
 
Dövlət başçısı bildirib ki, ipəkçilik öz növbəsində xalçaçılığa da güclü təkan verəcək: “İndi biz xalçaçılığın inkişafı ilə də ciddi məşğuluq. “Azərxalça” 13 rayonda öz fabriklərini yaradır, onlardan birincisi keçən il Horadiz şəhərində mənim iştirakımla açılıb. Bu il, gələn il daha 12 rayonda yeni xalça fabrikləri açılacaqdır və o cümlədən biz ipək xalçaların istehsalı üçün bu işləri yerli xammal əsasında qurmalıyıq. Ona görə, baramaçılığın inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan verəcək. Tütünçülükdə olduğu kimi, bu sahəni sürətlə inkişaf etdirmək üçün dövlət proqramı qəbul edilməlidir”.

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>