Sizin link burada

"Elə etməliyik ki, vətəndaşlar az siqaret çəksinlər" - İlham Əliyev

“Əsas vəzifələrdən biri də odur ki, Azərbaycanda siqaret istehsalı daha da artsın. Mən bunu əvvəllər də demişəm, bu gün də deyirəm, biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Çünki bu, zərərli vərdişdir və insanın sağlamlığına çox böyük təhlükələr, problemlər yaradır. Ona görə, müvafiq tədbirlər görüləcək ki, Azərbaycan vətəndaşları bu vərdişdən tədricən əl çəksinlər. Ancaq bu gün Azərbaycanda siqaret istehlakı var. Mənə verilən məlumata görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir. Ona görə, biz daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün tezliklə Azərbaycanda siqaret istehsalını inkişaf etdirməliyik. İlk növbədə, daxili bazar idxaldan asılı olmamalıdır ki, valyuta ölkədən getməsin və ondan sonra biz ixrac məsələləri ilə də məşğul olacağıq”.
 
APA-nın məlumatına görə, bunu Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
 
O qeyd edib ki, mövcud siqaret fabriklərinin gücü artırılmalıdır: “Bizdə o qədər də çox siqaret fabriki yoxdur. Hesab edirəm ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabrikləri də yaradılmalıdır. Elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Onların iqlim şəraiti buna imkan vermir. Ancaq orada bir neçə siqaret fabriki var. Onlar xam tütünü bizdən alır, siqaret istehsal edir və sonra bizə satırlar. Yəni, bu, onu göstərir ki, bu, çox gəlirli sahədir. Onsuz da biz bilirdik ki, gəlirli sahədir. Xüsusilə nəzərə alsaq ki, bizim öz tütünümüz var, bu sahənin gəlirliliyi daha da artacaq. Ona görə, dövlət öz dəstəyini göstərir. Bu sahəyə çox ciddi təkan verilir, bütün lazımi avadanlıq, qəbul məntəqələri, texnika, hamısı təmin ediləcəkdir. Elə etməliyik ki, son məhsula qədər bu istehsal Azərbaycanda təmin edilsin. 2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olsunlar. Belə olan halda, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər. Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcək. Proqram demək olar ki, hazırdır. Bu gün səslənən fikirlər və mənim səfərim nəticəsində apardığım müşahidələr də o proqrama əlavə olunaraq tezliklə qəbul ediləcək. Bu proqramın qəbulu bir daha onu göstərir ki, dövlət bu sahəyə çox ciddi fikir verir”.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>