Sizin link burada

Rusiyalı alim ermənilərin iddiası əsasında İstintaq Komitəsinə çağırıldı

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia ilə bağlı İstintaq Komitəsinə çağırılıb.
 
Bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov məlumat verib.
 
O, avqustun 4-də ermənilərin onun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyası ilə bağlı iddiası çərçivəsində İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə İdarəsinə çağırıldığını bildirib: "Avqustun 4-də İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Alekseyeviç Berlyov tərəfindən dindiriləcəyəm. Müstəntiqin özünün qeyd etdiyi kimi, "Ermənistan vətəndaşlarından ibarət qrup"un mənim "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyamda cinayət tərkibinin-Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin (milli zəmində nifrətə təhrik) olmasını yoxlamaq tələbi ilə bağlı ərizəsi var. Bu ərizənin mövcudluğu ilə bağlı xeyli müddətdir xəbərim var. Hələ ötən həftənin dördüncü günü mənə bu barədə moskvalı jurnalistlərdən biri məlumat vermişdi. Sorğu keçirmək üçün bu cür dəvət tamamilə qanunidir, eləcə də belə hallarda hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətini reqlament edən Rusiya cinayət-prosessual hüququnun normalarına uyğundur".
 
O. Kuznetsov formal-hüquqi nöqteyi-nəzərdən hər şeyin düzgün və qanuni göründüyünü vurğulayıb: "Lakin İstintaq Komitəsinin divarları arasında vəziyyətin necə inkişaf edəcəyi mənə məlum deyil. Ona görə də, hər ehtimala qarşı Moskvanın tanınmış vəkili Elmar Paşayevin dəstəyini almaq qərarına gəldim. O, məni müstəntiqlə görüşümdə müşayiət edəcək. Beşinci gün, günün ikinci yarısında müstəntiqin suallarına cavab verməyə hazır olacam".
 
Qeyd edək ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>