Prezident bir sıra obyektlərdə aparılan işlərlə tanış olub - FOTO - YENİLƏNİB

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Tikinti işləri ötən ay başa çatdırılıb. Ərazisi 2124 kvadratmetr olan bina üçmərtəbəlidir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalı və yeməkxanada da yüksək şərait var.

Qeyd edək ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb və attraksionlar quraşdırılıb.

 

*** 16:31

 

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, rayonun Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.

Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir.

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

16:06

 

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verilib.

Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.

Qeyd olundu ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.

Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, indi ərazidə 1,4 və 1,5 hektar sahədə yeni fındıq bağları salınıb.

Bu il fındıq bağlarından bol məhsul gözlənilir. Avqustun sonlarından başlayaraq bir ay ərzində məhsulun yığımı həyata keçiriləcək. Bununla da qeyri-neft sektorunun inkişafını qarşıya əsas məqsəd qoyan dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər sayəsində bu sahədə ciddi nailiyyətlər əldə olunur. Fındıqçılığın inkişafının stimullaşdırılması da bu qəbildəndir. Ümumiyyətlə, fındıq istehsalı ölkəmizdə kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycandan 25 ölkəyə 100 milyon dollardan çox məbləğdə fındıq ixrac olunub. Bu sahədə təbii ki, dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin də böyük rolu var. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkil edilən çoxsaylı biznes forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak edən milli istehsalçılar yeni dəstək mexanizmlərindən istifadə edərək bu sahədə ciddi irəliləyişə nail olublar. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına milyonlarla manat güzəştli kreditlər verilib, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılıb. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının və ixracının daha da artırılmasına geniş imkanlar açıb.

*** 15:56

 

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, açılışda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.

Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir.

Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

 

*** 15:41

 

 

Avqustun 3-də Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma vasitəsilə qidalanan 1x6,3 MVA gücündə olan “Bəhmətli” yarımstansiyası Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu. Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1 kilometr uzunluğunda birdövrəli “Bəhmətli” budaqlanması ikidövrəli budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2x10 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq “Muğanlı” və 35/6 kV-luq “Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər, yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. “Bəhmətli” yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Bu stansiyadan əlavə Zaqatala EŞ-nin xidməti ərazisində əvvəllər adı “Ulduz” olan 35/10 kV-luq yarımstansiya tam sökülərək, yerində müasir tipli qapalı “Danaçı” yarımstansiyası da tikilib.

Dövlətimizin başçısının müəyyənləşdirdiyi “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, şimal-qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində genişmiqyaslı tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Zaqatalada inşa edilən 110/35/10 kV-luq “Bəhmətli” yarımstansiyası da bu istiqamətdə icra edilən layihələrdəndir. Ümumilikdə, son illərdə “Azərişıq” ASC tərəfindən bu bölgədə çox mühüm işlər görülüb. “Azərişıq” ASC yaradıldıqdan sonra turizm və kənd təsərrüfatı zonası sayılan şimal-qərb bölgəsində müasir standartlara cavab verən 110/35/10 kV-luq 4 yarımstansiya tikilib və yenidən qurulub. 35/10 kV-luq yarımstansiyalar üzrə 3 yarımstansiya istifadəyə verilib, 5 yarımstansiyada isə işlər yekunlaşmaq üzrədir. Bütün bunlarla paralel olaraq, Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 transformator məntəqəsi quraşdırılıb. Region üzrə 300 kilometr izolyasiyalı naqil və 310 kilometr naqil xətləri çəkilib, 27 min yeni dayaq basdırılıb və dəyişdirilib. İki il ərzində Qax, Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında müasir və bir-birindən fərqli memarlıq üslubunda yeni ofis binaları tikilərək istifadəyə verilib. Əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılan ofis binalarında abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Şimal-Qərb RETSİ-si üzrə 150-yə yaxın kənd və qəsəbələrdə yenidənqurma işləri aparılıb və aparılmaqdadır. 8 rayon üzrə ümumilikdə, 7225 yeni sayğac quraşdırılıb, 14025 sayğac yenisi ilə əvəz edilib. Ümumilikdə istismar müddətini başa vurmuş elektrik şəbəkələrində görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb. “Azərişıq” ASC yaradılandan sonra Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.

Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

 

*** 15:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

Diqqətə çatdırıldı ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. “Azərtütün” MMC-nin müasir şum texnikası, tütün şitilini basdırmaq, əkinə qulluq, kultivasiya işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını yığan xüsusi kombaynları da var. 2016-cı ildə tədarük olunmuş 1039 ton “Virciniya” sortlu quru tütün bu müəssisədə emal olunaraq satılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, son illərdə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu cür layihələrin uğurla icrasının təməlində Azərbaycan dövlətinin iş adamlarına göstərdiyi diqqət və qayğı durur. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu müəssisələr həm də daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialımızı artırır. Beləliklə, “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodunun yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə mühüm işlər görülür və bu işlər iqtisadiyyatın bir çox sahələrini əhatə edir.

 

*** 14:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verib. Bildirib ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>