“Qəbələ Beynəlxalq Musiqi Festivalı möhtəşəmdir” - SƏFİR

“Mən 8 ildir ki, Azərbaycanda Rusiyanı təmsil edirəm. Ötən illər ərzində 5 dəfə Qəbələ Beynəlxalq Musiqi Festivalına qatılmışam. İmkan daxilində belə bir möhtəşəm musiqi festivalını izləməyə çalışıram”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. Diplomat festivalın çox yüksək səviyyədə təşkil edildiyini bildirib: “Hər il burada dünyanın tanınmış musiqiçilərinin ifasını canlı dinləmək imkanım olur. Konsertdə dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım. Qəbələ festivalının yüksək səviyyəli tədbir olduğunu bilirəm. Tədbirin təşkilatçılarına təşəkkür edirəm. Mən isti yay günlərində istirahət üçün Qəbələni seçdim. Ona görə ki, gözəl təbiəti, istirahət mərkəzləri, qonaqpərvər insanları olan Qəbələyə gəlməklə mən həm də beynəlxalq musiqi festivalında iştirak edirəm”.
 
Səfir Vladimir Doroxin Qəbələ festivalı çərçivəsində Rusiya ilə bağlı bir sıra irihəcmli tədbirlərin reallaşdığını söyləyib: “Musiqi sərhəd tanımadığı üçün Qəbələ festivallarında Rusiyanın tanınmış orkestrləri, solistləri, dirijorları çıxış edib. Həmçinin, ötən 9 ildə Qəbələdəki bütün musiqi festivallarında rusiyalı bəstəkarların əsərləri səsləndirilib. Bu da iki ölkə arasındakı mədəni və tarixi bağların dərinliyindən xəbər verir”.       

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>