Çingiz Qənizadə: "Görünür, bu, prezidentimizin də diqqətini cəlb edib..." - MÜSAHİBƏ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadənin bu gün 60 yaşı tamam olur. Həmçinin o ictimai-siyasi fəliyyətinə görə, ötən gün prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. “Qafqazinfo” bu münasibətlə millət vəkilini təbrik edir və onun keçdiyi həyat yollarından, ailə həyatından, tələbəlik illərindən  və fəaliyyəti ilə bağlı müsahibəni təqdim edir: 

 

- 60 yaşınız tamam oldu. Bu yaş ömrün elə bir çağıdır ki,  geriyə dönüb müəyyən qiymətləndirmələr aparmaq olar. Bu baxımdan, yaşadığınız ömrü necə dəyərləndirirsiniz?

 

- Hələ məktəbdə oxuyarkən hüquqşünas olmaq arzusunda idim. Bu istək həyatımın gələcəkdə istiqamətlənməsində mühüm faktor oldu. Universitet ilim təzəcə başa çatmışdı ki, ölkədə Milli Azadlıq Hərəkatı başladı. Mən də bu hərəkatdan kənarda qala bilməzdim. Çünki daxilən haqq-ədalət uğrunda çarpışmağa hazır olan birisiyəm. Ona görə də, bu hərəkatın ən yüksək pillələrinə qədər gedib çıxa bildim. 1991- ci ilin oktyabrın 18-də Müstəqillik Aktı qəbul olundu.  Hesab edirəm ki, ölkənin bugünkü müstəqilliyinin əldə olunmasında milyonlardan biri kimi  mənim də kiçik də olsa payım var. Bu da mənim həyatımın ən şərəfli hissəsidir. Sonrakı dövrlərdə vəkil, prokuror və hüquq müdafiəçisi kimi fəaliyyət göstərdim.  

Geriyə baxdığımda görürəm ki, şərəfli yaşamış, çoxlu insanlara yaxşılıq etmiş, ədalətin bərpası üzərində apardığım çətin işlərdə uğur əldə etmişəm. İndi də bu fəaliyyətim davam edir. Bu da mənə başucalığı gətirən məqamlardan biridir. 

Normal həyat tərzi keçirmişəm. Təbii ki, müəyyən sıxıntılı zamanlar olur, amma 60 illik həyatımdan demək olar ki, tam razıyam.

 

- Rayonda böyüyən bir gənc Bakıda tələbəlik həyatı keçirib. Ölkənin o dövrdə baş verən ictimai-siyasi-hüquqi həyatında fəallıq nümayiş etdirib. Bilmək istəyirəm ki, bu yolda sizə kimlər kömək edib? Çünki təkbaşına bunları etmək çətin olardı…

 

- Hər bir şəxsin ailəsində ona dəstək olmasa, bu onun üçün olduqca çətin ola bilər. Bayırda baş verən proseslərin acısını insan gəlib evdə çıxarır. Evdə dəstək olmasa ağrını-acını kiminsə üstünə tökə bilir. Ailəm, dostlarım tərəfimdən mənə dəstək olunubsa, o çətinliklərə sinə gərə bilmişəmsə mənə dəstək olan hər kəsə təşəkkür düşür. Bu günə qədər həyatda arzuladığım hər bir şeyə nail olmuşam. Mən 20 il ərzində beş dəfə parlament seçkilərində iştirak etmişəm. Hər dəfə ikinci yerə çıxmışam. 2010- cu ildə isə bu baryeri aşıb birinci yerə çıxmışam. Demək istəyirəm ki, hər bir insan çətinliklərə qarşı mübarizəni axıra qədər aparmalıdır. Onda istək və arzular reallığa çevrilir.

 

- Ailənizin  maddi cəhətdən imkanı necə olub? 

 

- Adi, zəhmətkeş bir ailənin övladı olmuşam. Bakıda universitetin hüquq fakültəsinə qəbul oldum. Həmin illərdə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Qəbul imtahanlarından bir az əvvəl ulu öndər Rusiyanın “Nezavisimaya” qəzetinə müsahibə vermişdi. Başlıq belə idi: “Qoy ədalət zəfər çalsın”. Həmin müsahibədə qeyd olunurdu ki, hüquq fakültəsinə əsasən fəhlə və kəndli balaları daxil olmalıdırlar. Həqiqətən də həmin illərdə bizim qrupa daxil olan tələbələrin 80-90 faizi fəhlə və  kəndli balaları idi. Qeyd etmək istəyirəm ki, mənim də hüquq fakültəsinə daxil olmağımda ulu öndərin payı vardır. Tələbə ikən çoxları kimi kirayədə qalırdım.  Ailə qurduğum ilk illərdə də kirayədə yaşamışıq. Sonra yavaş-yavaş həyatımı və şəraitimi dəyişə bilmişəm. Rayondan gələn minlərcə insanın həyatı bu yoldan keçib. Eyni zamanda valideynlərimin də dəstəyini həmişə hiss etmişəm. 

 

- Neçə övladınız var, hansı işlə məşğuldurlar? 

 

- Oğlum hüquq-mühafizə orqanlarında çalışır. Hazırda Binəqədi rayon prokurorunun müavinidir. Ümid edirəm ki, ona göstərilən etimadı layiqincə doğruldur və doğruldacaq. Qızım həkimdir. Sadə azərbaycanlı ailəsiyik. 

 

- Nəvələrinizlə necə vaxt keçirirsiniz? 

 

- Nəvələrimin sayı maşallah çoxdur. Onlarla nəfəs alıram. Oğlan nəvələrim mənimlə qalırlar, ikisi əkizdirlər. Onları hər gün görməsəm, darıxıram.  

 

- İndi deputatların istirahət vaxtıdır. Siz necə, dincəlmisiniz? Yoxsa elə burda qalacaqsınız? 

 

- Yaşayış səviyyəmiz orta azərbaycanlı ailəsinin yaşayış səviyyəsidir. Əməkhaqqımızla ailənin tələblərini ödəyir və bunun üzərində də planlarımızı qururuq. Mən tətildə olsam da, iyulun 31-də seçildiyim İmişli-Beyləqan rayonlarının 6 aylıq hesabat yığıncaqlarında iştirak etmişəm. Seçicilərimlə məzuniyyətdə olarkən də əlaqələri kəsmirəm. Bir neçə gündən sonra isə Ağdaşa qohum-əqrəbamın yanına gedəcəm. Sonra isə Şamaxıda istirahət etməyi fikirləşirik. Ölkədən kənarda istirahət etmək bu il yəqin ki, mümkün olmayacaq. 

 

- Maddi cəhətdən mümkün deyil? 

 

- Bəli, səbəblərdən biri də budur. 

 

- Özünüzün fiziki sağlamlığınıza vaxt ayıra bilirsizmi? 60 yaşınız var. Amma, maşallah, sizə o yaşı vermək olmur…

 

- Konkret idman növü ilə məşğul deyiləm. Hər gün bir saatdan çox piyada gəzməyi xoşlayıram. Bəzən müddət daha çox olur. İnsan üçün ən böyük sağlamlıq piyada gəzməkdir. Düzdür, yaşımı mənə heç kim vermir. Bəlkə də ola bilər ki, genetikdir. Bütün həyatım boyu fəaliyyətdə olmuşam, zəhmət çəkmişəm, işləmişəm. 

 

- Belə  çıxır ki, çox işləmək adamı yormur…

 

- Mən tətil zamanı da tez-tez parlamentdə, iş yerində oluram. İşləməkdən heç vaxt qorxmamışam. Həmişə hər şeyi özüm nəzarətdə saxlamışam. İnsanlara yaxşılıq etməklə qidalanıram. Bəlkə də belə cavan qalmağımın səbəbi insanlara etdiyim yaxşılıqların cavabı olaraq mənə edilən xoş dualardır. 

 

- Bildiyimə görə, tələbə yoldaşlarınız arasında həmişə fərqlənmisiniz. Yəni birinci olmusunuz…

 

- Bəli. Qrupda ilk prokuror, ilk ədliyyə generalı, ilk hüquq üzrə fəlsəfə doktoru, ilk deputat mən olmuşam. Bu həm çəkdiyim zəhmətlərin, həm də taleyimin qismətidir. 

 

- Xarakter olaraq necə birisiniz? Kövrəksiniz? Sizi kövrəldən anlar çox olurmu? 

 

- Çox kövrək insanam, ancaq bu anı təklikdə yaşayıram. Nələrisə xatırlayıb kövrəlirsən, bu  kövrəklik sevincdən də ola bilər. Həddən artıq kasıb və xəstə insanlara qarşı çox həssasam. Bu da mənə bəzən əziyyət verir. Amma sonradan fikirləşirəm ki, Allah-təala hərəyə bir ömür nəsib edib. 

Təbii ki, hər bir insanın həyatında sevincli və kədərli günlərlə bağlı göz yaşları olur. Ali məktəbə daxil olanda sevincdən kövrəlmişəm, daha çox sevinc göz yaşlarımı 18 oktyabr 1991-ci ildə Müstəqillik Aktının qəbul olunması zamanı axıtmışam.  2006-cı ildə 9 saylı seçki dairəsində təkrar seçki keçirilərəkən gecə məlum oldu ki, mən 641 səslə ikinci yerdəyəm. O zaman da kövrək hislərim olub. 2007-ci ildə atamı itirərkən də ağlamışam. Ancaq 2010-cu ildə deputat seçilərkən onun əksinə, sevincdən kövrəlmişəm. 

Və nəhayət möhtərəm prezident İlham Əliyev dünən mənə “Şöhrət” ordeni ilə təltif edərkən sevincdən kövrəlmişəm.

 

- Siz belə bir təltif gözləyirdinizmi?

 

- Düzü, “Şöhrət” ordeni ilə təltif olunacağımı gözləmirdim. Mənim bütün həyat fəaliyyətim, ictimai-siyasi fəaliyyətim göz qabağında olub və görünür bu prezidentimizin də diqqətini cəlb edib. İctimai-siyasi fəaliyyətimə belə yüksək qiymət verdiyinə görə möhtərəm prezidentimizə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm. Əmin etmək istəyirəm ki, bundan sonrakı bütün fəaliyyətimdə yalnız dövlətin maraqlarından çıxış edəcəyəm.

 

- Əsəbiləşəndə vurub dağıtmaq xüsusiyyətiniz var? 

 

- Vurub-dağıtmaq zəiflik əlamətidir. Mən isə özümü güclü şəxsiyyət hesab edirəm.

 

- Özünüzə bağışlamadığınız səhviniz var? 

 

- Xeyr. Həyatda hər şeyi ölçüb-biçmək lazımdır. 60 illik həyatımda mənə qəbahət, əziyyət verəcək hansısa addım atmamışam. 

 

- Hər sahədən çoxlu dostlarınız var. Amma  insanın ona daha doğma olan bir neçə dostu ola bilər. Bu baxımdan sizin əsl, ən yaxın dostlarınız kimlərdir? 

 

- Ən çox tələbə yoldaşlarımızla dostluq edirəm. Boş vaxtlarımız olanda, onu tələbə yoldaşlarımızla keçirməyə üstünlük veririk. 30 il bundan öncə bir-birimizi qazanmışıq. Həftədə bir ya iki dəfə yığışır, görüşür və nələrisə müzakirə edirik. 

 

- Yığışmaq deyəndə, bu evdə  olur? Bir məqam yadıma düşdü. Görkəmli şairimiz Musa Yaqubla müsahibədə o demişdi ki, biz bir neçə dost qərara almışdıq ki, gərək elə qadınlarla ailə həyatı quraq ki, onlar bizim qonaq-qaralı olmağımıza razı olsun, xoş üzlə qarşılanaq həmişə…

 

- Çox az hallarda evdə toplaşırıq. Evdə hər bir məsələnin tənzimlənməsi kişidən asılıdır. Ortada səmimi münasibətlər olanda belə şey ola bilməz. Mən belə bir problem yaşamamışam. 

 

- Uzun illərdir ki, hüquq sahəsində fəaliyyət göstərirsiniz. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Bizdə qanunlarda hansı boşluqlar görürsünüz?  Vacib boşluqlar nələrdir? 

 

- Qanunlarda həddən çox boşluqlar olur. Zaman keçdikdə qanunlar mütləq tənzimlənməli və təzələnməlidir. Biz parlamentdə çoxsaylı qanunlara əlavə və dəyişikliklər edirik. Cinayət, inzibati, mülki, cinayət prosessual, mülki prosessual və s. kimi çoxlu qanunlara əlavə və dəyişikliklər etməklə bu boşluqları doldurmuşuq. Yol hərəkəti haqqında qanunlara nə qədər müsbət dəyişikliklər etmişik. Addım-addım boşluqların dalınca gedirik, onları bərpa edirik. Mənim təşəbbüsümlə 4 qanuna əlavə və dəyişikliklər edilmişdir. Bu gün məni daha çox narahat edən Cinayət Məcəlləsinin 234.1-ci maddəsidir. Bu narkotikdən istifadəyə görə cinayət məsuliyyətidir. Hesab edirəm ki, bu insanlar xəstədir. Onlar cinayət  məsuliyyətinə cəlb edilməməlidirlər. Siqaret çəkən, içki içən necə ki həbs edilmirlərsə, narkotik qəbul edəni də həbs etmək düzgün deyil. Amma onun satışı ilə, əkilib-becərilməsi ilə məşğul olanlar daha ağır cəzalara layiqdirlər.  Bundan əlavə, avtoxuliqanlıqla bağlı Cinayət Məcəlləsinə əlavələrin edilməsinin tərəfdarıyam. Kimsə avtoxuliqanlıq edirsə, biz onu inzibati qaydada cəzalandırırıq. Hesab edirəm ki, təkrar avtoxuliqanlıq cinayət məsuliyyəti yaratmalı, sürücü ən azı 6 ay müddətində həbsdə yatmalıdır. 

 

- Ümumiyyətlə son zamanlar dəhşətli cinayət hadisələrinin şahidi oluruq. Hansı ki biz o cinayətləri filmlərdə görmüşük. Heç güman etmək olmazdı ki, Azərbaycanın hansısa rayonunda, kəndində belə cinayətlər baş verə bilər…

 

- Bəzi cinayətlər milli mentalitetimizə yad olan hadisələr olduğuna görə, biz bir hadisəni də çox böyük hadisə kimi qəbul edirik. Amma insan çox qapalı bir canlı varlıqdır. Onun beyni nə düşünürsə, heç kim onu öncədən bilmir. 

 

- Azərbaycanda hüquq müdafiəçiliyi sistemi bir vaxtlar iqtidar və müxalifət kimi xarakterizə olunurdu, sonralar daha da konkretləşdi sanki. Bu baxımdan yanaşsaq, müxalifətdən hüquqlarını müdafiə etdiyiniz olubmu? 

 

- Bizim üçün hüquqları pozulan şəxsin iqtidar, yaxud da müxalifət nümayəndəsi olması anlayışı yoxdur. Biz insanlara siyasi baxışına görə fərq qoysaq, onda hüquq müdafiəçisi ola bilmərik. Hüquq müdafiəçisi tərəfsiz olmalı və qərəzli olmamalıdır.

 

- Cəmiyyətdə insanlar daha çox öz hüquqlarının tapdalanmasından şikayətçidirlər. Müəyyən yerə qədər gedib çıxa bilsələr də, sonrasına nail ola bilmirlər v.s. Bu şikayətlər indi azalıb, yoxsa daha da çoxalır? 

 

- Şikayətlər xeyli azalıb. Əvvəllər bizə şikayət edənlərin sayı daha çox idi. Ölkənin hüquq-mühafizə orqanlarında çoxsaylı islahatlar aparılıb. Prokurorluq və polis orqanlarında hansısa məsələ ilə bağlı şikayət varsa dərhal reaksiya verilir, vətəndaşlar qəbul edilirlər. Dövlət Təhlükəsizlik Xidməti yenidən qurulub və formalaşıb. Onu da qeyd edim ki, məhkəmələrdə mülki işlərə baxılan zaman təbii ki, tərəflərin biri məhkəmədən narazı qalır və şikayətçi olurlar. Axı məhkəmə hər iki tərəfin iddiasını təmin edə bilməz. Deməli tərəflərin biri şikayətçi olur. Lakin bu o demək deyil ki, məhkəmə hakimiyyəti düzgün işləmir. 

 

- Ölkənin ən qalmaqallı məhkəmə proseslərindən olan MTN işi və rabitə işi üzrə məhkəmə yekunlaşıb, bir qismi isə yekunlaşmaq üzrədir. Bu istiqamət üzrə keçmiş məmurların ifadələrini  oxumusunuz yəqin. Prosesin yekunu olaraq sizdə təəssürat necə oldu? 

 

- Hər kəs öz əməlinə görə cavab verir. Sən cinayət əməli hesab olunan hərəkətlərin iştirakçısısansa, məsuliyyət daşımalısan. Mənim üçün önəmli olanlardan biri də odur ki, artıq dövlətə dəymiş ziyanın böyük hissəsi ödənilib. Bu cür insanların hərəkətinə hüquqi qiymət verilməsi üçün xeyli müddət istintaq aparıldı. Amma baş verənlər onu göstərdi ki, ölkənin bu strukturunda böyük problemlər olub. Çox yaxşı ki, bizim hüquq-mühafizə orqanları bu əməllərin qarşısını gec də olsa, ala bildilər. 

 

- Hazırkı postunuzdan razısınızmı? İcra strukturlarında təmsil olmaq istəyiniz var? 

 

- İnsan daima arzularla yaşayır. Bu arzular böyük kapital, var-dövlət əldə etmək arzusu olanda, məncə o insan artıq xəstələnir. Səhv yola düşə bilir. İnsanlar öz gücünü görərək özünü  daha başqa yerlərdə görmək arzusu ilə də yaşaya bilər. Mən belə hesab edirəm ki, indiki potensialım istənilən işin öhdəsindən gəlməyə imkan verir. İcra strukturlarında kimisə hansı vəzifədə görmək səlahiyyəti möhtərəm prezidentimizə aiddir. Amma  parlamentari kimi fəaliyyətim məni qane edir. 

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>