Sizin link burada

Fəttah Heydərov: “Festival gözlənildiyi kimi böyük marağa səbəb olub”

“Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biridir. Çox şadam ki, dünyada kifayət qədər tanınan və sevilən, qəbul edilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar Qəbələ festivalının iştirakçısı olur”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bunu millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.
 
Millət vəkili bildirib ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərləri dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır. “Müxtəlif ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi abu-hava hökm sürür”.
 
 
Festivalda musiqiçilərin çox gözəl və yaddaqalan çıxışları olduğunu vurğulayan F.Heydərov festivalın gözlənildiyi kimi böyük marağa səbəb olduğunu bildirib. “Bura gələn xarici qonaqlar ölkəmizin inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Yerli və xarici musiqiçilər və tamaşaçılar bir-biri ilə münasibətlər qurur, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri aparırlar. Festival onu göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də dünyaya nümunə ola bilər. İstedadlı xalqımız bu dəfə də nəyə qadir olduğunu yüksək səviyyədə sübut edir və ölkəmiz belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olan dövlətlərdən heç də geridə qalmadığını göstərir”.
 
 
Millət vəkili Fəttah Heydərov Qəbələdə beynəlxalq musiqi festivalının keçirilməsinin təşəbbüskarı olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanınması işinə daim qayğı göstərdiyi üçün minnətdarlıq edib: “Əminəm ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək və burada bəşəriyyətin ən gözəl klassik əsərləri korifey sənətkarların canlı ifasında dinləniləcək”.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>