Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə ilə keçirilən Qəbələ IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə,  Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan açıq böyük səhnədə təşkil olunan konsertdə tələbə simfonik orkestrin gənc üzvlərini tanınmış pianoçu, 2009-cu ildə İsveçdə keçirilən 43-cü Montreux Cazz Festivalının qalibi, Prezident təqaüdçüsü, bir sıra beynəlxalq festivalların və konsertlərin iştirakçısı İsfar Sarabski müşayiət edib.

 

Konsertin dirijoru “Oazis” Simli Kvartetinin və “Ad libitum” antrepriz ansamblının banisi, beynəlxalq müsabiqələr laureatı, “Baku Simfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru Cavad Tağızadə olub. Məlumat verilib ki, C.Tağızadənin rəhbərliyi ilə yaradılan tələbə simfonik orkestri Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakultəsi yaranan gündən fəaliyyət göstərir. Orkestrin konsertində C.Qerşvinin “Mavi rapsodiya”, S.Hacıbəyovun “Karvan” simfonik lövhələri, K. Əkbərovun “Qafqaz əfsanələr” əsərləri səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, iyulun 30-da Qəbələdə açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim ediləcək. Altı gün davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>