Sizin link burada

"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür" - XİN və MN-nin birgə BƏYANATI

,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanat yayıb.

 

 

Nazirliklərdən Lent.az-a daxil olan birgə bəyanatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir.

 

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır.

 

Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması hər kəsə bəllidir.

 

25 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər silahlı qüvvələrimizin mövqelərinə atılıb.

Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir. Həmçinin, Ermənistanın bu kimi çirkin niyyətli əməlləri siyasi təhrikçi addımlarla müşayiət olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta “parlamenti”ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən “prezident” seçkisinin keçirilməsi bunun əyani sübutudur.

Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalının bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə törədib.

Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>