Sizin link burada

AER dondurmalarına yaşıl işıq: “Bu sınaqdan da üzüağ çıxdıq” - REPORTAJ

“5 il Gürcüstana, 1 il Qazaxıstana, 2 il də İraqa dondurma satmışam. Keçən il Mosulda müştərimizin obyekti bombalandı deyə İraqa dondurma ixracatını dayandırdıq”. Bu sözləri Lent.az-a “AER Company Group” MMC-nin təsisçilərindən biri Adil Şərifov deyir. Onun sözlərinə görə, bu il heç bir ölkəyə ixracat etməyiblər. Mosul terroristlərdən azad olunduqdan sonra şəhərdə bir balaca abadlıq işləri görülsün, təkrar İraqa dondurma ixracına başlayacaqlar.

 

20 ilə yaxındır fəaliyyət göstərən “AER Company Group” MMC “AER” ticarət nişanı altında 70-ə yaxın çeşiddə dondurma istehsal edir: Belıye Noçi, Oazis, Oreşek, Daşa, Magnam, Eskimo, Bogatır, Nağıl, Lakomka, Plombir, Bizim Bakı, Kaspi, Fantaziya, Melisa, Premium, Yasif, Zimuşka Zima və s.

 

2003-cü ildə firma Danimarkanın Tetra Pak Hoyer şirkətindən İtaliyada istehsal olunmuş, tam yeni, Avropanın və dünyanın ən müasir texnologiyası ilə çalışan, kompüter və robotlarla idarə olunan Straigtline 600 istehsal xətti alıb. A. Şərifov avadanlığın özəlliyi haqda danışır. Deyir, avadanlığın buraxdığı batonlar, ruletlər və lakomka dondurmalarının 2007-ci ilə kimi Zaqafqaziyada analoq istehsalçısı olmayıb. 

 

- 2006-cı ildə OLV universal dondurma xətti quraşdırdıq. Xəttin əsas skeleti Pribaltika istehsalı olan mexaniki hissə olmasına baxmayaraq, onun qablaşdırılma hissəsi müasir olaraq Ukraynadan gətizdirmişik, soyutma hissəsi Avropanın ən müasir avadanlıqlarından yığılıb. Bundan əlavə, həmin xətdə əlavələr edilməklə və OLB dəzgahları qoyulmaqla avadanlığın funksiyasını artırmaqla vafli stəkandan əlavə briket də istehsal edirik.

 

Bu dəzgahın özəlliklərindən biri də avadanlığın robotlaşdırılmış olmasıdır. Yəni, dondurmalar insan əli dəymədən istehsal olunur. Xam südün qaymağı çəkiləndən sonra yağlılığı normaya salınır və 2 tonluq bişmə qazanlarında 95 dərəcə temperaturda 10 dəqiqə bişir. Bişmiş süd filtr və hemogendən keçdikdən sonra qatqıları əlavə olunub. Hazır məhsul boru vasitəsilə digər qazanı ötürülür və orada yağ süddən ayrılmasın deyə homogenləşdikdən sonra soyudulur. Soyumuş hazır dondurma borular vasitəsi ilə tanklara vurulur. Tanklarda 8 saat vaxt verilir ki, dondurma özünə gəlsin.

 

Özünə gəlmiş dondurma “Frizer” aparatında mənfi 5 dərəcəyə qədər soyudulur.

 

Hazırda istehsalat müəssisəsində “Yasif” dondurmaları son istehsal prosesini keçir. Firma rəsmisi izah edir ki, Tetra Pak Hoyer avadanlığı ilə dondurma istehsal edərkən sadəcə bu hissədə insan təması olur. Belə ki, steril qaydalar əməl edilməklə “Frizer”dən çıxan dondurmalar torbalara yığılıb, ağzı bağlanır.

 

- Bundan sonra həmin dondurmalar mənfi 40 dərəcəyə qədər dondurulacaq və olacaq bərk dondurma.

 

Straigtline avadanlığı vasitəsi ilə həmçinin, vafli stəkan, Sendviç, Çubuqlu Eskimo, Rulet tort, Batonlar “Candy bar” Lakomka,  Ailəvi külçələr, Krimankalar, Çəki dondurmalar, tortlar, briketlər istehsal edirik. Avadanlıq hər bir çeşiddə 307 növdə dondurma istehsal edilə bilir.

 

- Dondurmalarınız yüksək texnologiyalarla insan əli dəymədən istehsal olunur, işçiləriniz də tam steril qaydaları əməl etdiyi halda, bəs necə olur ki, dondurmalarınızda bağırsaq çöpü tipli bakteriya normadan artıq olub?

 

- İnsan anadan olanda bağırsaq çöpü tipli bakteriyası ilə birgə doğulur. Bağırsaq çöpü olmasa, yemək bağırsağımızda həzm olmaz. Kolbasada, süd məhsullarında bağırsaq çöpü tipli bakteriya olmamalıdır. Yəni, bunun norması yoxdur, ümumiyyətlə, olmamalıdır. Dondurmanın texnologiyasında deyilir ki, dondurma 95 dərəcəyə qədər bişməlidir. Bu halda onun tərkibində bağırsaq çöpü tipli bakteriyanın qalması qeyri- mümkündür. Biz də dondurmalarımızı 95 dərəcədə bişiririk. Həmçinin, avadanlıqlar da gigiyenik təmiz olmalıdır. Biz hər gün işin sonunda avadanlıqları dezinfeksiya edici vasitələrlə yuyuruq. Bunların hamısı təmizdirsə, işçilərdən birinin əlində bağırsaq çöpü tipli bakteriya varsa, keçə bilər. Bizim istehsalatda yalnız bir mərhələdə - qablaşdırma hissəsində işçilərin əllə təması olur. Orada da steril əlcək geyinirlər.

 

Avadanlıqların yuyulma prosesi belə olur. Potaş adlanan vasitə ilə yuyulur. Bu dəfə bişmə qazanları qələvi məhlul ilə doldurulur. Temperatur 80-90 dərəcəyə qədər qaldırılır və eyni dondurma kimi proses keçir. Beləliklə, qazanlar və borular yağdan təmizlənir. Ardınca proses xlorlu su ilə təkrarlanır. Sonda təmiz su ilə yuyulur. Sonda firmanın laborantı qazanlardan yaxma götürür və analiz edir.

 

Firmanın özünə məxsus laboratoriyası var. A. Şərifov deyir ki, özünə hörmət edən müəssisənin öz laboratoriyası olmalıdır.

 

- Bizim 2010-cu ildən bəri həm fiziki-kimyəvi, həm də mikrobioloji laboratoriyamız var. 2011-ci ildə akkreditasiya da etdirmişəm. Laborantımız var, hər gün mütəmadi olaraq, nəinki dondurmaları, hətta dondurmada istifadə olunan xammalı əvvəlcədən yoxlayıb, sonra istehsala veririk, istehsal prosesində ona nəzarət edirik. Avropa standartlarından ikisini keçmişik: HASP və İSO. Onun tələblərindən biri də odur ki, dondurma istehsal olunub anbara yığılır. O anbardan mal götürülüb yoxlanılmalıdır. Problem çıxmazsa, satışa buraxmaq olar. Problem varsa, məhsul təkrar emal olunur. Yəni bu elə bir şeydir ki, istehsalçının nəzarətindən yayına bilməz. Gələk, sizin suala. İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyası dondurmaları 14 parametrə görə yoxlayıb. 13-ü standartlara cavab versə də, yalnız birində nəticə yaxşı çıxmayıb. İqtisadiyyat Nazirliyinin əməkdaşları dondurma nümunələri satış mərkəzlərindən götürüb. Əslində isə analiz nümunəsi mütləq istehsalat müəssisəsinin anbarından götürülməli idi. Məhsul mağazaya çatdırılana qədər xeyli yol keçir, əl dəyişir. Bu zaman nəticə heç vaxt düz çıxa bilməz. Bağırsaq çöpü tipli bakteriyalar çirkli mühit deməkdir. Bu bakteriyalar əlimizdə, avtobus tutacaqlarında, əksər yerdə var.

 

Səhiyyə Nazirliyinə yoxlanma üçün 11 adda dondurma çeşidi göndərilib. Firma rəsmisinin sözlərinə görə, analizin rəsmi cavabı ona göndərilməsə də, heç bir dondurma nümunəsində bağırsaq çöpü tipli bakteriya aşkarlanmadığı haqda məlumat alıb. Nazirliyin rəsmi cavabından sonra müəssisə öz fəaliyyətini davam etdirəcək.

 

 

***

 

Yazı yayıma hazır olanda AER Company MMC-dən Lent.az-a bildirildi ki, Səhiyyə Nazirliyinin laborator yoxlamalarının nəticəsi bəlli olub. Nazirlikdən göndərilmiş 24 iyul 2017-ci il tarixli rəsmi məktubun surətini redaksiyamıza göndərən şirkət nümayəndəsi dedi ki, yoxlamalar zamanı AER məhsullarında sağlamlıq üçün təhlükəli heç bir şey olmadığı təsdiqlənib.

 

Bundan başqa, İqtisadiyyat Nazirliyindən də şirkətə göndərilən 21 iyul 2017-ci il tarixli məktubda bildirilib ki, AER məhsulları nazirliyin İstehlak Mallarının Ekspertizası Mərkəzində yoxlanılıb və məhsullarda insan sağlamlığına təhlükə törədən, normadan artıq heç bir hal aşkar edilməyib. Nazirlik yoxlamaların nəticələrini əks etdirən protokolları da məktuba əlavə edib.

 

 

***

 

Beləliklə, AER Company MMC-nin məhsulları ilə bağlı yaranmış müvəqqəti anlaşılmazlıq şirkətin və alıcıların, dondurmasevərlərin xeyrinə başa çatdı.

 

Şirkətin nümayəndəsi də Lent.az-a açıqlamasında bunu xüsusi vurğuladı: “Biz məhsullarımızın yoxlanmasından, sinaqdan qorxmuruq, çəkinmirik. Çünki gördüyümüz işin məsuliyyətini dərk edirik. Alıcılar AER məhsullarını rahat və zövqlə ala bilərlər, biz bu sınaqdan da üzüağ çıxdıq. Maraqlıdır, başqa dondurma şirkətləri də belə ürəklə, rahat yoxlamalara, sınaqlara hazırdılarmı?”

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>