31 il əvvəl dünyanı heyrətə gətirən ifadə: SSRİ-də seks vardımı? – TARİX

Həmin gün adi mehmanxana inzibatçısı olan gənc Lyudanın işlətdiyi ifadə bütün dünyada gülüşə…və həm də əbədi bir aforizmə çevrilmişdi. 1986-cı ilin bu günüydü. SSRİ-nin ikinci böyük şəhəri Leninqradla ABŞ-ın Boston şəhərləri arasında telekörpü yaradılmışdı. Hər iki tərəfdə əyləşənlər isə qadınlar idi. SSRİ tərəfindən moderatorluğu o dövrün məşhur jurnalisti Pozner edirdi. Əslində bu iki azman dövlət arasında yaradılan ikinci kosmik telekörpü idi. Bundan bir il əvvəl Leninqrad və Sietl arasında ilk telekörpü yarıdılmışdı.

 

Amma əvvəlkindən fərqli bu dəfə hər iki tərəfdə qadınlar əyləşmişdi. Sülhdən, gələcəkdən, uşaqların xoşbəxtliyindən danışırdı sovet və amerikalı qadınlar. Amma hər şey qəfil baş verdi. Telekörpünün amerikalı qadın iştirakçılarından biri SSRİ tərəfə belə bir təxribatçı sual ünvanladı: “Bizdə bütün günü telekanallardakı reklamlar seksin ətrafında dövrə edir, sizdə də belə reklamlar varmı?”

 

Poznerin özü belə bu sualı gözləmirdi. Bir anlıq duruxandan sonra mikrofonu mehmanxana inzibatçısı Lyudmila İvanovaya uzatdı.

 

Lyudmila İvanovanın dediklərindən:

 

“Əvvəla bu seks sözünü heç vaxt eşitməmişdik. Amma təxmin edirdik. Mən Sovet Qadınlar Komitəsini fəal üzvlərindən biriydim. Bəlkə buna görə, Pozner də mikrofonu mənə verdi. Mən dərhal cavab verdim: “SSRİ-də seks yoxdur, bizdə sevgi var”. Mən deyəndə ki, “SSRİ-də seks yoxdur” hər yeri qəhqəhə bürüdü. Və mən çox qorxdum”.

 

 

İvanova doğrudan da bərk qorxur. Fikirləşir ki, hər şey bitdi, iş də, karyera da, onu partiyadan da çıxarıb bərk cəzalandıracaqlar. Deyir, verilişdən əvvəl Pozner onlarla xeyli söhbət aparıb.

 

“O deyirdi ki, qarşı tərəfdən gözlənilməz suallar olacaq, amma təslim olmayın. Dərhal cavab verin, utanmayın. Mən də tapşırığı yerinə yetirdim”.

 

Lyudmila İvanova deyir ki, əslində telekörpü başlayanda o bərk təəccüblənibmiş:

 

 

“Biz şokdaydıq. Amerikalı qadınlar verilişə cırıq maykalarda, sürtülmüş şalvarlarda və krossovkalarda gəlmişdilər. Biz isə bəzənib-düzənmişdik, hazırlaşmışdıq. Mən qızıl brasletini mənə versin deyə anama iki gün yalvarmışdım. Onlar özlərini çox sərbəst aparır, saqqız çeynəyirdilər. Bizsə, sanki döyüşə gəlmişdik”.

 

 

Lyudanı işlətdiyi ifadəyə görə, az qala Sovet Qadınlar Komitəsindən qovacaqdılar.

 

“Düz on il susdum. Danışmadım. SSRİ dağıldı, yenə də məndən əl çəkmirdilər. Bu mövzu yada düşən kimi jurnalistlər ancaq bu sualı verirdilər. Özü də irişə-irişə: “SSRİ-də seks var, ya yox?”

 

 

Bir gün Lyudmila ilə BBC-nin müxbirləri də görüşürlər.

Müxbirin “Yaxşı, bəs siz ərinizlə sevgiylə məşğul olanda, buna sevgi deyirsiniz, ya seks?” sualına o, belə cavab vermişdi:

 

“Rusiyada ümumiyyətlə hər şeyə sevgi deyirlər. İndi bunun adı seks olub. Hələ buna görə pul da verirlər. Mən əlbəttə geridə qalmış deyiləm. Beş ərim olub. Dördü dünyasını dəyişib. Amma indiki gənclər üçün başqa cürdür. Onlar üçün seks, sevgi, birgünlük əlaqələr, görüşlərdir”.

 

Vladimir Pozner özü bir dəfə müsahibələrinin birində deyib ki, həmin proqramın adı "Qadınlar qadınlarla danışır" idi.

Sitat:

 

“İkinci körpü birinci qədər siyasi partlayışa səbəb olmamışdı. Amma tək bu fraza – “SSRİ-də seks yoxdur” nəyə desən dəyərdi”.

 

Poznerin BBS-ə dediklərindən:

 

“Amerika tərəfində belə inam var idi ki, Sovet studiyasına DTK agentləri olan qadınları yığacaqlar. Yeri gəlmişkən tok-şou janrını ixtira edən Fil Doun da bundan narahat idi. O deyirdi ki, bəlkə öz adamlarını göndərsin və onlar da qadınları seçsinlər. Elə belə də olub. Amerikalılar gəlib sovet qadınlarını veriliş üçün özləri seçidilər”.

 

Pozner deyir ki, sovet studiyasında olan qadınlarla partiya söhbətləri aparılmışdı. Onlara ciddi təlimat verilmişdi.

 

“Əslində Boston studiyasından yaşlı bir qadın sual vermişdi. O gileylənirdi ki, nəvəsi bütün günü televizora baxır, orada isə seks və zorakılığı göstərirlər.

Onda Lyudmila İvanova dedi ki, “bizdə seks yoxdur”. Həmin vaxt zal qəhqəhəyə qərq oldu. Buna görə də onun sonra dediklərinə heç kəs qulaq asmırdı. Halbuki İvanova televiziyada, məhz televiziyada seks olmadığını demək istəmişdi”.

 

 

Məhz SSRİ-də seks yoxdur ifadəsi nəinki həmin ilin, ümumiyyətlə bir aforizm kimi  tarixə düşdü. Bundan sonra bu mövzuda hətta xeyli lətifə belə yaranır.

 

Sonradan Lyudmila İvanova etiraf edəcəkdi ki, bu verilişdən sonra hamı onu küçədə tanıyır və barmaqla göstərirmiş. Bundan sonra çəkilən bəzi sovet filmlərində məsələn, Eldar Ryazanovun “Fleyta üçün unudulmuş melodiya”, başqa bir sovet filmi “Dejavyu”da işlədilir.

2004-cü ildə isə “İttifaqda seks yox idi” adlı sənədli film də çəkilir.

Qəhrəmanımız Lyudmila İvanova “Leninqrad” mehmanxanasında işini davam etdirir. Daha sonra isə təqaüdə çıxır. Amma bir dəfə Poznerlə rastlaşmaq imkanı olur. Və beləcə də deyir: “Axı siz verilişdə niyə montaj etmişdiz? Axı mən demişdim ki, bizdə, yəni SSRİ-də seks yox, sevgi var”. Siz isə sevgi sözünü çıxartmışdınız?

Pozner həmin suala cavab verməmişdi, sadəcə susmuşdu…

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>