Bakıda hazırlanan “İblisin silahı” – SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

Deyir, Stalinqrad cəbhəsində ağır yaralı olaraq əsir düşən alman zabitlərindən biri dindirilmə zamanı deyib: “Mən bir-iki günə öləcəm. Amma lütfən, mənə deyin, başımıza od saçan o silah nədir? İblisinmi silahıdır?”

 

Bəlkə də rəvayətdir, bəlkə doğrudan da hansısa salnaməçinin qeydləridir. Amma həmin alman zabitini heyrətə gətirən “iblisin silahı” Bakıda, hə, bizim şəhərdə hazırlanmışdı. 610 nömrəli zavoda. Həmin zavod indi haradadır, necə adlanır, bəlli deyil. Yox, cəbhəyə 100 adda silah-sursat göndərən Leytenant Şmidt adına zavod da deyil. Bu, əlahiddə, qayət məxfi sayılan bir müəssisə olub. Adı da sadəcə, “610 nömrəli”. El arasında isə “mərmi zavodu” deyirmişlər. Və bu zavoda 2-ci dünya müharibəsinin fantastik silahlarından olan “Katyuşa”lar hazırlanırmış.

 

“Katyuşa”nın tarixi barədə Rusiyanın internet resurslarında yer alan məlumatlarda Bakının adı ya xatırlanmır, ya da çox qısqanclıqla, bir-iki kiçik qeydlər var.

 

***

 

Əslində, reaktiv raketlərin hazırlanması ideyası SSRİ-də hələ 30-cu illərdən vardı. Bu işə də sovet kosmonavtikasının banisi Sergey Korolyov şəxsən rəhbərlik edirdi. Amma bu cür raketlərin tərkib hissəsi olan yanacağı isə sovet alimləri tapa bilməmişdilər. 1933-35-ci illərdə, düz 2 il Korolyov və həmkarları məhz həmin yanacağı əldə etmək istəmişdilər. Söhbət ondan gedir ki, 2 il ərzində raketi havaya buraxmaq mümkün olmamışdı. Yanacaq ya partlayaraq raketi parça-parça edirdi, ya da hərəkət qüvvəsi elə zəif olurdu ki, aparat yerdən cəmi bir neçə metr hündürlüyə qalxırdı və yerə düşürdü.

 

Bir gün kiçik, çox kiçik bir təsadüf məşhur alimə kömək olur. Onun qızı Natalya Korolyova "Ata" adlı xatirə kitabında yazırdı: “Atamın yanında baş mühəndis işləyən Yefremov danışırdı ki, 1932-ci ilin yayında Qaqrada istirahətdən sonra o, raket texnikasına dair mühazirə oxumaq üçün atamın tapşırığı ilə Bakıya gedib. Yolda qatardaykən təsadüfən qəzetdə Almaniyada bərk spirtin yaradılması haqda xəbər oxuyub və bu, onda raket üçün yanacaqla bağlı müəyyən fikir yaradıb. Bakıda Müdafiəyə, Aviasiyaya və Kimya Quruculuğuna Yardım Cəmiyyətinin üzvü, Azərbaycan Neft İnstitutunun əməkdaşı F.M.Qurviçlə görüşüb, o isə Yefremovun xahişilə “qatılaşmış” benzin hazırlayıb. Bakılı alimlərin hazırladığı yanacağın əsas üstünlüyü istehsalın sadəliyi və ucuzluğu idi. O zaman Korolyov şəxsən Bakıya gələrək, mütəxəssislərlə görüşüb və bakılıların təklif etdiyi yanacağın effektivliyinə əmin olub”.

 

1938-ci ildə Korolyov dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunaraq, həbs edilir. Müharibə başlayanda isə alim Stalinin yadına düşür. 30-cu illərdəki ideyanı ona xatırladırlar. Qısa müddətdə Korolyov azadlığa buraxılır. Və gələcəyin reaktiv raket qurğusunun, “Katyuşa”nın hazırlanmasına start verilir. Korolyov isə təbii ki Bakıya gəlir, bizim alimlərin yanına. Və həmin yanacağın tərkibi bir daha yoxlanılır. Korolyov tam arxayın olur. “Katyuşa”ların istehsalı başlanılır.

 

***

 

Nədir axı bu “Katyuşa”? Adı gözəl, özü isə qorxulu bir raket. Dəhşətli bir silah olub. Havadan 400 metr yüksəkliyə qalxan bu raketlər 132 millimetrlik on altı və ya 82 millimetrlik otuz iki mərmini 10 saniyə ərzində yağdıra bilirdi. Raketlər, demək olar, eyni vaxtda buraxılır və hədəfə alınan rayonda 100 hektar ərazini bir neçə saniyə ərzində şumlayırdı.

 

İlk “Katyuşa”nı isə 1941-ci ilin bu günü sınaqdan keçirirlər, iyulun 14-də. “Katyuşa”nın heyrətamiz gücü vardı; o düşmən nöqtələrinin külünü göyə sovurmaqla yanaşı, çox dəhşətli psixoloji təsir də göstərirdi.

 

Faşist komandanlığının məxfi sənədlərində “rusların avtomatik çoxlüləli odsaçan topu” barədə məlumat verilirdi. “Katyuşa”nın atəşindən sağ çıxan alman hərbçilər daha müqavimət göstərə bilmirdilər, çünki ya kontuziya olur, ya da dəhşət və qorxudan donub yerlərində qalırdılar. Almanlar “Katyuşa”nı nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırdılar. Lakin sovet komandanlığı tribunalla hədələyərək, təhlükə yarandıqda maşını partlatmağı əmr etmişdi ki, bu silah düşmənin əlinə keçməsin.

  

İlk mərmilər Bakıda, yuxarıda adını çəkdiyimiz 610 saylı zavodda buraxılmağa başlanmışdı. Bu, uzun müddət gizli qalmışdı. Sonradan “Oktyabr İnqilabı”, “Paris Kommunası”, “Budyonnı” və “Beryia” adına zavodlarda da reaktiv mərmilərin istehsalı vüsət almışdı.

 

***

 

SSRİ-nin apardığı və qalib gəldiyi bütün döyüşlərdə “Katyuşa”lar həlledici rol oynamışdı. Və çox, çox az adam bilirdi ki, alman zabitin etiraf etdiyi kimi göydən od yağdıran bu silahın hazırlandığı yer məhz Bakıdır…

 

Bu faktı unutmaq isə olmaz. “Katyuşa”nın ad günü, həm də bizim tariximizdir...
 

LENT

22 İyul 2017
21 İyul 2017

Digər xəbərlər >>>