Minsk “centlmenləri”

 

Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü baş tutdu. Müxtəlif yozumlar səsləndi. Elmar Məmmədyarovun bu görüşdən imtina etməsini təklif edən politoloqlar da oldu. Amma bu məsələdə son sözü Azərbaycan prezidenti İlham Əliyev dedi. Prezident Alxanlıda baş verən hadisələrin, ordumuzun cavab zərbəsinin və məhz cavab zərbəsindən sonra nazirlərinin görüşünün baş tutmasının arxasında duran bütün məqamlara aydınlıq gətirdi.

 

Prezidentin dəyərləndirməsindən sonra baş verənlərin əlavə şərhinə ehtiyac qalmır. Amma görüşün əsas təşəbbüskarı olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bir daha nəzər salmağa ehtiyac var.

 

Minsk Qrupunun yaradılması, mövcud üçlü həmsədrlik institutunun formalaşması prosesi barədə çox danışıldığından bu məqamlara toxunmadan vasitəçilərin indiki halda fəaliyyətinə qiymət verilməsi ehtiyacı var.

 

Bəli. ATƏT-in Minsk Qrupu vasitəçidir. Bəzən biz bu məqamı unuduruq. Azərbaycan və Ermənistan arasında yaranmış münaqişənin həll olunmasına yardım etmək üçün VASİTƏÇİ.

 

Minsk Qrupu hakim deyil. Yəni tərəflərin konstruktiv olmayan hərəkətlərinə görə sanksiya tətbiq etmək və ya hansısa tədbir görmək səlahiyyəti yoxdur.

 

Minsk Qrupu ATƏT-in mandatı ilə fəaliyyət göstərir. Eyni zamanda bu vasitəçilər qrupu Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək üçün BMT tərəfindən də mandat alıb. Və hər ilin sonunda beynəlxalq birliyin ən ali orqanı qarşısında gördüyü işlərlə bağlı hesabat verir.

 

Minsk Qrupu bu iki təşkilatın mandatına malik olduğuna görə, bu təşkilatların nizamnaməsi və qəbul etdiyi qərarlara uyğun fəaliyyət göstərməlidir.

 

BMT Azərbaycanı Dağlıq Qarabağ daxil olmaqla bütöv sərhədlər daxilində tanıyıb.

 

Deməli, Minsk Qrupu da Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı və fəaliyyətini də buna uyğun qurmalıdır.

 

BMT Təhlükəsizlik Şurası qəbul etdiyi 4 qətnamə ilə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğal olunduğunu və işğalçı qoşunların qeyd-şərtsiz çıxarılmasının vacibliyini bildirib. Deməli, Minsk Qrupu da bu ərazilərdəki erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını prioritet hesab etməlidir.

 

ATƏT-ə üzv olan ölkələrin hamısı Ermənistan istisna olmaqla Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və münaqişənin ərazi bütövlüyü prinsipi ilə həllinə tərəfdardır. Deməli, Minsk Qrupu da bu prinsiplərlə fəaliyyət göstərməlidir.

 

Əlbəttə, bu prinsiplərin siyahısını uzatmaq da olar...

 

Amma ATƏT-in Minsk Qrupunun həmsədrləri bu prinsipləri demək olar ki, bir kənara atıb.

 

İndi vasitəçilər əsasən iki istiqamətdə fəaliyyət göstərir.

 

Birinci – Atəşkəs rejiminin qorunmasını təmin etmək və bununla da status-kvonun saxlanılmasını təmin etmək. Son vaxtlar Minsk Qrupu həmsədrləri tərəfindən verilən bəyanatlar bunun bariz nümunəsidir.

 

İkinci – Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakını təmin etmək.

 

Həmsədrlərin Xankəndinə səfərləri və orada Dağlıq Qarabağın erməni icmasının faktiki rəhbərləri ilə görüşləri, bunun müqabilində Dağlıq Qarabağdan olan məcburi köçkünlərin təmsilçilərin ilə görüşməmələri bunun əyani sübutudur.

 

Artıq heç kimə sirr deyil ki, 2011-ci ilə Kazanda Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra diplomatik proses dayanıb. Bu illər ərzində erməni tərəfinin destruktiv mövqeyi üzündən danışıqlar yox, görüşlər keçirilir.

 

 

Bu ilin əvvəlində ABŞ-dan olan sabiq həmsədr Ceyms Uorlik masada Rusiyanın təklifləri olduğunu bildirmişdi. Sonradan bəlli oldu ki, bu, sadəcə vəziyyəti nəzarətdə saxlamaq üçün dezinformasiya idi.


Beləliklə, indi beynəlxalq birliyin və bu birliyin təmsilçisi olan Minsk Qrupunun gündəliyində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yox, atəşkəsin qorunması var.

 

Düşünməyə dəyər.

 

LENT

19 Sentyabr 2017

Digər xəbərlər >>>