Pedaqoji Universitetdə işə qəbulda yenilik

İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün  keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, Filologiya fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.     

 

İnsan resurları şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. O bildirib ki, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılıb. Tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir. Aprelin 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq  müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçiriblər. Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə açıq dərslər videoçəkilişlər keçirilərək təşkil edilib.

 

Müsabiqənin yekunlarına əsasən, müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqə baş tutub. Qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.  

 

İclasda müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>