Müharibənin sərt üzü: Tikanlıqdan o yandakı vətən - REPORTAJ

Səhər saat 8:00. Zəngli saatın səsinə erkən oyanan heyətimizlə bizi sərhəd zonasına aparacaq mikroavtobusa əyləşirik. Bizi polis maşınları müşayiət edəcək.

Yol boyu qrup rəhbərləri bizi yalnız əvvəlcədən müəyyən olunmuş zona çərçivəsində hərəkət etmək, qarşı tərəfə keçməməklə bağlı təlimatlandırır.

 

Almaniya Federal Xarici İşlər Nazirliyi və Demokratiya, Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan, Gürcüstan, Rusiya, Moldova, tanınmamış Dnestryanı və Ukraynadan olan jurnalistlər üçün keçirilən “Məlumat təhlükəsizliyi və münaqişə zonalarındakı hadisələrin işıqlandırılması” təlimi çərçivəsində Gürcüstanın tanınmamış Cənubi Osetiya ilə sərhədində yerləşən Qori rayonunun Xurvaleti kəndində olmalıyıq.

 

...Artıq “sərhəd zonası”na yaxınlaşırıq. Sərnişini olduğumuz mikroavtobusun sürücüsü maşını yolun sağ kənarına çəkib saxlayır.

 

- Buradan o tərəfə giriş qadağandır!

- Bəs necə gedəcəyik? Təhlükəli deyilmi?

- O taydakı əsgərlər yalnız foto və videokameraları görəndə silahı bu tərəfə tuşlayır.

 

Hamı avtobusu tərk edir. Qrupumuz təlimatçılardan əsasən rusların qoruduğu sözdə sərhəd postuna yaxınlaşmamaq göstərişi almağımıza baxmayaraq, jurnalist marağı mənə bu göstərişə əməl etməyə imkan vermir. Həmkarlarımdan ayrılıb, nəzarət-buraxılış məntəqəsinə doğru gedirəm. Yol avtomobil təkərlərindən qurulmuş barrikadalarla əhatələnib. Bütün risklərə rəğmən daha da irəliləyirəm. Üzərimdəki yeganə vasitə olan mobil telefonun fotokamerası ilə qadağan zonada bir-iki şəkil çəkirdim ki, birdən…

 

- Dayan! Təcili geri qayıt! Əllərini qaldır yuxarı, kəskin hərəkətlər etmə! Telefonunu ver mənə! Nə məqsədlə şəkil çəkirdin?

Bu amiranə göstərişlərdən sonra iki rus əsgəri mənə yaxınlaşır.

 

- Cəld telefonunu ver mənə!

- Götürün

- Şəkillərin haradadır? Qovluğu aç, onları sil! (çəkdiyim şəkillərə baxır)

 

Telefonu geri alıb cəld hərəkətlə şəkilləri başqa bir qovluğa köçürürəm. Əsgərlərdən biri onları sildiyimə əmin olmaq üçün yenidən mobil telefonu geri istəyir. Şəkilləri yerində tapmayıb telefonu özümə qaytarır...

 

***

 

Xurvaletinin bu tayında yaşamaq təhlükəli olsa da, kənddə həyat öz axarı ilə davam edir...Daha dəqiq desək, kənd sakinləri həyatı öz arxalarınca çəkib aparmağa çalışırlar. “Sakinlər” demişkən, kəndə çatar-çatmaz onlar bizi Xurvaletinin ən cəsur sakini ilə həmsöhbət olmağı tövsiyə edir:

 

- David baba kəndin ən cəsur sakinidir. Separatçılar kəndin bir hissəsini işğal etdikdən sonra belə 83 yaşlı bu ağsaqqal həyat yoldaşı Valya ilə birlikdə evini tərk etməyərək, orada çətin şəraitdə yaşayır.

Bu yaşlı, nurani babanı demək olar ki, bütün dünyada tanıyırlar. Təkcə 2017-ci ildə Gürcüstan prezidenti Georgi Marqvelaşvili və slokaviyalı həmkarı Andrey Kiska, senator Con Makkeyn, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının rəhbəri  Mark Bridlav ona baş çəkərək müxtəlif hədiyyələr aparıblar. David baba onu ziyarətə gələn jurnalistləri görüb tikanlı məftillərə yaxınlaşır.

 

- Mən sərhədi keçə bilmirəm. İki dəfə tikanların altından keçdim, həbs eləyib cərimələdilər məni. Cərimə məbləğini bütövlükdə kənd sakinləri toplayıb ödədi. Mənim o qədər pulum yoxdur. Qızım o tərəfdə yaşayır, onu da bu tərəfə buraxmırlar. Gəlir, saatlarla sizin dayandığınız yerdə dayanır, mənə baxıb ağlayır, sonra da sakitcə çıxıb gedir.

 

Dəfələrlə beynəlxalq qurumların vasitəçiliyi ilə ona Gürcüstanın nəzarətində olan hissəyə keçmək təklif olunsa da, o valideynlərinin və qardaşının məzarını qoyub gəlməkdən imtina edir. Deyir, heç vətəndaşlıq da istəmirəm:

- Nə işıq, nə də qaz var. Həyətdəki ağacları suvarmağa su da yoxdur burada. Təqaüdümü almaq üçün bu tikanları keçməliyəm, amma buraxmırlar. Ərzaqları mənə sizin dayandığınız tərəfdən kənd sakinləri verir.

 

David babadan ayrılıb Tsxinvaliyə lap yaxın ərazidə yerləşən Erqneti kəndinə yola düşürük. Bu kənd 2008-ci ilin avqust hadisələrinin episentri olub. Separatçıların atəşi nəticəsində 220 ev dağılıb, 160 evə isə od vurublar. Belə evlərdən biri də Liya Çlaçidzenin yaşadığı evdir:


- 2008-ci il müharibəsi zamanı ən şiddətli döyüşlər bizim kənddə olub. Rus əsgərləri ilə separatçılar kəndi külə çevirdilər. Biz geri qayıdanda bu evdən yalnız iki divar qalmışdı, ətraf isə küldən ibarət idi.

Evi yandırıldıqdan sonra Liya övladları ilə birlikdə 6 il qaçqın düşərgəsində yaşayıb, sonra isə xarici donorların köməyilə evini bərpa etməyə nail olur. Deyir ki, evimə dəyən güllələrin gilizlərini toplayıb. Düz bir aydan sonra baş verən hadisələrin 9-cu ildönümü münasibətilə evinin zirzəmisində muzey yaratmağa hazırlaşır. Evinin külü, habelə mərmi gilizləri yaradacağı muzeyin ilk eksponatları olacaq.  Muzeydən savayı bu evdə “Erqneti” Reabilitasiya və İnkişaf Mərkəzi yerləşir:


Liya Çlaçidze  Erqneti sakini: 


- İlk növbədə biz uşaqlara yardım etməyə çalışırıq. Onlar üçün yay düşərgələri təşkil olunur. Həmin düşərgədə rəsm dərnəyi də olur. Balacaların çəkdiyi rəsmlər yalnız qara, iti uclu fiqurlardan ibarətdir. Mərkəzin psixoloqları bu rəsmləri görüb dəhşətə gəlmişdi. Onlar uşaqların ciddi travma almasına işarə edirdi.

Növbəti dayanacağımız isə Nikozi kəndidir. Cənubi Osetiyanın sözdə sərhədindən buraya 800 metrlik məsafə var. Müharibədən 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, kənd hələ də özündə savaşın izlərini qoruyur. Evlərin divarları və hasarlarda hələ də mərmi izlərini görmək olar. Bu kənddə də müharibədən zərər çəkən insanlara kömək etmək üçün donor təşkilatlarının köməyilə “Consent” (“Həmrəylik”- red.) adlı təşkilat yaradılıb. Təşkilata yerli fəallardan Nino Mindiaşvili rəhbərlik edir. N. Mindiaşvili 2008-ci il müharibəsi zamanı gürcü əsgərlərinə kömək etmək üçün səhra mətbəxində aşpaz kimi fəaliyyət göstərib.

 

- Müharibə bizim üçün gözlənilməz olmadı. Buna qədər də ara-sıra atəş səsləri eşidilirdi və biz artıq buna öyrəşmişdik. 2008-ci il döyüşləri zamanı kəndimiz 13 sakinini itirdi. Onlardan üçü öldürülmüşdü, qalan 10 nəfəri isə döyüşlərdə öldü.

 

Müharibədən sonra yerli sakinlərin çoxu kəndi tərk edib. Döyüşlərə qədər Nikozidə 300 ailə yaşayırdısa, indi onlardan cəmi 200-ü qalıb. Uzun müddət bu ailələr humanitar yardım hesabına yaşayırdısa, indi onlara şəxsi təsərrüfatını inkişaf etdirmək üçün mikroqrantlar ayrılır

 

Regionun mürəkkəb tarixinə baxmayaraq, yerli sakinlər deyir ki, nə ruslara, nə də osetinlərə nifrət etmirlər. Onlar bunu osetinlərin təsir altına düşməsi, rus əsgərlərinin isə siyasi oyunların qurbanı olması ilə əsaslandırır. Hər iki tərəfin fəalları isə mütəmadi olaraq birgə tədbirlər təşkil edir, öz qayğılarını müzakirə edirlər.

Fərid Azəri (Xüsusi olaraq “Lent. Az” üçün)

FOTOLAR: Andrey Gilan, Aleksey Panteleyev)

LENT

22 İyul 2017
21 İyul 2017

Digər xəbərlər >>>