Canavar qorxusu, Tarzanın oylağı, 569-un sirri... – YAYLAQDAN REPORTAJ

Sürücü yolüstü Güləzar bulağında maşını saxlayıb, mühərrikin üstünə buz kimi bulaq suyu tökür və yola davam edirik. Köhnə “Villis” üzü Qoşqara tərəf dağa qalxır. Gedəcəyimiz yaylağa hələ xeyli yol var. Selin yuyub apardığı kələ-kötür yolda daşların üstündə “Villis” hoppana-hoppana dırmaşır. 
 
Ətraf başdan-başa yaşıllıqdır. Dağların yamacında topa-topa qoyun-quzu otlayır. Ətraf boz dağlarla əhatə olunub. Günün bu saatında aran od tutub yananda, buralar sərindir. Duman da yoxdur. Kəpəzin zirvəsini aydın görmək olur. 
 
***
 
Uzaqda yaylaq görünür. Həsrətin yatağını soruşub, yolumuza davam edirik. Bura qədər xeyli məsafə qət etmişik. “Villis” ətrafa səs sala-sala dağın birini aşıb, digərinə qalxır. Soraqlaşa-soraqlaşa Həsrətin yatağını tapırıq. Maşın dayanan kimi düşmək istəyirəm. Maşındakılar qoymur. Yatağa yaxınlaşmağın təhlükəli olduğunu deyirlər. Çoban itləri yad adamları yatağa yaxın buraxmırmış. Bizi təhlükə hesab edib, üstümüzə cuma bilərlərmiş. Bu zaman heç çoban da qarşısını ala bilməyəcəkmiş. 
 
Bir nəfər maşına tərəf qaçır. Ondan qabaqda qaralı-ağlı böyük it gəlir. Bizi qarşılayan adam günün altında elə qaralıbsa, qara üzündə gözləri ağarır. Kim olduğumuzu soruşur. Gəliş səbəbimizi izah edirik. Bakıdan çəkiliş üçün gəldiyimizi öyrənib, sevinir.
 
- Ay xoş gəlib, səfa gətirmisiz! Gəlin, çəkin, çoban həyatını televizorda göstərin. 
 
Lent.az-dan gəldiyimizi bildiririk. Adının İlqar olduğunu deyir. Sürünün baş çobanıymış. İtin cummayacağına əmin olduqdan sonra maşından düşürük. Bələdçimiz Elməddin onun yanından ayrılmamağımı tapşırır. Sən demə, çoban itləri əsasən qadınlara cumurmuş. Kişilərə o qədər də yaxın getmirlər. Bayaqkı böyük itin müşayiəti ilə dəyəyə tərəf gedirik.  
 
***
 
İlqar Rüstəmov əslən Kəlbəcər rayonundandır. 1971-ci ildə ailəsi indiki Göygölün Hacıməlik kəndinə köçüb. 1974-cü ildə o dünyaya gəlib. 12 yaşından çobanlıq edir. Çobanlığı ata-babasından öyrənib. 43 illik ömrünün 21 ilini çobanlıq edir. 
 
- Atamız-babamız çoban olub, biz də onları görüb çoban olmuşuq. Uşaqlıqdan itə-pişiyə vurulmuşuq. Ay bu nə yaxşı itdi, ay bu qoyun nə yaxşıdı - filan. Uşaq vaxt yaxşı oxuyurdum. Qiymətlərim “5” idi. Sonra imkan olmadı, davam etdirə bilmədim, düşdüm çöllərə. 
 
- Atanızdan görüb çoban olmusunuz. Sizin övladınız da sizi görüb çoban olub?
 
- Oğlum bu il Neft Akademiyasına (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil oldu. Balaca olanda Xoşbulağa yanıma aparırdım. Dedim, oğul, mənim həyatıma bax və bu həyatı yaşama. Bunun üçün də oxumalısan. Qayıt evə, oxu. O da məni başa düşdü və oxudu. Öz biliyinə qəbul oldu. Maşallah, çox savadlıdır. Bəlkə gələcəkdə kimsə kömək edib, irəli çəkdi, nə bilmək olar... 
 
Dörd tərəfimiz dağlardır. Dağların yiyəsiz olmadığını deyir. Hamısının yiyəsi varmış. Ərazilər əvvəldən bölünüb. Kim harada istədi sürüsünü otara bilməz. Bəzi yerlərdə nişanələr belə qoyulmuşdu. Ta sovet dövründən belə olub. Müqavilə əsasında icarəyə verilir. Müqavilə bitdikdə yenilənir. Onlar hər yayı bir başqa yaylaqda keçirirlər. Bu il də bura düşüblər. Daşkəsənə. Göygöl rayonu ilə aralarında bir dərə var. 
 
Yaylağa mayın 18-dən köçüblər. Oktyabra qədər burda qalacaqlar. 
 
- Göygölün Hacıməlik kəndindən gəlmişik. Bura o qədər də yaxşı yaylaq deyil. 
 
Digər çoban - Niyazi etiraz edir:
 
- Lap da yaxşı yaylaqdır!
 
Aralarında kiçik mübahisə edirlər. Biri deyir, yaxşıdı, digəri deyir, pisdi. 
 
Mən: Niyə pisdir ki?
 
İlqar çoban izah etməyə başlayır: 
 
- Pisi budur ki, biri var, yaylaqda min qoyun saxlayasan, biri də var, 300. Bura min qoyunluq deyil. Qoyun acından qırılar, saxlamaz. 
 
Çoban Niyazi dillənir:
 
- Bizim üçün bura yaxşıdı. 300-500 qoyunumuz var. 
 
Çoban İlqar “Azərbaycanlılar qonaqpərvər xalqdır” - deyib, ayağa qalxır, sürüyə tərəf gedir. Əliylə quzuları yoxlayır. Bələdçimiz Elməddin çobanın niyyətini anlayıb, başlayır dilə tutmağa ki, ehtiyac yoxdur. Birtəhər onu fikrindən döndərib, yanımıza gətirir. 
 
300 qoyun, 249 quzu, 20 keçiyə 2 nəfər çobanlıq edir. Baş çoban İlqar və Niyazi. İki də köməkçiləri var. Amma onlar çox gəncdirlər. 
 
- Çobanın işi nədən ibarətdir? 
 
- Ağzında “qoyun” deyirsən, özbaşına otlayıb gəlməz axı. Meşə doludur canavar, çaqqal, tülkü ilə. İtdi də, isti vurdu, yatdı orda. Hər gün özümüz qoruyuruq. İtə əsasən gecələr ümidli oluruq. İt hürəndə qalxıb qabağına çıxırıq. 
 
500-dən çox qoyunu 6 it qoruyur: Tarzan, Aslan, Alabaş, Rus - onların diliylə Urus, Qırmızı Qızıl, Boz it. Ən güclüsü Tarzan olsa da, itlərin başçısı Qırmızı Qızıldır. Dişidir. O olmasa, sürünü canavar parçalayar. Gecə-gündür postdadır. Çoban İlqar deyir, gecə yaylağa quş da gələ bilməz, Tarzan dərhal parçalayar. Bu vaxt “Villis”in kölgəsində yatan Tarzan sanki tərifləndiyini başa düşürmüş kimi yatdığı yerdən başını qaldırıb, qulağını söhbətə şəkləyir.
 
Çobanlar bu il yaylağa gələndən bəri bircə dəfə canavarların hücumuna məruz qaldıqlarını xatırlayır. O da çox yüngül olub. İtlərin gücünü görüb, dərhal geri çəkiliblər. Sürüyə ziyan dəyməyib. Amma bu o demək deyil ki, daha olmayacaq. Üzü payıza doğru canavar hücumu daha çoxalır. 
 
***
 
Qəflətən Çoban İlqar hövllə ayağa qalxır: 
 
- Yox e, belə olmaz, ayıbdı vallah! Yaylağa gəlib ac getmək olar?
 
Bu dəfə onu fikrindən döndərə bilmirik. “Beş dəqiqəyə gəlirəm”, deyib sürüyə tərəf gedir. Xına rəngi quzu qoltuğunda geri dönür. 
 
- Əmlik quzudu. Bu dəqiqə bundan sizə bir kəbab çəkəcəyəm haaa!
 
Kəsir, dərsini soyur, doğrayır. Həvəslə girdiyi dəyədən başını bulaya-bulaya çıxır. Üzünü Niyaziyə tərəf tutub. 
 
- Bir dənə də şiş qalmayıb.
 
“Sən də qazanda bişir. Gərək kəbab ola?! Kəbab nədi e? Quru yeməkdir. Elə kəlapır yaxşıdı. Quzudan əla kəlapır çıxacaq. Əti pambıq kimidir”, - Niyazi onu sakitləşdirir. 
 
“Kəlapır elə hamısında yaxşıdır”, deyirəm. Cavabım çobanların ürəyindən olur və dərhal dəyədən qazan gətirib əti tökürlər içinə. Ocaq gec olacaq deyə balaca balon qazında yeməyi bişməyə qoyurlar. Çoban İlqar iki böyük soğan gətirib başlayır soymağa: “Bu saat sizə bir kəlapır bişirəcəyəm haaa...” 
 
***
 
Yaylaqda çobanlar gündüzlər çardağın altında, gecə dəyədə gecələyirlər. Çadırın ətrafında boş araq butulkaları gözə dəyir. Çoban gülümsəyib sakitcə izah edir: “Arada məclislərimiz olur. Yaylaqdı da...” 
 
Bulaq dəyədən bir az aralıdadır. Boş qabları götürüb, bulağa yollanırıq. Günorta saatları olsa da, hava sərindir. Yol boyu çoban İlqarla dərdləşirik. 
 
- Çobanın yaxşı gününü də yazın, pis gününü də. Gün olanda çobanın yaxşı günü olur. Elə ki, yağış, duman, çən oldumu, çoban yazıq başlayır ağlamağa. Dumandan qoyunu görmürsən. Yağışda islanmış vəziyyətdə axşam gəlirsən ki, yemək yoxdu. Özün özünə yemək bişir, çay qaynat, paltarını yu, qurut. Bu da çətin tərəfidir. Canavar da hər dəqiqə gələ bilər. O da çobanın itindən asılıdır. 
 
Geri dönəndə özü qabağa keçir. İtlərin hücumundan ehtiyat edir. Çardağa çatanda çoban Niyaziyə üz tutur: 
 
- A keçəl, hələ çay süzməmisən?
 
“Keçəl”i çoxbilmiş mənasında deyirlər. Yoxsa, keçəl deyil. Stəkanları az olduğu üçün üzrxahlıq edirlər. Dünən külək vurub çardağı aşırıb, stolun üstündə nə qədər stəkan varmış, sınıb. Bu yaxınlarda bazara gedəcəklərini deyirlər və araq stəkanlarında çay süzürlər. 
 
***
 
Kəlapır odda bişməyində olsun, biz çayımızı içib, qoyunları sağmağa gedirik. İnəkdən fərqli olaraq, qoyunları ayaqlarının arxasından sağırlar. Əvvəl hər iki əmcəyini ayrıca sağır, sonra yelini tutub sıxır. Süd qıjıltı ilə vedrəyə tökülür. Hər qoyundan 200-300 qram süd sağılır. 50 qoyundan bir vedrə süd. 
 
Niyazi əlində balaca radio yaxınlaşır.
 
- Bu oxumasa, qoyun qoymur sağmağa. Gərək bu oxuya, biz də sağaq. 
 
Gülürük. Qadın müğənni ürəklə oxuyur: “Son nəfəsdə bu torpağı, bu diyarı...” 
 
Mən: 
 
- Kimdi oxuyan?
 
- Elnarə xanımdır. Abdullayeva. Bəh-bəh-bəh, gör nə oxuyur!
 
Çobanlara qoşulub, qoyun sağmağa cəhd edirəm. Bəzi qoyunlar yaxınlaşmağa imkan vermir. Mənim sağa biləcəyim fəqir qoyun tapırlar. Qara gözlü tura qoyun. Arxadan astaca yaxınlaşıb, əmcəklərindən yapışıram, ehtiyatla sağmağa başlayıram. Bir... İki... Üç... alınır. 
 
Sağa bildiyimə arxayın olandan sonra ürəklə dillənirəm: 
 
- Kənardan çətin görünsə də, asanmış.
 
- Öyrənəcəksən. Biz anamızın qarnında öyrənməmişik ki...
 
***
 
Çoban Niyazi böyük dəmir bidonun ağzına süzgəc qoyub, yığılan südü ora tökür. Bir qədər keçəndən sonra içinə mağazadan alınmış hazır maya qatır. Bir saata yaxın uyuşması üçün gözləyirik. Uyuşmuş südü torbalara tökürük və suyu süzülsün deyə şiferin üstünə qoyuruq. Torbadan süzülən su axura yığılır. Yığılan suyu itlər yeyir. Bu gün isə itlər bayram edir. Quzu kəsilib deyə axura yaxın gəlmirlər. 
 
Axşama doğru torbadakı pendiri əlləri ilə yumrulayıb, bərkiməsi üçün sabaha qədər gözləyəcəklər. Səhər tezdən isə doğrayıb, motala dolduracaqlar. Motalın ağzı bir də qışda açılacaq. Dəyədə bir neçə hazır motal da var. 
 
***
 
Biz pendir tutana qədər çoban İlqar süfrəni hazırlamışdı. Qarnımızı doyurub, sürünü otarmağa qalxırıq. Quzular təpənin o tayında otlayır. Köməkçi çobanlardan biri quzuları qabağına qatıb, bizə tərəf gətirir. Bu tərəfdən də keçilər qoyunları arxasına salıb, quzulara tərəf aparır. Qoyunlar bir mələşirlər, gəl görəsən. Səsləri aləmi götürüb. Hərəsi öz balasını səsləyir. Uzaqdan anasının səsini eşidən quzu ona tərəf qaçır və 300 qoyunun arasından anasını tapıb, əmməyə başlayır. 
 
Maraqla baxdığımı görüb, çoban İlqar başlayır:
 
- Ən çətin həyat çoban həyatıdır. Bundan çətin həyat ağlınıza gətirməyin. Hər dəqiqə qoyununu qorumalısan. Yuxu tanımamalısan. Başımı qoyub yatıram. İtim hürəndə bilirəm ki, qoyunuma ya canavar gəlib, ya adam gəlib, ya da çaqqal. Deməli, durub itə nəsə kömək etməliyəm. Çobanlıq ən çətin sənətdir. Çobanlığa da alimlik lazımdır. Oxumaq lazım deyil, hərəkət edib öyrənmək, qoyunların dilini bilmək lazımdır. Ağrıyanda biləsən, xəstələnəndə biləsən. Görürəm qoyun yemir, içmir, bilirəm ki, xəstələnib, bu dərmanı vururam. Daim cibimdə gəzdirirəm...  
 
***
 
Onlar üçün gecə-gündüz fərqi yoxdur, 24 saat eyni keçir. Bir azdan sürünü otlağa çıxaracaqlar. Ta gün batana qədər. Sonra yenə yatağa qayıdacaqlar. Gecə olacaq, səhər açılacaq, gün çıxacaq, yağış yağacaq, qoyun xəstələnəcək, canavar hücum edəcək və bu, hər gün beləcə davam edəcək. Bu müddətdə də biz Bakıya qayıdıb, çoban həyatı haqqında bu yazını sizin üçün hazırlamış olacağıq.  
 
 

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>