Azərbaycan milli geyimləri olduğu kimi - BAKIDA UNİKAL SƏRGİ

Azərbaycan milli geyimlərini olduğu kimi görmək istəyənlər Milli Azərbaycan Tarixi Muzeyinə üz tuta bilərlər.
 
APA TV-nin məlumatına görə, ziyarətçilər tarixi mənbələr, o cümlədən Azərbaycan, Gürcüstan və İrandakı muzey materialları əsasında bərpa olunmuş Azərbaycan milli geyimləri ilə tanış ola bilərlər.
 
"Azərbaycan milli geyimləri olduğu kimi" sərgisində nümayiş olunan geyimlər sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyevanın uzun illər apardığı araşdırmaların nəticəsidir. Onun Azərbaycanda, eləcə də qonşu dövlətlərin muzey və kolleksiyalarda apardığı tədqiqat nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud olan milli geyimlərin standartları tərtib edilib. Sərgidə Təbriz, Ərdəbil, Dərbənd, Borçalı və başqa bölgələrə aid geyimlər ilk dəfə nümayiş olunur: “Bu araşdırma 1995-ci ildən başlanıb. Yeni olaraq Cənubi Azərbaycan geyimlərini təqdim edirik. Ora xüsusi ezamiyyə təşkil olundu. Həm muzeylərdə olan, həm də kolleksiyalardakı geyimlərlə tanış olduq. Həmçinin Qacar dövrünün rəsm əsərlərində olan geyimlərlə də tanış olduq”.
 
Sərginin təşkil olunmasında məqsəd, adından göründüyü kimi, həm də Azərbaycan milli geyimlərinin olduğu kimi təqdim olunmasıdır. Araşdırmaçı istər filmlərdə, istərsə də digər sahələrdə milli geyim standartlarına riayət olunmadığını deyir: “Geyimlərin həm biçim xüsusiyyətləri, həm rəng seçimi, həm mütənasiblik qanunları, həm tikiş texnologiyalarına görə hər xanlığın öz bədii-dekorativ xüsusiyyətləri var idi. Onlara fikir vermədən necə gəldi tikirlər. Bu, düzgün deyil. Bəzəyi çoxdursa, bu o demək deyil ki, Azərbaycan geyimidir. Məsələ daha rəngarəng, qızılı rənglərlə işləmələrdə deyil. Təəssüf ki, milli geyim tikənlər araşdırma aparmırlar. Biz bu sərgini ona görə təşkil etdik, standartlar kitabını ona görə hazırladıq ki, araşdırma aparmağa ehtiyac olmasın, ordan istifadə etsinlər”.
 
Tarix üzrə fəlsəfə doktoru Səbuhi Axundov araşdırma zamanı ortaya çıxan çətinliklərdən danışıb: “Bir çox materialların Azərbaycandan kənarda, üstəlik, pərakəndə halda olması, yəni Azərbaycanla bağlı fotoqraf, səyyahların materialları müxtəlif ölkələrin arxivlərində saxlanılır. Bu baxımdan çətinliklər oldu. Amma bir üstün məqam var ki, bu geyimlərin müasir materiallardan hazırlanması bizə bu sərgini səyyar sərgiyə çevirməyə imkan verir. Çünki bilirsiniz ki, tarixi eksponatları aparmaq çətindir - müəyyən temperatur rejimi, müəyyən şəraitə uyğun qorunub sərgilənməlidir. Zənnimcə, bu sərgini rayon muzeylərinə apara bilərik”.
 
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>