Şəmkirdə şair Taleh Həmidin 65 illik yubileyi qeyd olundu

Şəmkirdə Heydər Əliyev Mərkəzində şair, publisist, jurnalist, Azərbaycan Yazıçıları Birliyinin üzvü Taleh Həmidin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə rayon rəhbərliyi, Taleh Həmidin ailə üzvləri, yaxınları, qələm dostları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Taleh Həmidin yaradıcılığından bəhs edərək, onun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, şairin böyüyüb başa çatdığı Şəmkirin Dəllər Cəyir kəndində bir küçəyə Taleh Həmidin adı verilib.

 

Çıxış edən şairin qələm dostları, yazıçılar və şairlər vurğulayıb ki Taleh Həmidin şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb. Şairin ümumilikdə 11 kitabı çap olunub, məqalələri müxtəlif mətbu orqanlarda dərc edilib. Taleh Həmid Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, bir sıra mətbu orqanlarda rəhbər vəzifələrdə işləyib. Qeyd olunub ki, 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında “VI Uluslararası Çanaqqala şeir axşamları” festivalında Azərbaycan poeziyasını təmsil edib. Bir çox mükafatlarla təltif olunan şairin 2015-ci ildə “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik-psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

 

Tədbir şairin yaradıcılığına həsr edilən musiqili bədii-ədəbi hissə ilə davam etdirilib. Sonda rayon icra hakimiyyəti tərəfindən şairin ailə üzvlərinə xatirə hədiyyəsi təqdim olunub.

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>