Şəbnəm Tovuzlu iddialı danışdı: "Aygünün konsertindən yaxşı olacaq"

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) solo konsertinə hazırlaşır. Lent.az-a açıqlama verən ifaçı iddialı danışıb:

“Möhtəşəm konsertə tam sürətlə hazırlıqlar davam edir. Konserti Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsini çəkən - 8 nəfərdən ibarət operator komandası, ümumilikdə isə cəmi 13 nəfərdən ibarət çəkiliş qrupu lentə alacaq. Sırf konsert üçün klub janrında 25 yeni mahnı yazılıb. Məndən öncə o məkanda Aygün Kazımova konsert verib və mən əminliklə deyə bilərəm ki, Aygün xanımın konsertindən də üstün konsert olacaq. Aygün xanımın sənətinə, özünə hörmətim var. Amma bu konsert həm təşkilati, həm də yatırım baxımından bütün konsertləri vurub keçəcək”.



Özünə rəqib görməyən müğənni bunları da əlavə etdi: “Bu bir il və doqquz ayda - hamiləliyim və övladıma baxdığım müddətdə efirə çıxmadım, fürsətdən istifadə edib 1-2 at oynatmaq istəyənlər oldu. Amma yaradıcılığıma yenidən qayıtdığım 1 ayda görürəm ki, yavaş-yavaş yerlərinə çəkiliblər. Çəkilməlidirlər də! İddialıyam! Anlayıblar ki, başlarını soxası kol deyil. Yalandan gözə kül üfürməklə deyil e. 100 nəfərə 5 manatlıq bilet paylayıb qondarma konsert verməklə deyil. İş görən mənim kimi olar. Səviyyəli, bahalı konsert verəcəyəm. Mənimlə bir yaş nəslindən olan müğənnilərdən birinin hünəri varsa, çıxsın ortaya mənim kimi 30-40 min pul qoyub konsert təşkil eləsin! İnanın ki, artıq satışda bilet yoxdur. Bunu mən eləmirəm, məni sevənlər edir”.

Xatırladaq ki, Şəbnəm Əsədova 27 iyun "Atlant" istirahət mərkəzində "Sərin -Sərin" adlı konsert verəcək. Konsertin informasiya dəstəkçisi Lent.az-dır. 

 

LENT

23 İyun 2017

Digər xəbərlər >>>