3 dövlət başçısını qoruyan bakılı: “Qorxudan təyyarəyə minmək istəmirdi” –SƏBUHİ MƏMMƏDLİ YAZIR

 


Çox kiçik yaşlarında qardaşı Afanasiyə qoşulub, Bakıya gəlmişdi. Bir neçə gün Bakının tozlu-torpaqlı küçələrində gəzdikdən sonra Afanasi özünə iş tapmışdı bu şəhərdə. Onu isə məktəbə qoymuşdular. 14 yaşında orta məktəbi bitirdikdən sonra qardaşı onu elə öz işlədiyi zavoda fəhlə düzəltmişdi. Beləcə, Bakıya bağlanmışdı hər iki qardaş; Afanasi və haqqında söhbət edəcəyimiz Nikolay Tixonenko qardaşları.


 

Müharibə başlayanda Afanasi artıq neft mədənlərində işləyirdi. Necə deyərlər, onun bronu vardı. Çünki sovet hökumətinə neft lazım idi. Neftçilər isə həmin vaxt az qala toxunulmaz hesab edilirdilər. Amma Nikolay cəbhəyə yollanacaqdı 18 yaşı bitən kimi. Və nəinki yollanacaq, hətta elə tarixi hadisələrə şahidlik edəcəkdi ki, bəzi sirlərini özüylə o dünyaya aparacaqdı...

 

***

 

Hə, əslində apardı. Bu gün, iyunun 19-da zamanında Stalini, hə, məhz Stalini qorumuş bu bakılı balası Bakıdan uzaqda, Saratov vilayətinin Engels şəhərində vəfat etdi. O şəhərə isə bir neçə il əvvəl köçmüşdü, elə Bakıdan. Ömrünün böyük hissəsini Bakıda yaşamış, özünü həmişə bakılı hesab etmişdi.

 

Biz onun Stalini harada və necə qorumasına qayıdacağıq. Bəlkə də indiyədək heç kimin bilmədiklərini də elə bu yazıdan biləcəksiniz.

 

***

 

18 yaşlı Nikolayı müharibəyə aparılar. 1942-ci ilin sentyabrında. Nikolay ön cəbhədə xidmət etmir. O, Saratovda, NKVD-nin əlahiddə hərbi hissəsində xidmətə başlayır. Bu hərbi hissə Saratov-Stalinqrad dəmiryolunu qorumalı, nəqliyyatın Volqa çayına çıxışını təmin etməliydi. Almanlar əslində bu yolu çoxdan kəsmək istəyirdilər. Amma sovet əsgərlərinin böyük şücaəti və fədakarlığı nəticəsində onlar buna nail ola bilməmişdilər. Həmin vaxt 18 yaşlı Nikolay snayper kursunu başa vurmuşdu. Sonradan özü xatırlayacaqdı ki, 2 gün ərzində 11 faşisti o dünyaya göndərmişdi. Komandanlıq isə onu “Döyüş xidmətlərinə görə” medalıyla təltif etmişdi. Ümumilikdə isə Nikolayın daxil olduğu vzvod 1943-cü ilin 13-27 sentyabr aralığında 1210 düşmən əsgərini məhv etmişdi.

 

Elə həmin ilin 30 sentyabrında Nikolay Tixonenkonu yüksək rutbəli NKVD zabitlərinin yanına aparırlar. O, daha bir neçə snayperlə təcili qatarla Moskvaya gətirilir. Snayperlərə bildirilir ki, xüsusi tapşırıqla Bakıya gedəcəksiz. Nikolay sevinir. Qardaşı Afanasiylə görüşəcək, doğma şəhərinin doğma küçələrini gəzəcəkdi. Və ən əsası, sevdiyi qızı, Dilarəni görəcəkdi…

 

***

 

...7 oktyabr, 1943-cü il. Həmin gün səhər tezdən Moskva ətrafındakı Mıtişi stansiyasından hərəkəti olduqca məxfi saxlanılan qatar Azərbaycana doğru yol alır. 6 gündən sonra isə həmin qatar İranla sərhədə, Astaraya gəlib çıxır. Və oradaca gözləməyə başlayır. Bu qatarda sovet kəşfiyyatçıları yer almışdılar. Onlar Rəhbəri gözləyirdilər...

 

Elə həmin ilin noyabrında Moskvadan daha bir məxfi qatar Bakıya doğru hərəkətə başlayır. Şərti nömrəsi 501 olan bu qatarda Stalin yer almışdı. Onun hara getdiyini isə sovet rəhbərliyindən 5-6 nəfər bilirdi. Moskva-Stalinqrad-Bakı istiqamətində hərəkət edən bu qatar sovet Azərbaycanının paytaxtından 80 km aralıda Giləzi stansiyasında dayanır. Həmin qatarda Stalindən başqa Molotov, Voroşilov, Ştemenko, habelə başqa yüksək rütbəli generallar da vardı. Rəhbər və maraqlıdır ki, bir də Beriya üçün zirehli vaqonlar ayrılmışdı. Giləzidə Stalini Bağırov qarşılamışdı. Onu zirehli maşında Bakıya gətirmişdi. Stalinin niyə məhz Giləzidə dayandığı və birbaşa Bakıya gəlmədiyinin sirrini isə ondan başqa heç kim bilmirdi.

 

Hə, bu sirr öz yerində. Bizim qəhrəmana keçək. Stalini qoruyurdu 19 yaşlı Nikolay Tixonenko. Əla göstəricilərə malik 200 snayperin arasından seçilmişdi.

 

Sonradan elə özü xatırlayacaqdı:

 

“Biz Bakıda çox qalmadıq. Tehrana getməliydik. (Sonradan məlum olacaqdı ki, məşhur Tehran konfransına – S.M) Stalin Tehrana təyyarəylə uçmalıydı. Amma qorxurdu. Ömründə heç vaxt təyyarəyə minməmişdi. Nəhayət, onu dilə tuta bildilər. Dedilər ki, Bakıdan Tehranacan onu qırıcı təyyarələr müşayiət edəcək. Birtəhər razı sala bildilər. Amma Stalin sovet təyyarələrinə də etibar etmirdi. Onu Tehrana aparmaq üçün Amerikanın “Duqlas S-47” təyyarəsini göndərdilər. Və Stalin ömründə ilk dəfə təyyarəyə mindi… Onu Amerikanın “12 P-40 Kitty Havk” qırıcısı müşayiət etdi”.

 

***

 

1943-cü ilin 28 noyabrında antihitler koalisiyası ölkələri liderlərinin – SSRİ rəhbəri İosif Stalinin, ABŞ prezidenti Franklin Ruzveltin və Britaniyanın baş naziri Uinston Çörçillin iştirakı ilə İranın paytaxtında işə başlayan konfransda Almaniyaya qarşı ikinci cəbhənin tezliklə açılması, faşist Almaniyasına qarşı birgə əməliyyat planı müzakirə olunacaqdı.

Konfransdan əvvəl məlum olur ki, alman kəşfiyyatı hər 3 liderə qarşı sui-qəsd planı hazırlayıb. Özü də alman kəşfiyyatının xaç atası Kaltenbruner tərəfindən. Belə ki, alman kəşfiyyatı dövlət başçılarının görüş yerini müəyyənləşdirərək, onlara qarşı sui-qəsd planı həyata keçirməliydi. Amma Britaniya və SSRİ əks-kəşfiyyatı bu plandan xəbər tutmuşdu.

 

Nikolay Tixonenkonun xatirələrindən:

 

“Bizə dedilər ki, Ruzvelt təhlükəsizlik tədbirləri ilə əlaqədar ABŞ səfirliyində yox, SSRİ səfirliyində qalır. Snayperçi olaraq gözümüzü qırpmağa saniyəmiz yox idi. Səfirliyi 3 qat mühasirəyə almışdıq. Mən Stalinin hərəkətini, tutduğu mövqeni bir an da gözdən qoymurdum. Bu yandan Ruzvelt də bizim səfirliyimizdə qaldığından işimiz 5 qat artmışdı. Hələ üstəlik, gizli direktiv də vardı, Çörçili mənim vzvodum, snayperlərim qoruyurdu. Həmin vaxt nəinki səfirlikdə, ətraf ərazilərdə belə telefonları kəsmişdilər. İran şahı Məhəmməd Rza Pəhləviyə göstəriş verilmişdi ki, dünya liderlərin hərəkət edəcəyi yerdə bütün küçələr və evlər boşaldılsın. O, məhz Stalinin qorxusundan özü camaatın köçürülməsinə rəhbərlik etmişdi”.


***

 

Tehran görüşü uğurla başa çatır. Heç bir əlahiddə hadisə baş vermir.

 

Nikolay sonradan xatırlayacaqdı:

 

“3 gün yuxusuz qaldım. Sonradan, üstündən 3-4 ay keçəndən sonra belə demək olar ki, hər gün Stalini yuxuda görürdüm”.

 

O ki qaldı Tehran konfransına, bəli, bu konfrans Almaniyaya qarşı açılacaq ikinci cəbhənin vaxtını müəyyənləşdirməli idi. Və müəyyən etdi də…

 

Və ən əsası, Nikolay başda olmaqla sovet snayperləri də öz işlərini ustalıqla gördülər…

 

***

 

…Müharibədən sonra Nikolay Azərbaycanda yaşamaqda davam edir. Evlənir, burada oğul-uşaq sahibi olur. 90-cı illərin sonunda isə Saratova, Engels şəhərinə köçür…

 

Bu gün isə elə həmin şəhərdə də vəfat etdi, 93 yaşında…

 

 

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>