Sizin link burada

Borc vermədiyi üçün qonşunu bıçaqlayan MƏHKƏMƏ QARŞISINDA

Pula görə məhəllədəki mağazanın sahibini bıçaqlamaqda təqsirləndirilən Azər Alxasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarından məlum olub ki, A.Alxasov əvvəllər də məhkum edilib. Belə ki, 2009-cu ildə hərbi xidmətdə olan zaman Qazax Rayon Məhkəməsi onun barəsində 300 manat cərimə qərarı çıxarıb. Məhkəmə baxışı iyulun 3-nə təyin edilib.

 

Qeyd edək ki, bu il fevralda Binəqədi rayonu, Biləcəri qəsəbəsində mağaza sahibi, 29 yaşlı Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Alxasov Azər Səadət oğlu saxlanılıb. A.Alxasov törətdiyi cinayət əməlini etiraf edib və bildirib ki, pulu olmadığından məhəllədə mağaza işlədən E.Məmmədovdan pul istəyib. Ancaq mağaza sahibi ona çoxlu borcu olduğundan pul verə bilməyəcəyini deyib. Bununla razılaşmayan A.Alxasov E.Məmmədova bir neçə bıçaq zərbəsi vurub və hadisə yerindən uzaqlaşıb. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>