Millət vəkili: “UNEC adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq”

UNEC-də növbəti “Açıq qapı” günü keçirilib.

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədi ilə hər həftənin şənbə günü keçirilən “Açıq qapı”da UNEC-in rektoru, professor Ədalət Muradovla yanaşı, millət vəkili Fazil Mustafa, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva da iştirak ediblər. 30-a yaxın müraciətin dinlənildiyi görüşdə UNEC-in rektoru məsələlərin operativ həlli ilə bağlı struktur bölmələrə tapşırıqlar verib.

 

F.Mustafa bildirib ki, ali təhsil müəssisəsində istər dərs, istər imtahan, istərsə də “Açıq qapı” günlərinin ictimaiyyət nümayəndələrinə açıq keçirilməsi dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir: “UNEC bu sahədə uğurla irəliləyir. Həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm də tələbə məmnuniyyətinin önə çəkilməsində UNEC-də mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik və bu, qürurvericidir. Əminəm ki, qısa müddətdə UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq”.
 

A.Nağıyev belə görüşlərin ali məktəblərdə şəffaflığın təmin edilməsi, tələbə rektor münasibətlərinin inkişafı, universitetin nüfuzunun artması baxımından mühüm amillərdən olduğunu bildirib: “UNEC İctimai Nəzarət Şurasının üzvü olaraq üçüncü imtahan sessiyasında iştirak edirəm. Müşahidələrim, təhlillərim onu deməyə əsas verir ki, UNEC-də hər semestr təhsilin səviyyəsi artır, imtahan suallarının keyfiyyəti isə yüksəlir”.

 

 

Qeyd edək ki, UNEC rektorunun “Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla, yay imtahan sessiyasının sonuna kimi davam edəcək.

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>